"Rusiya rəhbərinin iştahı artır. Bir sıra Avropa ölkələri potensial qurban ola bilər. Prezident Vladimir Putin Ukraynaya qarşı müharibə ilə məhdudlaşmayacaq. O, digər ölkələri, o cümlədən NATO üzvlərini ələ keçirməyə cəhd edə bilər".
Shafaqadogru.com xəbər verir ki, bu barədə amerikalı diplomat Robert Pirson "The Hill”də dərc olunan məqaləsində bildirib.
Diplomatın sözlərinə görə, Putin Rusiya imperiyasının sərhədlərinə qayıtmağa çalışır:
"Bunun üçün o, bir sıra Avropa ölkələri üzərində nəzarətə nail olmalıdır. Putinin potensial qurbanlar siyahısına təkcə Estoniya, Latviya və Litva deyil, həm də Polşa, Slovakiya, Macarıstan, Bolqarıstan və Moldova daxildir.
Biz bilirik ki, Putin sağ qalsa, o, Rusiyanın Qərbdə hərbi mövcudluğunu mümkün qədər artırmaq üçün əlindən gələni edəcək. Minski Moskvaya daha çox tabe olmağa sövq edəcək və Rusiya qoşunlarının mövcudluğunu daimi edəcək. Eyni zamanda, Suriya və Qazaxıstan da bu siyahıya daxildir. O, Baltikyanı NATO, Polşa və Almaniya üçün qorxuducu silah kimi Kalininqraddan istifadə edəcək”, - diplomat bildirib.
Pirson, həmçinin qeyd edib ki, Putin Ukraynada dondurulmuş münaqişənin yaradılmasında maraqlıdır:
"NATO-nun əsas vəzifəsi Rusiyanın Ukraynaya qarşı müharibəsi başa çatdıqdan sonra Avropa üçün yeni təhlükəsizlik sistemi barədə qərar qəbul etməkdir. Rusiyaya qarşı sanksiyalar Putini qoşunlarını Ukraynadan çıxarmağa sövq etməsə, ABŞ və ya Alyansın qələbəsi olmayacaq. Belə olan halda Avropa və ABŞ başa düşməlidir ki, "müdafiədə oynamaq” kifayət deyil”.
Qeyd edək ki, bundan öncə Ukrayna Prezidenti Volodimir Zelenski Qərb dünyasına xəbərdarlıq edərək, Rusiyanın hücumlarının ölkəsilə kifayətlənməyəcəyini bildirmişdi.