Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətlində təqsirli bilinən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Shafaqadogru.com Gundem.az-a isdinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə baş tutan prosesdə İlkin Süleymanovun istintaq zamanı verdiyi ilkin ifadəsi ilə bağlı araşdırmalar aparılıb.
Qeyd olunub ki, İlkin Süleymanov istintaq zamanı 4 dəfə ifadə verib. Bu ifadələrin 2-si ondan şahid qismində alınıb. İlkin Süleymanov 2020-ci ili yanvarın 8-də şahid qismində verdiyi ifadəsində qətli törətməsini inkar edib. Daha sonra yanvarın 10-da yenidən şahid qismində dindirilib.
Bundan sonra isə onun şübhəli şəxs və təqsirləndirilən şəxs qismində ifadə verdiyi məlum olub.
İlkin Süleymanov ifadəsində qeyd edib ki, Tovuz rayon Polis Şöbəsinin o zamankı rəis müavini Şahlar Cəfərov tərəfindən təhdid olunub. Onun ifadəsinə görə, Cəfərov “bura 50 nəfər silahlı şəxs gətirərəm, sənin üçün başqa cür olar” – deyə, onu təhdid edib.
İlkin Süleymanovun vəkili Əlibaba Rzayev deyib ki, Şahlar Cəfərov da, digər vəzifəli şəxslər də müvəkkilinin cinayətlə heç bir əlaqəsinin olmadığını biliblər və bu səbəbdən ondan təzyiq altında etirafedici ifadələr alıblar: “Şahlar Cəfərov fikirləşib ki, İlkin Süleymanov hadisə yerində ifadə verən zaman orada qohumlarını, yaxınlarını görər, qışqırar ki, mənim bu cinayətlə əlaqəm yoxdur, mənə işgəncə verirlər. Şahlar Cəfərov əvvəlcədən İlkin Süleymanovu təhdid edib, deyib ki, ora əli silahlı adamlar düzərəm, heç kimi yaxına qoymaram, yenə də istintaq təcridxanasına qayıdacaqsan, bizim tabeçiliyimzdə olacaqsan, özünü yaxşı apar. Xəbərdar edib ki, burada nə ifadə almışıq, hadisə yerində də eyni ifadələri verməlisən. Təhdid də bununla bağlıdır. Bu da ehtiyatdan yaranan təhdid olub”.
Bundan əlavə, iş materiallarında olan əvvəlki videoçəkilişlərlə bağlı tərəflər suallar veriblər. Prokuror ziddiyyətli məqamlarla bağlı İlkin Süleymanova suallar ünvanlayıb.
Vəkillər isə deyiblər ki, iş üzrə istintaq hərəkətləri aparılmayıb. Onlar iddia ediblər ki, İlkin Süleymanovun bütün ifadələrində texniki səhvlər eynidir. İlkin Süleymanovdan bir dəfə ifadə alınıb, sonrakı mərhələlərdə eyni ifadə digər ifadələrə köçürülüb və ona da imza etdiriblər. İlkin Süleymanov özü də məhkəmədə bu faktı təsdiq edib. Deyib ki, istintaqın sonrakı mərhələlərində ondan heç bir ifadə alınmayıb, ifadələr ona əməliyyatçı tərəfindən imza etdirilib.
Növbəti proses noyabrın 29-da davam edəcək.
İttihama görə, 2019-cu il noyabrın 19-da itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci ilin yanvarın 6-da kənd ərazisində aşkar edilib.
Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.
İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.
İstintaq-əməliyyat qrupu tərəfindən İ.Süleymanovun yaşadığı evin həyətinə giriş qapısının və həyətə döşənmiş süni daş örtüyünün üzərindən, N.Quliyevanın saxlanıldığı otaqda olan çarpayının örtüyü və pərdənin üzərindən qanabənzər ləkələr, eləcə də iş üçün əhəmiyyət kəsb edən digər əşyalar maddi sübut kimi götürülüb.
İlkin Süleymanov şübhəli şəxs qismində müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib.
İstintaq orqanı tərəfindən İlkin Süleymanovun barəsində Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə), 144.3 (adam oğurluğu), 145.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.