Şəfəqə Doğru » Manşet » 3 saatlıq imtahanda şagird hansı bacarığını göstərsin?! - DİM-in dəyişikliyinə ETİRAZ

3 saatlıq imtahanda şagird hansı bacarığını göstərsin?! - DİM-in dəyişikliyinə ETİRAZ

3 saatlıq imtahanda şagird hansı bacarığını göstərsin?! - DİM-in dəyişikliyinə ETİRAZ

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 9-cu siniflərin buraxılış imtahanında xarici dil fənninə müəyyən dəyişikliklər edilib. Belə ki, dinləyib-anlama bloku üzrə 4 qapalı, oxuyub-anlama bloku üzrə 7 qapalı, 1 açıq tipli (seçim), ümumi dil biliyini yoxlayan blok üzrə 11 qapalı, 1 açıq tipli (seçim) test tapşırığı, yazı bloku üzrə isə 1 tapşırıq təqdim olunur. Oxuyub-anlama bloku üzrə bilik və bacarıqların yoxlanılması 2 hissədən ibarətdir. Birinci hissə 3 kiçik həcmli mətn və hər birinə aid bir sual, ikinci hissə isə əvvəlki illərdə olduğu kimi, bir mətn və 5 sualdan ibarətdir.

 

Buraxılış imtahanında test tapşırıqlarına edilən dəyişiklik valideynlər və şagirdlər tərəfindən narazılıqla qarşılanıb. 

 

Mövzu ilə bağlı Modern.az-a danışan təhsil eksperti Kamran Əsədov da test tapşırıqlarının çətinləşdirildiyini təsdiqləyib:

 

“Hazırda ölkədə 4432 orta təhsil məktəbində 135 min şagird 9-cu sinfdə təhsil alır. Həmin şagirdlər ümumtəhsil müəssisəsini bitirməklə bağlı attestat almalıdırlar, buraxılış imtahanı verməlidirlər.  Dövlət İmtahan Mərkəzi son 3 il ərzində 9-cu sinflərin buraxılış imtahanının məzmununda azı 4 dəfə dəyişiklik edib. Bu da təbii ki, müəllimlərin şagirdlərlə işləmək imkanını məhdudlaşdırır. DİM bu dəfə də xarici dillə bağlı məzmunda dəyişiklik etdi. Əvvəllər 9-cu sinifdə təhsil alan şagirdlərin xarici dil üzrə bir neçə test tapşırığı nümunələrində bilik və bacarıqları yoxlanılır və ölçülürdü. Bu dəfə edilən dəyişikliyə əsasən yazı ilə bağlı mətn sualı çıxarılır, bunun yerinə imtahan kitabçasında olan 3 şəkil azı 5 cümlə ilə ifadə olunmalıdır”. 

 

 

Ekspert söyləyib ki, ingilis dili fənni orta ümumtəhsil müəssisələrində yüksək səviyyədə tədris olunmur:  

 

“Təkcə bir imtahanda övladlarımızın bilikləri müxtəlif formalarda yoxlanılır. Oxuyub-anlama, dinliyib-anlama, qrammatik bilikləri və yazı qabiliyyətləri. 3 saatlıq imtahanda şagird xaric dillə bağlı bir neçə bacarığı nümayiş etdirməlidir. Bu doğru yanaşma tərzi deyil, onlar 9-cu sinif şagirdləridir, eyni anda bir neçə bacarığı təqdim etmək çox çətindir. Hər fənnə 1 saat düşür, bu şagird 1 saat içərisində hansı bacarığını göstərsin?! Şagirdlərdə vacib bacarıqlar formalaşdırılır, bu, əla prosesdir. Bilik və bacarıqlar yoxlanılmalıdır, amma imtahanları bu qədər çətinləşdirməyə ehtiyac yoxdur, yenilik artıqdır. Tədris ili bir aydan çoxdur başlayıb və  9-cu sinflərin buraxılış imtahanına az zaman qalıb. Aprel ayına kimi bu qədər bilik və bacarıq formalaşdırmaq çətindir. Məktəblərdə tədris olunan səviyyədə yox, akademik səviyyədə bir imtahan olacaq”.

 

Fizika-Riyaziyyat və İnformatika Təmayüllü Liseyin ingilis dili müəllimi Günel Cəfərova isə test tapşırıqları ilə bağlı fərqli fikir sərgiləyib:

 

 

"Şagirdlərin bilik və bacarıqları daha geniş şəkildə yoxlanılacaq. Əvvəl dinləmə və oxuma var idisə, indi yazma da əlavə olundu. Ümumtəhsil müəssisələrində ingilis dilinin hansı səviyyədə tədris olunduğu sual altındadır. Amma ingilis dilinin inkişaf etdirilməsi yaxşı bir haldır. Şagirdlər universitetə qəbul olanda xarici dillə bağlı çox əziyyət çəkirlər. İngilis dilini yaxşı mənimsəməyənlər gələcəkdə iş tapmaqda, beynəlxalq şirkətlərdə çalışmaqda müəyyən çətinlik çəkəcəklər. Bu kimi halları nəzərə alsaq ingilis dilinin genişləndirilməsi müsbət bir haldır".

 

G.Cəfərova qeyd edib ki, müşahidələrə əsasən Dövlət İmtahan Mərkəzi qrammatik sualları azaldır:

 

"Şagirdlərin dinləmə, yazma, oxuma qabiliyyətlərinin təkminləşdirilməsi daha ön plandadır. Bir ingilis dili müəllimi olaraq bunun lehinəyəm. Valideynlərin narazılığını başa düşmək olar, çünki məktəblərdə ingilis dili fənni yüksək səviyədə tədris olunmur".