Şəfəqə Doğru » Manşet » BU FAKTDIR: İşsizlərin sayı sənəddəkindən daha çoxdur... - Yeni konsepsiya işsizlərə iş verəcək?

BU FAKTDIR: İşsizlərin sayı sənəddəkindən daha çoxdur... - Yeni konsepsiya işsizlərə iş verəcək?

BU FAKTDIR: İşsizlərin sayı sənəddəkindən daha çoxdur... - Yeni konsepsiya işsizlərə iş verəcək?
"Azərbaycanda işsiz şəxslərin işlə təmin olunması üçün yeni konsepsiya hazırlanıb”.

Bunu Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli deyib. Onun sözlərinə görə, işsiz şəxslərlə fərqli formatda işləməyə başlanılacaq:

"Misal olaraq, bu günə qədər vətəndaş gəlib deyirdi ki, mənə hansısa məşğulluq aləti tətbiq edin. Yeni konsepsiyaya əsasən, vətəndaş müraciət edərək sadəcə işsiz olduğunu bəyan edir. Bundan sonrakı prosesləri isə biz izləyəcəyik. Biz həmin vətəndaşın məşğulluq imkanlarını qiymətləndirib və işlə təminatını fərdi məşğulluq proqramına əsasən aparacağıq.
Bununla da həm dövlət alətlərinin səmərəliliyini müəyyən edəcəyik, həm də məşğulluq alətinin vətəndaşa ən uyğun olanını qabağa çəkirik. İnanırıq ki, yeni konsepsiyada peşəyönümlü məsləhət xidməti ön plana çəkiləcək”.

Qurum yetkilisi həmçinin qeyd edib ki, keçən il Azərbaycanda 110 min şəxs işlə təmin olunub. Onun sözlərinə görə, bu ilin 9 ayı ərzində 70 minə yaxın şəxs işlə təmin edilib: "İşsizlər bu gün əmək bazarının tələblərinə uyğun olmalıdır”.

Maraqlıdır ki, qeyd edilənlərin əksinə, ötən il pandemiya ilə bağlı işsizliklə bağlı problemin daha artdığı müşahidə edilmişdi. Yeni konsepsiya işsizliyin aradan qaldırılmasında hansı rolu olacaq?

İqtisadçı-ekspert Ruslan Atakişiyev "Cümhuriyət” qəzetinə bildirib ki, işsiz şəxs müraciət edərək çalışmaq istədiyi işi bildirəndə, çox vaxt bu, onların bacarıqları ilə uyğunsuzluq təşkil edir:

"Ona görə də onların bacarıqlarının ekspertlər tərəfindən öyrənilməsi, müəyyənləşdirilməsi çox mühümdür. Bu baxımdan hesab edirik ki, gələcəkdə işsizə kənardan məsləhət verilməsi onun bacarıq və qabiliyyətinin aşkar olunması ilə nəticələnə bilər. Xaricdə işsiz insanları müasir peşələrlə bağlı müxtəlif treninqlərə cəlb edirlər. Onlar da yenidən CV göndərirlər. Xaricdə belə bir praktika yoxdur, yəni özəl müəssisələri həmin şəxsi işə götürməsinə məcbur etmirlər. Yaxud kvota qoymurlar ki, məşğulluqla bağlı qurumun göndərdiyi bu sayda işçini işə götürməlisiniz. Xaricdə əgər bir müəssisə işləyirsə, vergi və sosial müavinətləri ödəyirsə, dövlət onun üzərinə başqa heç bir məsuliyyət qoymur”.

Ekspertin sözlərinə görə, problem ondan ibarətdir ki, işsiz şəxs "mən bunu bacarıram” desə də, məşğulluq idarələri bazarda ehtiyac olan sahələri göstərir:

"Son qərarı isə şirkət özü verəcək. Şirkətə də peşəkar işçi lazımdır. İşsizlik bazar iqtisadiyyatında xroniki bir amildir. Amerika, Almaniya kimi inkişaf etmiş ölkələrdə işsizlik 6 faizdir. Əgər bu gün Almaniyada əmək qabiliyyəti olan insanların sayını 20 milyon nəfər götürsək, onun 6 faizi, orta hesabla 1 milyon 200 min nəfəri işsiz deməkdir. Almaniya kimi ölkədə 1 milyondan artıq işsiz var. Ölkəmizə gəldikdə işsizliklə bağlı rəqəmlər reallığı əks etdirmir, ondan daha çoxdur. Əgər bir ölkədə pandemiya dövründə 190 manat almaq istəyən işsizlərin sayı 600 min idisə, demək ki, bu, daha real rəqəmə oxşayır. Bizdə ona görə real rəqəm yoxdur ki, məşğulluq idarəsi yalnız onlara rəsmi müraciət edənləri işsiz kimi qeydə alır. Ancaq bir çox işsiz adam var ki, məşğulluq idarəsinə müraciət etmir”.

Ekspertin fikrincə, konsepsiya özü müəyyən dərəcədə biznes institutlarına peşəkar, işqabiliyyətli insanları təqdim etməyə yönəlib ki, heç olmasa sabah özəl sektorda ehtiyac olsun:

"Özəl sektoru hansısa işçini götürməyə məcbur etməyin heç bir mənası yoxdur. Həmin müəssisə də dövlətin təzyiqi ilə bacarığı olmayan işçini götürəcək, istədiyi nəticəni əldə edə bilmədikdə məhsulun maya dəyərini bahalaşdıracaq. Peşəkər olmayan işçi işə gedəndə faydalılıq aşağı düşür, məcbur olur ki, həmin az məhsulu baha qiymətə satsın. Məşğulluğa hər faktor təsir edir, ona görə də hərtərəfli fikirləşmək lazımdır. İlk növbədə də peşəkar olmaq lazımdır”.