Şəfəqə Doğru » Manşet » Tural Abbaslı da Milli Məclisdə gözlənilən müzakirələrə qatılmaq istəyir - AÇIQLAMA

Tural Abbaslı da Milli Məclisdə gözlənilən müzakirələrə qatılmaq istəyir - AÇIQLAMA

Tural Abbaslı da Milli Məclisdə gözlənilən müzakirələrə qatılmaq istəyir - AÇIQLAMA

Milli Məclisdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələri "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin hazırlanması üçün Milli Məclisin sədrinə müraciət ediblər. Müraciətdə ölkəmizin müasir inkişaf reallıqlarına və dövrün tələblərinə cavab verən yeni qanunun hazırlanmasının vacibliyi öz əksini tapıb. Parlamentdə təmsil olunmayan partiyalar isə yeni qanun layihəsi ilə bağlı öz təkliflərini irəli sürüblər. Ötən gün 10 siyasi partiya təkliflərini Milli Məclisə göndərib. Beləliklə, bu günə qədər Milli Məclisə təkliflərini ünvanlayan siyasi partiyaların sayı 39-a çatıb. Hazırda böyük ictimai əhəmiyyət kəsb edən bu yeni qanun layihəsinin hazırlanması üzərində iş davam edir. Qeyd edək ki, "Siyasi partiyalar" haqqında yeni qanun layihəsinin geniş müzakirəsi üçün Milli Məclisdə ictimai dinləmənin keçirilməsi nəzərdə tutulur.
Yeni qanun layihəsi ilə bağlı təkliflərlə çıxış edən siyasi partiyalardan biri də AĞ Partiyadır.
Dia.az-ın məlumatına görə, AĞ Partiya sədri Tural Abbaslı "Şərq"ə açıqlamasında bildirib ki, Milli Məclisdə təmsil olunan partiyalar parlament sədri Sahibə Qafarovaya müraciət edərək "Siyasi partiyalar" haqqında yeni qanunun qəbul olunmasını istəyiblər. Partiya rəhbərinin sözlərinə görə, parlamentdən kənarda olan siyasi partiyalar parlament sədrinə yeni qanunun qəbulu üçün deyil, öz təkliflərinin nəzərə alınması üçün müraciət ediblər: "Yeni layihədən gözləntilərimiz odur ki, qanun daha demokratik olsun və real şərtləri nəzərə alınsın. Əfsuslar olsun ki, yeni qanunun necə olacağını, gözləntilərə cavavb verib-verməyəcəyini indidən söyləmək çətindir. Yeni qanun çoxpartiyalılıq sisteminə xidmət etməlidir. Partiyaların fəaliyyətini daha da zəiflədəcək, məhdudlaşdıracaq, iqtidarın nəzarəti altına verəcək qanun qəbul olunmamalıdır. Gözləyək. Deyirlər ki, qanun layihəsinin müzakirələri aparılacaq və partiyaları da dəvət edəcəklər. 14-15 maddədən ibarət təkliflərimizi Milli Məclisə göndərmişik. Nəzərə alınıb-alınmayacağını deyə bilmərəm. Ancaq layihə açıq müzakirəyə çıxarılarkən AĞ Partiya olaraq öz fikirlərimizi bildirəcəyik".