Şəfəqə Doğru » Manşet » Dövlət Gömrük Komitəsində rəzalət - İki şəhid vermiş ailəni təhqir etdilər

Dövlət Gömrük Komitəsində rəzalət - İki şəhid vermiş ailəni təhqir etdilər

Dövlət Gömrük Komitəsində rəzalət - İki şəhid vermiş ailəni təhqir etdilər
Vətənin azadlığı və istiqlaliyyəti yolunda canını qurban verən , xalqın xoşbəxtliyi və rifahı naminə şəhid olan qəhrəman oğullarımıza, ölümləri ilə ölməzlik qazananlara, torpağa sevgisi ilə əfsanəyə dönənlərə qarşı Mərkəzi Gömrük Ekspertiza İdarəsinin rəis müavini Samir Qibləliyevin kin -küdurət, şəhid ailəsinə nifrət səbəbinin izahı yoxdur.

Vətəndaş Samir Novruzov 14.07.2021-ci il tarixində ölkəyə 2010-cu il tarixli 4 ədəd Nissan Tiida markalı avtomobil idxal etmişdir.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Mərkəzi Gömrük Ekspertiza İdarəsinin rəis müavini Samir Qibləliyev heç bir əsas gətirmədən və heç bir yoxlanış avadanlığından istifadə etmədən bu avtonəqliyyat vasitələrinin Avro 4 ekoloji standartına uyğun olmadığı mesajını vermiş, ölkəyə buraxılışını təmin etməmişdir.

Öncə digər vətəndaşlar , həmçinin Samir Novruzov tərəfindən ölkəyə eyni istehsal tarixli, həmin markalı yüzlərlə avtonəqliyyat vasitələri gətirilmiş, Mərkəzi Gömrük Ekspertiza İdarəsi tərəfindən Avro 4 ekoloji standartına uyğunluq texniki eyniləşdirmə şəhadətnaməsi verilərək, ölkəyə buraxılışı təmin olunmuşdur.Avtonəqliyyat vasitələrinin buraxılmaması səbəbi ilə şikayətçi Samir Qibləliyevin qəbuluna getmiş, Qibləliyevin şəhid ailəsinə qayğı və həssaslıqla yanaşacağını zənn edərək, Mərkəzi Gömrük Ekspertiza İdarəsinin növbətçi hissəsində xidmət aparan gömrük əməkdaşına şəhid ailəsi olduğunu təqdim edərək, Samir Qibləliyevin qəbuluna getmək istədiyini bildirmişdir.Rəis müavininə vətən uğrunda bir gündə iki qardaş şəhid vermiş vətəndaş barədə məruzə olunduqdan sonra , Qibləliyev görüşünə gələn şəxsin şəhid ailəsi olduğunu bilə-bilə 2 saat şəhid qardaşını qapı arxasında gözləməyə məhkum etmiş, məhkumluğun son dəqiqələrində isə şəxsini qibləgah zənn edən Qibləliyev şəhidin ailə üzvü ilə görüşməyi özünə rəva bilməmişdir.

"Mən 52 il oxumuşam, məndən cox biləcəksən”

Daha sonra həmin idarənin rəisi Təyyar İbrahimov Samir Qibləliyevin adaşı Samir Novruzovu qəbul etmiş, şikayətlərini dinlədikdən sonra Samir Qibləliyevi hüzuruna çağırmışdır..İdarənin rəisi Təyyar İbrahimov Samir Qibləliyevdən daha əvvəllər Nissan Tiida markalı, 2010-cu il istehsal tarixli avtonəqliyyat vasitələrinin Avro 4 ekoloji standartına uyğunluq texniki eyniləşdirmə şəhadətnaməsi verərək buraxılıb indi isə buraxılmaması səbəbini soruşduqda, rəis müavini heç bir tutarlı cavab verə bilməmiş, əməlinə əsassız cümlələrlə "haqq mənəm” donu geyindirmək üçün çabalasa da, haqq özü Qibləliyevdən üz çevirmişdir. Samir Qibləliyevə şikayətçi tərəfindən təqdim olunan xarici daşınma şirkətinin avtonəqliyyat vasitələrinə aid verdiyi Avro 4 sertifikatını və həmin avtonəqliyyat vasitələrinin Avro 4 ekoloji sinfinə aid olduğunu sübut edən internet veb-saytlarını saxta adlandırmış və həmin veb-saytları şikayətçinin şəxsi mənafeyi üçün yaratdığını iddia etmişdir. Şikayətçi Samir Novruzova "Mən 52 il oxumuşam, məndən cox biləcəksən”, söyləmişdir. Təhsili və vəzifəsi ilə öyünən Qibləliyev hegemonluğunu təhsili ilə əsaslandırmağa səy göstərmişdir.

