Şəfəqə Doğru » Manşet » Baş pediatır uşaqlar arasında virusdan danışdı.

Baş pediatır uşaqlar arasında virusdan danışdı.

Baş pediatır uşaqlar arasında virusdan danışdı.
"Pandemiya dövründə əsasən qapalı həyat tərzi keçirdiyimiz üçün yumşalmalara gedəndə virusların artacağını gözləyirdik".

Bunu "Report"a açıqlamasında Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti (baş pediatr) Erkin Rəhimov deyib.

Onun sözlərinə görə, Azərbaycanda mövsümlə əlaqədar respirator virus xəstəlikləri artmağa başlayıb: "Məktəblər və bağçaların açılmasının da virusların geniş yayılmasına müəyyən təsiri olub. Valideynlər övladlarını mövsümi qripdən peyvəndlənmə ilə qoruya bilərlər. 6 aydan böyük olan uşaqlara qripə qarşı peyvənd vurmaq mümkündür. Peyvənd ilk dəfə vurulursa, iki doza bir ay ara ilə vurulmalıdır. Əgər keçən il vurulubsa, sadəcə bir doza kifayətdir. Əlavə olaraq şəxsi gigiyenə qaydalarına əməl etmək və xəstəliyə yoluxan şəxslərlə təmasdan çəkinmək lazımdır. Evdə xəstə adamlar varsa, mütləq maskadan istifadə edilməlidir".

Pediatr-reanimatoloq Qoşqar İsmayılov isə "Report"a açıqlamasında bildirib ki, son günlər, xüsusən, məktəblilər arasında mövsümi qripə yoluxma ilə bağlı daxil olan müraciətlərin sayı çoxalıb.

Onun sözlərinə görə, xəstəliyin əsas əlamətləri hərarət, burunaxma və öskürəkdir: "Hər il mövsümlə əlaqədar bu qrip baş qaldırır. Bunun koronavirusla əlaqəsi yoxdur. Sadəcə məktəblər və bağçalar də açıldığına görə bu qripə yoluxma sayı artır. Ona görə də, valideynlər xəstələnmiş uşaqlarını müalicədən sonra, yəni tamamilə sağalandan sonra təhsil müəssisəsinə göndərməlidirlər. Çünki nəzərə almaq lazımdır ki, immuniteti zəif olan uşaqlar xəstəliyə daha tez yoluxur".

Q.İsmayılov tövsiyə edərək bildirib ki, immuniteti yüksək saxlamaq üçün vitaminli qidalara üstünlük vermək lazımdır: "Çünki xəstəliklə mübarizədə qidalanmanın böyük əhəmiyyəti var. Əslində, immun sisteminin yüksəkliyi genetik amillərdən də asılıdır. İdman, stress və yuxu faktorlarına da nəzarət etmək lazımdır. Məktəblər təzə açıldığına görə, ola bilər ki, uşaqlarda yuxu rejimi pozulsun. İmmunitet sistemi üçün vacib amil olan yuxu rejimini yaradarkən əvvəlcə bir gündə lazım olan yuxu vaxtını təyin etməlidirlər".