Şəfəqə Doğru » Manşet » Molla rejiminin BORÇALI AYAĞI... - Biz sahib çıxmayanda belə olur...

Molla rejiminin BORÇALI AYAĞI... - Biz sahib çıxmayanda belə olur...

Molla rejiminin BORÇALI AYAĞI... - Biz sahib çıxmayanda belə olur...

Son vaxtlar Borçalı türklərinin İran dini təbliğatına məruz qalması, insanların beyinlərinin mollalar tərəfindən yuyulması Azərbaycan ictimaiyyəti tərəfindən narahatlıq doğurur. Xüsusən də Gürcüstan azərbaycanlıları zaman-zaman sosial şəbəkələrdə sözügedən məsələlərlə bağlı həyəcan təbili çalıb.
DİA.AZ bildirir ki, son zamanlar yaşanan proseslər fonunda Borçalıda İran dini ideologiyasının bu qədər vüsət almasını ekspertlər təhlükəli sayırlar. Qeyd edilir ki, uzun illərdir İran emissarlarının Gürcüstanda Azərbaycan türklərinin sıx yaşadığı bölgədə - Borçalıda təbliğat fəaliyyəti öz nəticəsini göstərir.
Soydaşlarımız İranın təsiri altına necə düşüblər? "Xəzər Xəbər"in çəkiliş qrupu Gürcüstanda bir həftə olaraq bu mövzunu ətraflı şəkildə araşdırıb.
Çəkilişlər əsasən Tbilisi, Marneuli, Qaraçöpdə aparılıb. Burdakı ziyalılar, ağsaqqallar, din xadimləri, sadə vətəndaşlarla söhbətlər edilib, mövzu ilə bağlı suallar verilib. Araşdırma nəticəsində məlum olub ki, Gürcüstanda İran sərmayəli 11 min 751 təşkilat, şirkət fəaliyyət göstərir.
Bəs onlar öz fəaliyyətlərini necə qururlar? Gürcüstandan İrana avtobus səfərlərini kim təşkil edir? Soydaşlarımız İranın hansı dini şəhərlərinə aparılır?

Gürcüstanda soydaşlarımız yaşayan ərazilərin təbliğat yuvasına çevrilməsi ilə bağlı “Şərq”ə danışan ilahiyyatçı, siyasi şərhçi Tural İrfan deyib ki, Borçalıda İranın din adı altında siyasi-məzhəbçi təbliğatı artıq son həddə çatıb. Harada şiə əqidəsinə etiqad edən müsəlman varsa, İran hökmən ora barmaq edir:

“Həmin müsəlmanları təsir altına salır, din adı altında öz siyasi maraqlarının alətinə çevirir. İran rejiminin ümumiyyətlə ideoloji xətti inqilabı ixrac etməkdir. Yəni bütün müsəlman ölkələrinə öz məzhəbçi, farsçı ideyalarını yeritməkdir. O cümlədən Azərbaycanda və Gürcüstanda da öz agentura şəbəkəsini qurub əsasən din pərdəsi altında təxribatçı işlər görüblər. Gürcüstanda soydaşlarımız arasında da İran öz dayaqlarını qurub və əsasən onları türk dünyasının bir parçası olmaqdan, azərbaycançılıqdan ayırmaq məqsədi ilə məzhəbçilik nifaqını yayıblar.

Bildiyimiz kimi türk dünyasının 90 faizi sünni müsəlmanlardır. İran isə şiəlik pərdəsi altında əslində sünni düşmənçiliyi yayır və nəticədə bir çox ölkələrdə yaşayan azərbaycanlılar milli kimliyini məzhəbçiliklə əvəz edir. Gürcüstan hökuməti də buna bir qədər loyal yanaşır. Ola bilsin, onlara da bu lazımdır. Əks halda İranın orada bu qədər meydan sulamasına imkan verməzdilər”.

İlahiyyatçının sözlərinə görə, İran Gürcüstanda fəaliyyətini dini mədrəsələr, məscidlər vasitəsi ilə qurur. Oradakı dini icmaların rəhbərləri də İran təmayüllü təhsil almışlardır:

“Azərbaycan Respublikasının aidiyyəti orqanları bu məsələyə də nəzər yetirməlidir. İrandan bu gün hansı təhlükələr gəlirsə sabah bu təhlükə Gürcüstandan, özü də öz soydaşlarımızın əli ilə gözlənilə bilər. Ən əsası isə Gürcüstandakı İran təbliğatının yerini Azərbaycan və Türkiyə əvəz etməlidir.

Azərbaycanın öz din modeli olmadığına görə bu bir qədər çətindir. Ancaq Türkiyə bu işdə təcrübə sahibidir. Dünyanın bir çox ölkələrində fondlar, mədrəsələr açır və təbliğat aparmaq iqtidarındadır.

Ona görə hesab edirəm ki, soydaşlarımızın dini inancının İran tərəfindən təhrif olunaraq siyasi, farsizm ideologiyasına alət edilməmiş işlər görülməlidir.

Bir neçə il əvvəl Gürcüstan Qafqaz Müsəlmanları İdarəsinin tərkibindən çıxdı və müstəqil dini idarəsini yaratdı. Amma bu idarə İranın orbitinə düşdü.

Azərbaycanda milli islam modelinin təşəkkülü üçün milli düşüncəli ilahiyyatçılara şərait yaradılmalıdır və bir çox təbliğat vasitələri olmalıdır ki, ən azı televiziyalar vasitəsi ilə Gürcüstanda yaşayan soydaşlarımız da yad təsir altına düşməsin”.