Son vaxtlar xarici investitorların Azərbaycanı tərk etməsi halları sürətlənib. Azərbaycanda daha 3 xarici şirkət öz nümayəndəliyi bağlayıb. Bəs xarici investitorları Azərbaycana cəlb etmək və onların ölkədən gedişinin qarşısını almaq üçün nə etmək lazımdır?
Mövzu ilə bağlı Qaynarinfo.Az-a danışan iqtisadçı ekspert Qalib Toğrul bildirib ki, bu çox əhəmiyyətli məsələdir: "Prezident İlham Əliyev son çıxışlarında məsləyə toxundu və bildirdi ki, xarici investisiyanın Azərbaycana cəlbi ilə bağlı işlər görülməlidir. Ancaq çox təəssüf ki, bununla bağlı real addımlar atılmır. Azərbaycanın milli valyutası nə vaxta qədər sabit olmayacaq, nə vaxta qədər sağlam bank sistemi də olmayacaq, xarici investisiyalar da Azərbaycana gəlməyəcək".
Eksperin bildirib ki, xarici investisiyanın qorunması ilə bağlı qanunvericilidə dəyişikliklər olmalıdır: "Azərbaycanda xarici investisiyaların gəlişi ilə bağlı təminat verilməlidir. Dəyişkən gömrük sistemi olan ölkəyə xarici investisiya daxil ola bilməz. İlk növbədə münbit şərait yaradılmalıdır. Necə ki Azərbaycanda çalışan neft şirkətlərinə gömrük və vergi ilə bağlı təminatlar verilib, bu cür təminatlar bundan sonra Azərbaycana gələcək investitorlara verilməlidir. Əgər hər hansı bir ölkənin vergi dərəcəsində və gömrük rüsumlarında dəyişiklik, artım olursa, heç vaxt xarici investitorlar gəlib orda işləyə bilməz".
Milli Məclisin deputatı Vahid Əhmədov isə Qaynarinfo.Az-a açıqlamasında bildirib ki, xarici şirkətlərin Azərbaycanda nümayəndəliklərini bağlamasının səbəblərini bilmir: "Elə şirkətlər var ki, işlərini bitirib gedirlər. Eləsi də var ki, müəyyən problemləri var. Bunları araşdırmaq lazımdır. İşini qurtarıbsa, əlavə investisiya qoymaq istəmirsə, bağlayıb gedir. Müəyyən maneələr varsa, bunların aradan qaldırılması üçün addımlar atmaq lazımdır. Ümumilikdə bağlanma səbəbləri haqda konkret fikir söyləmək çətindir".
Qafqaz Rafiqoğlu