"Milli Məclis "Lombardlar haqqında" qanun layihəsini növbəti ildə qəbul edəcək”.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib. Onun sözlərinə görə, "Lombardlar haqqında" Qanun layihəsi Milli Məclisin iş planında olsa da, bu ilin sonuna qədər bu sənəd üzərində işləyib yekunlaşdıra bilmədik:
"Qanun layihəsində insanların üzləşdikləri bir sıra xoşagəlməz məqamların aradan qaldırılması nəzərdə tutulur. Bildiyiniz kimi, lombardda insanların ən çox şikayət etdiyi məsələlərdən biri girovların saxlanması və sonra qaytarılması zamanı insanları müəyyən dərəcədə incidilməsi və şikayətlərlə bağlıdır”.
O bildirib ki, qanunun əsas tənzimləyici məsələsindən biri budur ki, girov qoyulan qiymətli əşyaların təhlükəsiz formada saxlanılması və daha sonra onların geri alınması ilə bağlı insanların bürokratik əngəllərlə və gecikmə ilə rastlaşmamasıdır. T. Mirkişili qeyd edib ki, bununla yanaşı, lombardların qeydiyyat sisteminin yaradılması da nəzərdə tutulur, bu da rəsmi fəaliyyətdə olanlar barədə məlumat toplamağa imkan yaradacaq:
"Bu, elə bir sahədir ki, burada ciddi tənzimləmənin əleyhinəyik. Çünki lombardlar kifayət qədər iqtisadi və eyni zamanda, maliyyə təhlükəsizliyinə o qədər də ciddi təsir etməyən bir sahədir. Bizim əsas məqsədimiz burada sadəcə vətəndaşları qorumaqdır”.
Qeyd edək ki, ölkədə uzun müddətdir lombardlar fəaliyyət göstərsə də, bəzən onları qeyri-qanuni fəaliyyət sahəsi də hesab edirlər. Eyni zamanda, "Lombardlar haqqında” Qanun artıq 3 ildən artıqdır ki, müzakirə edilsə də bu, qəbulu cari ildə də reallaşmadı və növbəti ilə qaldı. Bəzi ekspertlər lombardların fəaliyyətində qanunsuzluqların çox olduğunu və "Lombardlar haqqında” Qanunun bu sahəni tənzimləməsi üçün vacib olduğunu bildirsə də, bu sahənin əhali üçün banklardan daha əlçatan olduğunu deyənlər də var.
Ümumiyyətlə, lombardların fəaliyyətinə ehtiyac varmı və bu sahədə yeni qanun layihəsi ilə lombardların fəaliyyətində hansısa dəyişiklik müşahidə olunacaqmı?
Shafaqadogru.com xəbər verir ki, iqtisadçı-ekspert Ruslan Atakişiyev "Cümhuriyət” qəzetinə bildirib ki, əslində lombardların təqdim etdikləri faiz dərəcələri ilə bağlı əksər hallarda müşahidələr iri bizneslə məşğul olanların onlardan pul almadığını göstərir:
"Kiçik bizneslə bağlı məcburiyyət qarşısında qalan qeyri-rəsmi çalışanlar onlardan pul alırlar ki, bu da çox vaxt effektsiz olur. Əslində onların fəaliyyəti cəmiyyətdə sosial vəziyyəti gərgin olan bir insanın vəziyyətinin daha da pisləşməsinə gətirib çıxarır. O cümlədən, əgər həmin şəxs sahibkardırsa, düşünür ki, pul qazana bilər, ancaq iqtisadi baxımdan rentabelli deyil. Bu baxımdan onlar sadəcə digər mənbələrdən pul almaqda çətinlik çəkənlərin yönəldiyi və çox ağır şərtlərlə vəsait götürdükləri bir məntəqədir. Əslində bu, cəmiyyət üçün həm mənfi təsir göstərən sosial amilə çevrilir, həm də iqtisadi baxımdan hansısa vəsaiti götürəndə əhəmiyyəti aşağı olur”.
Ekspert deyir ki, fərdi şəxslər həmin sahəyə yönəlsə də, ancaq çox ağır şərtlərlə vəsait götürür və vəziyyəti daha da çətinləşir:
"Banklarda vəsaiti aşağı faizlə götürürlər, ancaq lombardlarda faiz yuxarıdır. Lombarddan vəsait götürdükdən sonra elə faiz dərəcəsi olur ki, onu ödəmək imkanı olmur, qızıl onlara qalır. Ümumiyyətlə, onların fəaliyyətinin genişlənməsini uyğun hesab etmirəm”.