Fransanın avtomobil istehsalçısı "Renault" Moskvadakı zavodunun fəaliyyətini dayandırıb və o, "Avtovaz"dakı payla bağlı mövcud variantları qiymətləndirir.
Bu barədə şirkətin mətbuat xidməti tərəfindən məlumat yayılıb.
Avtomobil istehsalçısı qeyd edib ki, "Renault" artıq Rusiyaya qarşı beynəlxalq sanksiyalara riayət etmək üçün lazımi tədbirlər görür. Xüsusilə, sanksiyalar yüksək texnoloji avadanlıq və onların istehsalı üçün komponentlərin tədarükünə qadağa qoyulmasını nəzərdə tutur. Bu qərarlar fonunda "Renault" 2022-ci il üçün maliyyə proqnozuna yenidən baxaraq əməliyyat marjasını 4%-dən 3%-ə endirmək niyyətindədir.
Xatırladaq ki, şirkət 2005-ci ildən Moskvada istehsal müəssisəsinin sahibidir. Zavod "Renault Kaptur", "Duster", "Arkana" kimi modelləri istehsal edir. 2013-2019-cu illərdə obyektin inkişafına 18 milyard rubldan çox sərmayə qoyulub.
2021-ci il üzrə illik hesabata görə, "Renault" əməliyyat mənfəətini 3,6% artıraraq, 1,7 milyard avroya çatdırıb. Şirkətin ümumi dövriyyəsi 46,2 milyard avro təşkil edib. Bu arada, "Avtovaz"ın "Renault"un gəlirlərinə töhfəsi 2021-ci ildə 2020-ci illə müqayisədə 10,4% artaraq, 2,85 milyard avro təşkil edib.