Şəfəqə Doğru » Manşet » “Toylar daha sərt şəkildə qadağan edilməlidir” - deputat

“Toylar daha sərt şəkildə qadağan edilməlidir” - deputat

“Toylar daha sərt şəkildə qadağan edilməlidir” - deputat
Dünyada COVID-19-a yoluxma hallarının sayında ardıcıl dördüncü həftədir artım qeydə alınır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreisus bu barədə danışarkən deyib ki, bu artım ÜST-nin altı regionundan beşində qeydə alınıb. Qebreisus ölüm halları ilə bağlı bədbin rəqəmlər də açıqlayıb. Belə ki, buna qədər 10 həftə azalan ölüm sayı son həftədə artıma keçib.

Azərbaycanda isə hazırda epidemioloji vəziyyət stabil olsa da, yaxın aylar üçün proqnozlar heç də ürəkaçan deyil. Belə ki, Daxili İşlər Nazirliyi Bakıda şadlıq saraylarında keçirilən toy mərasimləri zamanı karantin qaydalarına əməl edilməsinin vəziyyəti və aparılan yoxlamalar zamanı bir sıra qayda pozuntularını aşkara çıxıb. Nazirliyin məlumatında məlumatda bildirilir ki, iyul ayının 1-dən müəyyən qaydalara əməl olunmaqla toy şənliklərinin keçirilməsinə icazə verilsə də, aparılan yoxlamalar nəticəsində bəzi şadlıq saraylarında qeyd olunan qərardan irəli gələn tələblər pozulub. Toyların təşkili zamanı "icaze.e-gov.az” portalından qeydiyyatdan keçməməsi, icazə verilən saydan artıq qonağın iştirak etməsi, mərasimlərə qatılan bəzi şəxslərin vaksinasiya olunmalarını təsdiq edən müvafiq sənədin olmaması, eləcə də şənliklərin saat 24:00-dan sonra da davam etməsi müəyyən edilib. Belə halların qarşısının alınması məqsədilə Daxili İşlər Nazirliyinin əməkdaşları Dövlət Vergi Xidməti və Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə Bakıda, eləcə də respublikanın digər şəhər və rayonlarında fəaliyyət göstərən şadlıq saraylarında yoxlamalar aparıb. Son 3 gün ərzində paytaxtda yerləşən 300-ə yaxın şadlıq sarayında analoji yoxlamalar aparılıb. Nəticədə 12 şadlıq sarayında ("Gülüstan”, "Golden Baku”, "Billur”, "Kral”, "Aura”, "SS Hall”, «Ərzurum», «Neon Palace», «Kleopatra», «Sevən ürəklər», «Xan bağı», «Şuşa») xüsusi karantin rejimi qaydalarının pozulması halları müəyyən edildiyindən, hər bir fakt üzrə Cinayət Məcəlləsinin 139-1-ci maddəsilə cinayət işləri başlanılıb, təqsirkar şəxslər saxlanılıblar.

Dörd şadlıq sarayı və bir restoranda isə («Yeganə», «Amor», «İdeal», «Retro», «Səda») aşkar edilmiş qayda pozuntularına görə İXM-in 211-ci maddəsilə protokollar tərtib edilərək obyekt sahibləri barəsində inzibati həbs və ya cərimə tətbiq edilib.

Analoji tədbirlər ərazi polis orqanları tərəfindən müvafiq dövlət qurumları ilə birgə respublikanın bütün şəhər və rayonlarında da həyata keçirilib. Belə yoxlamalar nəticəsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə iki şadlıq sarayının sahibi barəsində cinayət işi başlanılıb, 12 obyekt sahibi şübhəli şəxs qismində saxlanılıb, 21 obyekt sahibi inzibati cərimə edilib, 10 fakt üzrə istintaq araşdırması aparılır, vaksinasiya olunmasını təsdiq edən müvafiq sənədi olmayan 423 nəfər isə şadlıq saraylarına buraxılmayıb.

Göründüyü kimi, bu gedişlə payızda virusla bağlı vəziyyət acınacaqlı hal ala bilər. Bir müddət əvvəl "Toy olsun” deyərək hər kəs hökumətdən yeni qərar gözləyirdi. İcazə verildikdə isə toylarda, eləcə də restoranlarda pandemiya qaydalarına əməl edilmədiyinin şahidi oluruq. Dünyanın bəzi ölkələri artıq karantin qaydalarına qayıtmağa məcbur oldular, bəs görəsən, Azərbaycanda da bu tətbiq edilməlidirmi? Xəstəlik artarsa, toylar dayandırıla bilərmi?

