Baş nazir Nikol Paşinyana xatırladırıq ki, Azərbaycan 2020-ci il 44 günlük müharibədə BMT Nizamnaməsinə uyğun olaraq özünümüdafiə hüququndan istifadə etməklə beynəlxalq tanınmış ərazilərini işğalçı qüvvələrdən azad edib və ərazi bütövlüyünü bərpa edib.
Bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadənin Ermənistan baş naziri Nikol Paşinyanın 10 noyabr 2022-ci il tarixində hökumət iclasında çıxışı zamanı səsləndirdiyi iddialarla bağlı şərhində deyilir.
“Ermənistan isə, şəxsən baş nazir Paşinyan tərəfindən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı, o cümlədən bəyanatın 4-cü, 6-cı və 9-cu bəndlərini hələ də yerinə yetirməkdən boyun qaçırır, beləliklə də beynəlxalq öhdəliklərini pozur.
Üçtərəfli bəyanata zidd olaraq hələ də Azərbaycan ərazilərindən tam çıxarılmayan və bölgə üçün təhdid törətməkdə davam edən erməni silahlı birləşmələrinin müxtəlif hərbi təxribatlarına Azərbaycanın verdiyi adekvat cavablar qanunidir”, – qeyd olunub.