Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağla bağlı etirafları İrəvanda etirazlara səbəb olub. Ötən gün paytaxt İrəvanda müxalifət tərəfdarları küçələrə çıxaraq, Paşinyanın tezliklə sülh sazişinin imzalanması və Qarabağın Azərbaycana məxsus olması barədə fikirlərinə etiraz ediblər.
Aksiya zamanı polislə etirazçılar arasında toqquşma baş verib. Belə ki, nümayişçilər İrəvanın mərkəzi küçələrindən birini bağlamağa cəhd ediblər. Bu zaman polis müdaxilə edərək bir neçə nəfəri saxlayıb.
Bundan əvvəl Nikol Paşinyan bildirib ki, beynəlxalq ictimaiyyət Ermənistandan "status"la bağlı tələblərini geri çəkməyi istəyir. Müxalifət baş nazirin bu sözlərini yerli hakimiyyətin Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımağa hazır olması kimi qiymətləndirib. Müxalif "Şərəfim var” parlament fraksiyasının rəhbəri, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyan müddətsiz etiraz aksiyası elan edib.
İrəvandakı etirazların pərdəarxasında kimlər və nələr dayanır?
Bu barədə Modern.az-a danışan politoloq Elxan Şahinoğlu bildirib ki, Ermənistanın radikal müxalifəti Paşinyanın Azərbaycanla razılaşmasının əleyhinədir. Onlar açıq-aşkar sülhə qarşı çıxdıqlarını gizlətmirlər.
"Onlar öz etirazlarını həm parlamentdə, həm də parlamentdənkənar bildirirlər. Müxtəlif qüvvələr Paşinyana qarşı birləşib. Həmin qüvvələr "Qarabağ klanı"nın simasında Ermənistan müxalifəti, Qarabağ separatçıları və erməni lobbisidir. Eyni zamanda Rusiyadakı hərbi, siyasi mərkəzlər də bu birliyin içindədir. Onların media resursları Paşinyanı hədəf seçirlər”.
Politoloqun sözlərinə görə, adları çəkilən qüvvələr Paşinyanı devirmək üçün çalışırlar:
"Paşinyan Azərbaycanla sülh sazişi imzalayarsa, bu addım bölgəyə sülh, barış, rifah və əməkdaşlıq gətirəcək. Bunu da həmin qüvvələr istəmirlər. Onlar həmişə antitürk, antiAzərbaycan mövqeyini davam etdirməkdə qərarlı görünürlər”.
E.Şahinoğlu 44 günlük Vətən müharibəsindən sonra Nikol Paşinyanın "ağıllandığını" vurğulayıb:
"Nikol Paşinyan düşünür ki, Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmadan Ermənistanı ağır durumdan çıxara bilməyəcək. Amma erməni müxalifətinin, separatçıların Ermənistanı xilas etmək istəyi yoxdur. Onlar düşmənçiliyi davam etdirmək istəyirlər. Ona görə də meydanlarda Paşinyana etiraz edirlər. Amma hələlik istəklərinə çata bilmirlər. Çünki Ermənistan cəmiyyəti onlara dəstək vermir”.
Politoloq hesab edir ki, Ermənistandakı aksiyalarda Rusiyanın izi aydın görünür:
"Burada dördüncü qüvvə Rusiyadakı siyasi və hərbi mərkəzlərdir. Onlar bu məsələni qızışdırır və Paşinyanın devrilməsini istəyir. Rusiyanın media resursları, o cümlədən, "Sputnik Ermənistan" informasiya resursu bütün gün Paşinyanın əleyhinə təbliğat aparır. Halbuki, bu resurslar Rusiyaya aiddir. Bütün bunlar proseslərin arxasındakı Rusiya faktorunu göstərir”.
Qeyd edək ki, baş nazir Nikol Paşinyan müharibədən sonra ilk dəfə Qarabağın Azərbaycana məxsus olduğunu etiraf edib. O, eyni zamanda Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazır olduğunu bildirib:
"Mən əvvəldən müharibədə və məğlubiyyətdə öz günahımı, məsuliyyətimi etiraf etmişəm. Amma müxalifətçilərin məni ittiham etdikləri iddiaları qəbul etmirəm. Mən torpaqlarımıza xəyanət etməmişəm. Mən 2018-ci və 2019-cu illərdə xalqa demədiyim üçün günahkaram ki, bizdən əvvəlkilər Qarabağ və ətrafındakı rayonların bu və ya digər konfiqurasiyada Azərbaycana təhvil verilməsini gözləyirdilər. Əslində beynəlxalq ictimaiyyət Qarabağı Azərbaycanın ərazi bütövlüyü kimi tanıyır. Hazırda Qarabağı tərk etmiş Azərbaycan əhalisinin tam şəkildə geri qayıtması gözlənilir. Mən əvvəlcə əraziləri təhvil verməklə minlərlə insanın həyatını xilas edə bilərdim. Lakin bunu etməkdən imtina edərək, minlərlə qurbanın günahkarı oldum. Buna görə xalqımdan üzr istəyirəm”.