Mövzu ilə bağlı millət vəkili Fazil Mustafa "Yeni Müsavat”a danışıb: "Mən özüm də toylarda oldum, görürəm ki, insanlar həqiqətən də əməl etmək fikrində deyillər. Arxayınlaşıblar. Elə bil ki, hər şey yoluna düşüb. Hətta insanlar görüşəndə elə qucaqlaşırlar ki, sanki pandemiyanın bitdiyi elan edilib. Çox rahatlıqla hamı prosesi tamamlamış kimi görür. Ona görə də bizim kimi cəmiyyətlərə açığı bir çox şeyləri qadağasız etmək mümkün deyil. Biz də çox təkidlə deyirdik, toylara icazə verilsin. Amma insanların öz öhdəsinə buraxanda əməl etmədiyini görürük. Veclərinə də deyil ki, sahibkarı zərbə altına qoyurlar”.

Deputat hesab edir ki, toylar bundan sonra daha sərt şəkildə qadağan edilməlidir: "Çünki insanları öz öhdəsinə buraxdıqda, qaydalara əməl etmirlər. Sanki hər şey bitib, heç pandemiya da olmayıb. Adamlar var ki, pandemiyada toy keçirib. İndi fikirləşirlər ki, yenidən toy edək, çünki gedib pul salmışıq. Anlamırlar ki, təbii fəlakətlə üz-üzədirlər. Bəziləri də toyları təkrar bir də keçirirlər, yəni olmuş toyu bir də edirlər. Bu, bizim cəmiyyətin müəyyən dərəcədə çətin, ağır günlərdən sonra düşüncə dəyişikliyinə sahib olmadığını göstərir. Ona görə də çox guman ki, bu qadağaların müəyyən forması bu müddət başa çatandan sonra, xüsusilə də avqustun ortalarından başlayaraq tətbiq etmək lazımdır ki, sentyabr ayına təhlükə riski böyüməsin”.

F.Mustafa "Delta” ştammı təhlükəsi ilə bağlı yenidən qaydaların tətbiq olunmasını vacib sayır: "Sərt karantin rejiminə qayıtmaqdan başqa alternativ yol yoxdur. Çünki toy məsələsi göstərdi ki, insanların başqa bir fikri yoxdur. İnsanlar fikirləşir ki, necə edək ki, köhnə qaydalara qayıdaq. Buna da əməl etmirlər. Ona görə nəticə xoşagəlməz olacaq”.

Azərbaycan Tibb Universitetinin dosenti, infeksionist İlham Bayramov da mövzu ilə bağlı "Yeni Müsavat”a danışıb: "Təbii ki, yoluxma sayı çoxalarsa, karantin qaydaları da sərtləşdiriləcək. Amma nə etsən də, yoluxma sayına təsri etməyəcək. Elə xəstələrimiz var idi ki, evdən çölə çıxmırdılar. Amma yoluxmuşdular. Bunun qarşısını almaq mümkün deyil. Əgər yeni ştamm olacaqsa, yayılmasının qarşısını almaq mümkün deyil. Əvvəldən də hər hansı proqnozlar vermək mümkün deyil. Yalnız toylarda deyil, yoluxma olanda digər yerlərdən də yayılır. Yalnız toylarda artacaq demək də doğru deyil. Ona görə də sərt karantin rejiminin tətbiqinin tərəfdarı deyiləm. Əksinə qapanmalar insanların psikasını pozur. Fobiya yaranır, bir qisim insanda qorxudan da xəstəliklər yarana bilər. Yaxın ölkələrdə ”Delta" ştammı varsa, bizə də gəlib çıxması mümkündür. Bundan əvvəlki dalğada da birinci İranda yayılmışdı, ondan sonra bizə də, Gürcüstana da yayılmışdı. Hazırda uçuşlar da bərpa olub, təbii ki burada da yayılması labüddür. Bəlkə də artıq var...".

Bu arada Ümumdünya Səhiyyə Təşkilatının baş elmi əməkdaşı doktor Soumya Svaminathan bildirib ki, hazırda hazırlıq mərhələsində olan 105 peyvənd var. Onun sözlərinə görə, bunların bir çoxu artıq klinik sınaqlarının üçüncü mərhələsindədir.

Ekspertin qənaətincə, təkmilləşdirmə baxımdan yeni peyvəndlərin hazırlanması və sınaqdan keçirilməsi vacibdir: "Yeni dərmanlar hazırlamağa çalışan hər kəsi buna təşviq etməliyik”.