Şəfəqə Doğru » Manşet » SON DƏQİQƏ: ERMƏNİSTAN HƏRBİ TEXNİKASINI QARABAĞDAN ÇIXARDIR – VİDEO

SON DƏQİQƏ: ERMƏNİSTAN HƏRBİ TEXNİKASINI QARABAĞDAN ÇIXARDIR – VİDEO

SON DƏQİQƏ: ERMƏNİSTAN HƏRBİ TEXNİKASINI QARABAĞDAN ÇIXARDIR – VİDEO

Sosial medianın erməni seqmentində dünəndən Qarabağdan hərbi texnika karvanlarının çıxarılması ilə bağlı məllumatlar yayılıb. Bildirilir ki, Xankəndindəki erməni hərbi texnikası gecə vaxtı şəhərdən çıxarılır.

Qarabağ erməniləri hərbi texnika karvanının Xankəndindən Şuşa istiqamətində hərəkətini əks etdirən videolar paylaşıblar.

Bunla bağlı qondarma rejimin parlamentinin baş müşaviri Bella Lalayan da paylaşım edərək faktı təqdiqləyib: "Hələ 2020-ci ilin noyabrından artıq tam aydın idi ki, "Qarabağ ordusu” məhv ediləcək, silah və hərbi texnika Qarabağdan çıxarılacaq, ordu aciz və köməksiz vəziyyətə salınacaq. Bu, gedən hərbi texnika karvanı məni ürəyimdəkiləri deməyə məcbur edir: Qarabağı bu günə gətirənlərin başına od-alov düşsün. Fərqi yoxdur, istər fərd olsun, istər dövlət, istərsə də satqın məmur… Baxın müharibə zamanı Ermənistandan Qarabağa gətirilən bölmələr və hərbi texnika müharibədən sonra xəyanətkarcasına çıxarılır. Sual yaranır ki, indi hansı hərbi texnika çıxarılır? Bu "Qarabağ Silahlı Qüvvələri”nin müharibədən sonra qalan kiçik hərbi texnikasıdır, yoxsa Rusiya texnikası?.

Qeyd edək ki, bir neçə gün əvvəl yerli mediaya müsahibə verən Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistanın 44 günlük müharibə zamanı Qarabağa yerləşdirdiyi silahlı qüvvələrin çıxarılacağını bildirmişdi.

Onun sözlərinə görə, Ermənistandan çağırışçılar bundan sonra Qarabağa hərbi xidmətə göndərilməyəcəklər. 

Armen Qriqoryan bildirib ki, Qarabağdakı çağırışçıların "Müdafiə Ordusu”na hərbi xidmətə çağırılması davam edəcək:

"Atəşkəs rejiminin yaradılmasından və Rusiya Federasiyasının sülhməramlı kontingentinin bölgəyə yerləşməsindən sonra Ermənistan silahlı qüvvələrinin bölmələrinin çıxarılması tamamilə təbiidir”, – deyə, qeyd edib.

Təhlükəsizlik Şurasının katibi əlavə edib ki, geri çəkilmə prosesi başa çatmaq üzrədir və sentyabrda tam yekunlaşacaq.


Xatırladaq ki, Prezident İlham Əliyev bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədəki çıxışında bildirmişdi ki, İrəvana xəbərdarlıq edərək bildirmişdi ki, Ermənistan Azərbaycan ərazisindən silahlı birləşmələrini çıxarmaq istəmirsə, bunu açıq desin, işimizi bilək: "10 noyabr Bəyannaməsi faktiki olaraq Ermənistanın kapitulyasiya aktıdır və müharibədə məğlub edilmiş tərəf kimi Ermənistan öz üzərinə öhdəliklər götürüb. Bu öhdəliklər orada açıq-aydın göstərilir. Onlardan biri erməni silahlı qüvvələrinin Qarabağdan çıxarılmasıdır.Bu günə qədər bu məsələ öz həllini tapmayıb. Biz dəfələrlə məsələ qaldırmışdıq, ancaq Ermənistan bunu uzadır. Eyni zamanda, biz Rusiyanın hərbi rəhbərliyi qarşısında bu məsələni qaldırmışdıq və bir neçə ay bundan əvvəl Rusiyanın Müdafiə Nazirliyinin yüksəkvəzifəli şəxsi Azərbaycanda səfərdə olarkən bizim Müdafiə Nazirliyinə söz vermişdi ki, iyun ayına qədər erməni silahlı birləşmələri Qarabağdan çıxarılacaq. Ancaq bu gün artıq iyulun ortasıdır, bu məsələ öz həllini tapmayıb”.

"Ermənistan 10 noyabr Bəyannaməsinə zidd olaraq bu öhdəliyi yerinə yetirmir. Rusiya sülhməramlıları – Rusiya tərəfi də 10 noyabr Bəyannaməsini imzalayıb – necə deyərlər, onları buna məcbur etmir. Əlbəttə ki, bu, dözülməz vəziyyətdir. Çünki erməni silahlı birləşmələrinin Azərbaycan ərazisində qalması tamamilə qəbuledilməzdir. Biz qalib ölkəyik, biz öz ərazi bütövlüyümüzü bərpa etmişik.Əgər Ermənistan Azərbaycan ərazisindən öz silahlı birləşmələrini çıxarmaq istəmirsə, onda bizə bunu açıq desin, biz də işimizi bilək. Bizim cavabımız nə olacaq? Onu bəlkə də indi demək yersizdir. Ancaq bu, 10 noyabr Bəyannaməsinin kobudcasına pozulması deməkdir”, – dövlət başçısı bildirib.