Şəfəqə Doğru » Manşet » "İnsanları qamçılıya-qamçılaya vərdiş etdirəcəklər ki, hamıya “çip” vurulsun..."

"İnsanları qamçılıya-qamçılaya vərdiş etdirəcəklər ki, hamıya “çip” vurulsun..."

"İnsanları qamçılıya-qamçılaya vərdiş etdirəcəklər ki, hamıya “çip” vurulsun..."

Sabiq təhsil naziri, professor Firudin Cəlilovla müsahibəni təqdim edirik:

- Firudin müəllim, COVID-19 pandemiyası artıq artıq iki ilə yaxındır ki, davam edir. Bu müddətdə virusun müxtəlif mutasiyalarının ortaya çıxması onun təbii deyil, süni şəkildə yaradıldığı və idarə olunduğu haqqında fikirləri gücləndirib. Sizin bu mövzuda fikirləriniz nədən ibarətdir?

- Virus ilk dəfə ortaya çıxanda mən vurğulamışdım ki, bu, təbii şəkildə yayılan xəstəlik deyil. Sözsüz ki, COVID-19 virusu laboratoriya "məhsulu”dur. Bu, xüsusi proqram və məqsədlərlə vaxtaşırı buraxılır. Məsələn, Belarus zamanında qapılarını bağladı və indi orada bu virusun fəallığı müşahidə edilmir. Həmçinin də Türkmənistanda. Amma hansı dövlətlərin qapısı açıq oldusa, virus orada yayıldı. Aydındır ki, virus qrip növünə aiddir və hava-damcı yolu ilə keçir. Yəni onun havadan yayılması problem deyil. İstənilən zaman onu çoxalda, istənilən an azalda bilirlər. Əlbəttə, bu proqramı kim hazırlayıb, məqsədi nədir, haradan idarə olunur, hər bir ölkədə onlara dəstək verən "kolon”lar kimdir kimi məsələlərlə tibb və ekologiya üzrə mütəxəssislər məşğul olmalıdır.

- Əgər bu süni prosesdirsə, onu hazırlayıb ortaya çıxaranların məqsədi nədir?

- Sözsüz ki, yer üzündə insan sayının azaldılması, milyonlarla insanın sıradan çıxarılması da var. Amma daha vacibi məncə, insanların idarə edilməsi ilə bağlıdır. Məsələn, qoyunları tövləyə salanda onları çubuqla qapının qarşısına qədər gətirirsən, bundan sonra qoyunlar sıraya düzülərək özü qapıdan içəri keçir. İnsanları da qamçılıya-qamçılaya vərdiş etdirəcəklər ki, hamıya "çip” vurulsun, daha dünyada insanların idarə olunmasına milyardlarla dollar xərclənməsin. Oturacaqlar kompüterin arxasında kimin mağazaya getməsini, kimin hansı işlə məşğul olduğunu düyməni vurub müşahidə edəcəklər. Kimlərsə tərəfindən dünya bu cür idarə olunmaq istəyir. Koronavirus da bir dalğadır və insanları bu mərhələlərə hazırlayır.

- Belə düşünürsünüzsə, o halda bunu kimlər ortaya çıxarıb?

- Əvvəla, dünyanı idarə edən qüvvələr var. Onlar gizli deyil, yuxarı-aşağı bəllidir. Onlar istədiklərini edə bilirlər, çünki əllərində milyardlarla pul kütləsi var. Pulla hər şeyi həll etmək olur.

Diqqət edin, bir mərhələdə dedilər ki, bunu Çin ortaya çıxararaq yayıb. ABŞ buna görə Çini ittiham etdi, daha sonra Pekin ABŞ-ı ittiham etdi. Əslində bunlar yayındırıcı manevrlərdir. ABŞ və Çin bu prosesdə oyuncaqlardır. Onların əli ilə bunu edirlər. Dünyanı idarə edənlər ayrı qüvvələrdir. Onlar əlbəttə, dövlət deyillər, amma dövlətləri idarə edirlər.

- Onların planına görə, nə qədər insan dünyada azalmalıdır?

- Mən bu barədə konkret bir söz deyə bilmərəm, çünki bu istiqamətdə proqnoz vermək çətindir. Ancaq daha dərin məsələlər var. Təxmini təsəvvür edin ki, bu gün dünyada neft problemi var, amma sabah qlobal dünyada neft deyil, su problemi ortaya çıxacaq. Su problemi daha dəhşətli olacaq. Afrika çöllərinə suyu haradan aparacaqlar? Mən hazırda Xızıdayam, amma üç aya yaxındır ki, su problemi var. Özü də hər tərəfdən dağlarla, meşələrlə əhatə olunan ərazidir. Demək istəyirəm ki, sabah dünyada ən ciddi məsələ su problemi olacaq. Bu problem öncəsi COVıD-19-un ortaya çıxarılması da təsadüfi sayılmamalıdır.

İkincisi, Yaxın Şərqdə baş verən müharibələrin əsas səbəbi də su ehtiyatları ilə əlaqəlidir. Yəni koronavirus yeni dünya düzəninin şəklinin dəyişməsi ilə paralel ortaya çıxıb. Bəzən deyirlər ki, koronavirus həm də hansısa dövlətlərin dağılmasına hesablanıb. Diqqət edin, Rusiyanın dağılmasını az qala hamı istəyir, elə virusu ortaya atan qüvvələr, ABŞ, Avropa və digərləri. Bunu istəmək ayrıdır, amma Rusiyanın dağılmasının baş tutmasını istəmirlər. Niyə? Bilirlər ki, Rusiya dağılsa onun yerində 10-15 dövlət meydana çıxacaq, deməli, yeni problemlər də olacaq. Yəni istək ayrıdır, məsələlərə real baxış tam fərqlidir.

- Koronavirus prosesi hansı ana qədər davam edəcək?

- Bunu bizim kimi məlumatsız insanlar deyə bilməz. Əlbəttə, koronavirusu hazırlayanlar, bu əməliyyatı həyata keçirənlər bunu daha dəqiq bilirlər. Bir ay əvvəl mənə sual etdilər ki, sentyabrda dərslər başlayacaqmı, dedim, yox. Halbuki qərar verilib və başlamalıdır. Amma qərar vermək ayrı, gerçəklik və reallıq tam ayrı məsələdir. Ehtimal edirəm ki, sentyabr ərazində yoluxma statistikasında artım qeydə alınacaq. Mümkün görünən odur ki, soyuqlar tədricən düşən kimi azalma müşahidə olunacaq.

- Virusu ortaya çıxarıb bu prosesi aparanlar istəklərinə nail olubmu?

- Biz bilməliyik ki, bu, mərhələli bir prosesdir. Bu mərhələ ilə yoxlama aparırlar. Müəyyən etmək istəyirlər ki, hansı istiqamətdə daha güclü işləmək lazımdır. Məncə, əslində bu, yoxlama prosesidir. Bir daha deyirəm ki, məqsəd dünyanı istədikləri kimi idarə etmək üçün hazırlamaqdır.

Teleqraf