Şəfəqə Doğru » Manşet » 2022-ci ildə Azərbaycan iqtisadiyyatını nə gözləyir? - Yüksək inflyasiya riski qalacaq

2022-ci ildə Azərbaycan iqtisadiyyatını nə gözləyir? - Yüksək inflyasiya riski qalacaq

2022-ci ildə Azərbaycan iqtisadiyyatını nə gözləyir? - Yüksək inflyasiya riski qalacaq
Azərbaycanda 2022-ci ildə də yüksək inflyasiya riski qalacaq. Yüksək inflyasiya riskini yaradan amillər isə xarici bazarlarda əmtəələrin bahalaşmasının davam etməsi, beynəlxalq səviyyədə təchizat çətinliklərinin qalması və ölkəmizdə tələbin güclənməsi olacaq.
 
Shafaqadogru.com bildirir ki, gələn ilin birinci yarısı ərzində beynəlxalq birjalarda və ya xarici bazarlarda məhsulların bahalaşması və ya ən azından qiymətlərin indiki səviyyədə qalması ehtimalı güclüdür. Bu ilin dekabrına aid olan məlumata əsasən son bir ildə əsas əmtəələr bahalaşıb. Bahalaşma bəzi məhsullarda 40-50 faizi ötüb, bir çox məhsulda isə 20-30 faiz səviyyəsində dəyişib.
 
Ehtimal edilir ki, əmtəələrdə qiymət artımı 2022-ci ilin aprel ayına kimi davam edəcək, daha sonra 2-3 ay sabitlik yaranacaq və ilin üçüncü rübündən qiymətlər enişə doğru meyil edəcək.
 
Xarici bazarlarda əmtəələrin qiymətinin daha bir neçə ay yüksəlməsi və ya artan qiymətlərin sabit məcrada qalması inflyasiya səviyyəsinin daha bir neçə ay yüksəlməsinə şərait yaradacaq.
 
 
Azərbaycan istehlak məhsullarının önəmli hissəsini idxal etdiyindən yüksək qiymətlər ölkəmizdə də bahalaşmanın davam etməsinə şərait yaradacaq.
 
Son bir ildə dünyada təchizat şəbəkəsində də qiymətlər artıb. Hazırda eyni miqdarda olan məhsulu bir il əvvəlki dövrlə   müqayisədə eyni məsafəyə 20-30 faiz, hətta 50 faiz baha çatdırılır. Ehtimallara görə təchizat sahəsində yaranan çətin vəziyyət 2022-ci ilin ikinci yarısına kimi qalacaq.
 
Sadalananlar yüksək inflyasiya riskini qoruyan xarici amillərdir.
 
Amma növbəti ildən daxili amillər də inflyasiyanın yüksəlməsinə kömək edəcək. Təbii ki, əsas daxili amil əhalinin gəlirlərinin artması olacaq. Prezidentin imzaladığı fərmanlarla və qəbul edilən qanunlarla minimum əməkhaqqı, minimum pensiya, müavinətlər, təqaüdlər və dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanların maaşı artırılıb. Artım 20 faiz səviyyəsindədir və bu, əhalinin xərclərində ciddi dəyişikliyə səbəb olacaq.
 
Əhalinin gəlirlərinin artması kredit xərclərinin də artımını stimullaşdıracaq. Banklar əhalinin rəsmi gəlirlərinin artmasını nəzərə alaraq daha böyük məbləğdə kreditlər ayıracaq ki, bu da tələbi gücləndirən əlavə amilə çevriləcək.  
 
Beləliklə, həm xarici faktorlar, həm də daxili amillər nəzərə alınarsa, 2022-ci ildə yüksək inflyasiya riski qalacaq və bu, əhalinin real gəlirlərindəki artımı çətinləşdirəcək.
 
Vasif