Zərəçəkən Novruzov Respublikanın suverenliyi, vətənin azadlığı uğrunda bir gündə iki qardaş şəhid vermişdir. Lakin şəhid ailəsi kimi avtonəqliyyat vasitələrinin buraxılmasının xahişinə gəlməmiş,öz hüquqlarımın bərpası, haqqının tələbi üçün idarəyə üz tutmuşdu.

Sənin qardaşların mənə görə şəhid olmayıblar ki”

Vətəndaş Samir Novruzov haqqını tələb etməkdə olsun, Qibləliyev isə şəhid ailəsini təhqir etməkdə... "Sən pul qazanacaqsan deyə, mən texniki eyniləşdirmə şəhadətnaməsinə imza atmalıyam?

Dövlətimiz, Ali Baş Komandan İlham Əliyev şəhidə, şəhid ailəsinə, onların acılarına bu qədər incə və diqqətli yanaşmasına baxmayaraq, Qibləliyev kimilər şəhid ailəsinin heysiyyatına toxunmaqla təkcə şəhid ailəsini deyil, 2900 vətən oğlunu, qanları ilə vətən torpağını suvaran, Qibləliyevlərin rahat yaşaması üçün canlarından keçən cəmi şəhidlərin ruhunu təhqir etmişdir. Sənin qardaşların mənə görə şəhid olmayıblar ki”? cümləsi ilə türk soyundan, Oğuz qrupundan olduğuna şübhələr yaratmışdır.

Şəhid anasına biganəlik

Samir Novruzov Qibləliyevə bildirmişdir ki, avtomobilləri ölkəyə etibarnamə ilə gətirir, indi məcburdur evini satıb 70 yaşlı torpaq uğrunda iki şəhid vermiş, sinəsi övlad dağlı, yarası qaysaqlanmamış anasını küçələrdə qoysun. Dastanlarmızda tanrı ilə eyniləşdirilən, Türk oğlunun ən zəif nöqtəsi, ana kəliməsi də Qibləliyevin mərhəmət hissini oyatmamış, öz yazdığı qanunlarla işinə, süni maniə yaratmağa davam etmişdir.

Şəhid qardaşının maşınlarını gömrükdən kim keçirsə , qollarını qandallatdıracam

Mərkəzi Gömrük Komitəsinin rəis müavini Qibləliyevin şəhid ailəsinə hörmətsizliyi, vətəndaşa nifrəti o həddə çatmışdır ki, "Samir Novruzovun maşınlarını gömrükdən kim keçirsə, qollarını qandallatdıracam”söyləmişdir. Azadlığını əbədi sanan Qibləliyev unutmuşdur ki, məmur və ya sıravi vətəndaş olmasından asılı olmayaraq dövlətimizin qanunları hamı üçün yazılıb.

"Hara istəsən get şikayət et”

İki qəhrəman qardaşı, vətəndaş Samir Novruzov müvafiq icra orqanlarına şikayət edəcəyini bildirdikdə, Qibləliyev "hara istəsən get şikayət et” demişdir. Hadisə ilə bağlı Samir Novruzovun Dövlət Gömrük Komitəsinə yazılı surətdə şikayət etməsinə baxmayaraq, Novruzovun iddiasına görə, şikayətinə "Nurgün Motors” şirkəti tərəfindən verilən yazılı məktubun cavabını Novruzova göstərmədən, məktubun mətnini saxtalaşdırıb, Samir Novruzovun keçirmək istədiyi nəqliyyat vasitələrinin Avro 4 ekoloji standartına uyğun olmadığı cavabını vermişlər.Azərbaycan Respublikası Cinayət Məcəlləsi, maddə 313-Vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi cinayətdir. Novruzovun iddialarına əsaslansaq, Qibləliyev cinayət məsuliyyətinə cəlb olunması qaçılmazdır.

Dövlət Gömrük Komitəsi tərəfindən Samir Qibləliyevin əməlləri hər bir avtonəqliyyat vasitəsinə görə dövlət büdcəsinə köçürüləcək rüsumlara süni maneə yaratması,vəzifə səlahiyyətlərini aşması,şəhid ailəsinin şərəf və ləyaqətinin alçaltması ilə bağlı heç bir tədbir görülməmişdir

Avtonəqliyyat vasitələrinin buraxılmaması ilə bağlı Samir bəy məhkəmə orqanlarına, Bakı şəhər Baş Prokurorluğuna müraciət etmişdir.

"Heç bir dövlət məmuru toxunulmaz deyil”

Azərbaycan Respublikasının Prezidenti cənab Ali Baş Komandan İlham Əliyevin "Heç bir dövlət məmuru toxunulmaz deyil” sözlərini Samir Qibləliyevə xatırlatmaq lazımdır.

Redaksiyamızın əməkdaşı qarşı tərəfin mövqeyini öyrənməyə cəhd etsə də, Samir Qibləliyev suallardan yayınaraq, telefonu bağlayıb.
Cia.az