Şəfəqə Doğru » Manşet » İki ölkə Zelenskiyə güzəşt təklif etdi – Consondan cavab gecikmədi

İki ölkə Zelenskiyə güzəşt təklif etdi – Consondan cavab gecikmədi

İki ölkə Zelenskiyə güzəşt təklif etdi – Consondan cavab gecikmədi

"Son geosiyasi proseslər Ukraynanın Avropa Birliyinə üzvlüyünü sürətləndirəcək. Bunun yaxın perspektivdə reallaşacağını düşünürəm. Ukrayna Prezidenti Vladimir Zelenski də xalqa son müraciətində bunu xüsusi olaraq vurğuladı”.

Shafaqadogru.com  xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspertin fikrincə, Fransa, Almaniya və İtaliya liderlərinin Kiyevdə Zelenski ilə danışıqlarında Ukraynanın AB-yə üzvlüyünə "yaşıl işıq” yandırılıb:

"Bundan başqa, hər üç ölkə Moskva ilə danışıqlarda və atəşkəsdə maraqlıdır. Onlar baxımından, bunun üçün Kiyev Moskvaya güzəştə getməlidir. Hesab edirəm ki, Gürcüstan və Moldovadan fərqli olaraq, Ukrayna Avropanın qapısında çox gözləməyəcək. Kiyevin birliyə üzvlüyü Moskvanı da narahat etmir. Çünki bu halda Kiyevin Moskvaya güzəşt etməli olduğunu düşünən Almaniya və Fransa Ukraynanı nəzarətdə saxlaya biləcək. Amma Şolz və Makronun gedişindən sonra Baş nazir Boris Consunun dərhal Kiyevə gəlməsi situasiyanı bir qədər də mürəkkəbləşdirir.

Onu da qeyd edim ki, Rusiya-Ukrayna müharibəsi fonunda Qərb cəbhəsində fikir ayrılıqları ortaya çıxıb. Böyük Britaniya Şərqi Avropada yeni bir güc mərkəzi yartamağı planlaşdırır. London Avropa Birliyinə alternativ kimi Ukrayna, Polşa və Baltikyanı ölkələri ilə birgə regional hərbi-siyasi blok qurmağı hədəfləyir. Bu, Londonun birlik qarşısındakı mövqeyini gücləndirməklə yanaşı, Almaniya və Fransanın Şərqi Avropadakı aktiv siyasətinin də qarşısını alacaq. Bir sözlə, Qərb koalisiyası daxilində anqlo-sakslarla germanlar arasında nüfuz savaşının qızışdığını deyə bilərik”.

Məhəmməd Əsədullazadə bildirib ki, Avropanın iki mərkəzə ayrılması, yaxud Berlin və Parisin qitədəki mövqelərinin zəiflədilməsi Londonun geosiyasi marafonda önə çıxmasına gətirib çıxara bilər:

"Fransa Prezidenti Mkaron və Almaniya Kansleri Şolzun ötən həftə Kiyevə tələsik səfərləri də təsadüfi deyildi. Hər iki dövlət Ukraynanı Britaniyanın moderatorluğu altında qurulan birlikdən uzaq tutmağa, belə desək, Avropa Birliynə yaxınlaşdırmağa çalışır. Bu, Rusiyanın da maraqlarına uyğundur.

Almaniya və Fransa Rusiya-Ukrayna danışıqlarının Minsk formatında aparılmasında maraqlıdır. Hər iki ölkə Britaniyanın Avropaya tam nəzarəti ələ keçirməsinin qarşısını almaq üçün bu formatda hazırkı status-kvo daxilində Rusiya və Ukrayna arasında atəşkəs müqaviləsinin bağlamasını nail olmağa çalışır. Yəni Ukraynanın Rusiyaya güzəştə getməsinə.

Təbii ki, kollektiv Qərb daxilində fikir ayrılıqları Putinin işinə yarayır. Amma Ukraynaya tam logistik dəstək verən ABŞ-ın mövqeyi burada həlledicidir. Vaşinqton da Kiyevin Paris və Berlindən uzaq durmasında və ya Londonla əlaqələrini dərinləşdirməsində maraqlıdır. Qənaətimə görə, Britaniya və ABŞ Avropada yeni "təhlükəsizlik çətiri” formalaşdıracaq və Rusiya Ukraynadan çıxarılacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu