İranda ay yarım öncə kürdəsilli gənc qadın Məhsa Əmininin ölümündən sonra başlayan kütləvi etirazlar səngimək bilmir. İran hakimiyyəti rəsmilərinin iğtişaşların yatırıldığı barədə ard-arda verdikləri açıqlamalar bu ölkədən gələn son xəbərlərlə təkzib olunur.
Shafaqadogru.com xəbər verir ki, sosial şəbəkələrdə yayılan xəbərlərə görə, İran hakimiyyətinin güc strukturları həbs olunan etirazçı qadınlarla ən qəddar şəkildə davranır, onlar yalnız fiziki işgəncələrə məruz qoyulmur - təkcə döyülmür, həm də mənəvi zorakılıqlarla üzləşirlər.
Etirazçı qadınların həbsxanalarda ən iyrənic üsullarla aşağılandığı, təhqir olunduğuna dair də xəbərlər gəlir.
Bəzi məlumatlarda iddia olunur ki, öz qanları bahasına azadlıq tələb edən qadınlar-qızlar saxlanılaraq həbsxanalara salındıqda orada kütləvi şəkildə zorlanmaya məruz qalırlar.
Məsələn, 19 yaşlı Yalda Ağafazlı adlı qız oktyabrın 26-da Tehranda həbs edilib və 11 gün Qarak həbsxanasında saxlanılıb. Yalda Ağafazlı həbsdən çıxandan cəmi 5 gün sonra intihar edib. Ehtimal olunur ki, 19 yaşlı qızın intiharının səbəbi həbsxanada zorlanmaya məruz qalması ola bilər.
Almaniyada yaşayan azərbaycanlı jurnalist Çingiz Sultansoyun sözlərinə görə, o, İrandan qaçıb gəlmiş fars mühacirlərindən qadınların həbsxanada zorlanmasına dair ittihamlar eşidib.
“Onların tanıdıqları həmvətənləri İranda saxlanılan qızını görmək üçün həbsxanaya gedib, qızdan soruşanda ki, "sənə daha nə gətirək?". O da cavab verib ki, "hamilə qalmamaq üçün həblər". Buradan belə nəticə çıxır ki, İranda həbsxana və istintaq işçiləri məhbus qızları-qadınları kütləvi şəkildə zorlayırlar...”.
İddialara görə, İran İslam Respublikasındakı etirazçı qadınların həbsxana və istintaq işçiləri tərəfindən kütləvi şəkildə zorlanması artıq cəzaçəkmə müəssisələrində oturuşmuş işgəncə növü hesab olunur...
İrandan olan insan haqları müdafiəçisi Nərgiz Məhəmmədi ötən il mətbuata açıqlamasında demişdi ki, həbsxana rəsmiləri məhbus qadınların iradəsini sındırmaq üçün sistematik olaraq cinsi təcavüz və cinsi təhqirə əl atırlar. O bunun özünün də başına gətirildiyini söyləmişdi.
İranda həbs olunmuş qadınlarla bağlı beynəlxalq hesabatlardan birində qeyd edilir ki, cəzaçəkmə müəssisəsinə salınan Nilufər Bəyani adlı ekoloq ölkə rəhbərliyinə məktub yazaraq 1200 saatlıq sorğu-sual zamanı məruz qaldığı işgəncələri detallı təsvir edib. Qadının sözlərinə görə, müstəntiqlər onu zorlama və ölümlə hədələyib, vəhşi heyvan səsləri çıxarmağa, seks oyunlarında iştiraka məcbur ediblər.
Xaricdəki iranlı hüquq müdafiəçiləri bildirilər ki, həbsdə zorlanmaya, cinsi qısnamaya məruz qalan qadınların çoxları reputasiyalarına görə belə şeylərdən danışmaq istəmirlər…
A.Qorxmaz