ABŞ-ın dövlət katibi Entoni Blinken Azərbaycan-Ermənistan sərhədində baş verənlərə münasibət bildirərkən, kənar qüvvələrin sülh prosesinə mane olmasından danışıb. Blinken Rusiyanın "aranı qarışdırdığını" istisna etməyib. Dövlət katibi münaqişənin qızışmasında Rusiyanın "aranı qarışdırmış" olmasından narahat olduğunu dilə gətirib. Amerikalı rəsmi bildirib ki, "bu yolla Rusiya diqqəti Ukraynadakı vəziyyətdən yayındırmağa çalışır". O, Azərbaycan və Ermənistanı düşmənçiliyə son qoymağa çağırıb və əlavə edib ki, Rusiya öz nüfuzundan istifadə edərək, tərəflər arasında “suları durulda” da bilər. Döyüşlərin müsbət keçdiyi düşünülən son Brüssel görüşündən sonra baş verməsi də, Rusiyanın bu görüşə qısqanclıqla yanaşmış olması barədə spekulyasiyaları da artırıb.
Ancaq siyasi tədqiqatçı Lavrens Broersin fikrincə, döyüşlərin Brüssel görüşündən sonra baş verməsi heç də Rusiyanın bu işdə barmağının olması kimi anlaşılmamalıdır. Onun sözlərinə görə, əksinə, hərbi toqquşmalar Rusiyanın regiondakı maraqlarına ziddir. Çünki döyüşlərin intensiv xarakter alması onu göstərir ki, Rusiya bölgədə sülhü qorumaqda acizdir: "Bu isə Rusiyanın həm Azərbaycanda, həm də Ermənistanda nüfuzunun aşağı düşməsi deməkdir. Kremlin bu cür silahlı toqquşmalarda maraqlı olduğuna inanmıram”. DİA.AZ-ın məlumatına görə, siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev də "Şərq"ə bildirib ki, Azərbaycan-Ermənistan sərhədində baş verən təxribatlar birmənalı şəkildə Moskvanın hazırladığı senari əsasında həyata keçirilir. Professor bildirib ki, ABŞ rəsmisi ABŞ-ın Cənubi Qafqaz danışıqları üzrə xüsusi nümayəndəsi Filip Riker İrəvan və Bakını ziyarət etdikdən sonra sərhəddə təxribat üçün ermənilərə təlimat verildi:
"Rusiyanın məqsədi diqqəti ABŞ-ın üzərinə yönləndirmək, tərəfləri Amerikadan şübhələndirmək idi. Amma bu plan baş tutmadı. Çünki rəsmi Vaşinqton hadisələrə münasibətini açıqladı və Brüssel görüşləri çərçivəsində sülhdə maraqlı olduğunu vurğuladı. ABŞ Cənubi Qafqazda münaqişə ocağının yenidən qızışmasını istəmir. Azərbaycan tərəfindən söndürülmüş bir ocağı yenidən körükləmək Qərb üçün əlverişli deyil. İndiki məqamda Azərbaycan-Ermənistan gərginliyini artırmaq ilk növbədə Rusiyaya və İrana sərf edir. İran faktorunu yaddan çıxartmaq olmaz. Yaddan çıxarmayaq ki, Ermənistan Baş naziri Nikol Paşinyan İran səfərindən geri döndükdən sonra ritorikasını dəyişdi. Parlamentdə çıxış edən baş nazir "status"dan danışdı, sülh müqaviləsi ilə bağlı absurd açıqlamalar verməyə başladı. Azərbaycan rəhbərliyi bütün təmaslarda haqlı olaraq vurğulayır ki, "Qarabağ məsələsi müzakirə mövzusu deyil və Azərbaycanın daxili işidir". Paşinyanın Zəngəzur dəhlizi ilə bağlı sərsəm ifadələri də sırf İran üçün lazımlı bəyanat idi. Tehran hökuməti yenə də xəyanət mövqeyindədir. "İSMA" Agentliyi "Azərbaycanın Ermənistana hücum çəkdiyini" iddia etdi. Rəsmi Bakını "təcavüzkar rejim" kimi qələmə verdilər. İranın xarici işlər naziri "Ermənistan sərhədlərinin onlar üçün qırmızı xətt olduğunu" dedi. Fars-molla rejimi dərk etmir ki, hələ Azərbaycan-Ermənistan arasında sərhəd müəyyənləşməyib".
C.Nuriyevə görə, Rusiya da İrəvanı təxribata təhrik etməsini dolayı yolla etiraf etmiş oldu: "Bildirdilər ki, Avropa İttifaqı, guya, Moskvanı Qafqazdan sıxışdırıb çıxartmaq istəyir. Yəni iddia edirlər ki, Avropa İttifaqı, guya, Azərbaycanın əliylə Rusiyanı regiondan sıxışdırıb çıxartmağa çalışır. Ona görə də öz məntiqləri ilə Azərbaycanı "cəzalandırmaq" niyyətinə düşüblər. Rusiya rəsmilərinin açıqlamalarının diplomatik izahı budur. Lakin Rusiya və İranın Ermənistan üzərindən oynadıqları oyunlar baş tutmur. Azərbaycan rəhbərliyi və Ordumuz bütün məkrli planları alt-üst etdi. Kreml anlamır ki, Azərbaycanı təhdid və təzyiqlə geri addım atmağa məcbur etmək olmaz. İndi bizim yanımızda güclü, qardaş Türkiyə var".