“Ermənistanın Dağlıq Qarabağda heç bir silahlı qüvvəsi yoxdur. “Qarabağ orudusu” Qarabağda yaşayan ermənilərin təhlükəsizliyini təmin edir”- Bu sözləri bir neçə gün öncə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bildirib.
Yəni, biz sülhdən danışdığımız halda, Qarabağın statusundan söhbət belə açıla bilməz dediyimiz halda, ermənilər hələ də bizim ərazilərimizi özününmüş kimi, qeyri-qanuni silahlı dəstələri isə qondarma "respublika"larının ordusu kimi təqdim edirlər. Digər tərəfdən isə Ruben Vardanyan Xankəndini müharibəyə hazırlayır.
Shafaqadogru.com məlumatına görə, politoloq Məhəmməd Əsədullazadə Bizimyol.info xəbər portalına veridiyi açıqlamasında bildirib ki, Ermənistan tərəfi “Qisas” əməliyyatından sonra avqustun 4-ü, 5-i öz ordusunu Qarabağdan çıxartdığını elan etmişdi. Qarabağda qalan silahlı birləşmələri isə "Müdafiə Ordusu" adlandırır.
“Ermənistan burada ikili rol oynayır. Gah Dağlıq Qarabağ ifadəsi işlədir, gah Artsax ifadəsi işlədir. Ermənistan hakimiyyəti reallığa uyğun olmayan, sülh prosesinə zərbə vuran açıqlamalar verir. 10 noyabr Bəyannaməsində həmin ərazilərdə hər-hansı bir Dağlıq Qarabağ ordusundan söhbət getmir. Birbaşa silahlı erməni birləşmələrinin Azərbaycan ərazisindən çıxarılması tələb olunub. Əgər Ermənistan bunu yerinə yetirmirsə, "Müdafiə Ordusu"-nun Qarabağda qalmasına çalışırsa, deməli onlar sülh müqaviləsinin bağlanmasında maraqlı deyillər. Ermənistan 10 noyabr Bəyənnaməsinin 4-cü bəndini yerinə yetirmir. Bu da hərbi eslakasiyanı özündə ehtiva edir.
Azərbaycan tərəfi öz ərazisində hər-hansı bir qanunsuz silahlı birləşmələrin, həm də Ermənistan silahlı qüvvələrinin olmasını qəti şəkildə qəbul etmir. Bu birmənalıdır”-deyən politoloq bildirib ki, Azərbaycanın atacağı addımlar bu istiqamətdə olmalıdır.
Azərbaycan dəfələrlə Ermənistandan qanunsuz silahlı birləşmələrin çıxarılmasını ciddi şəkildə tələb edib. Bunu Rusiyadan da tələb edib. Ermənistan isə oyun oynayır, manevr edir, nəsə gözləyir. Həmin “nəsnənin” Ermənistanın lehinə şərtləri dəyişdirəcəyini düşünür. Amma reallıq belə deyil. Azərbaycan daha da güclənir. Ermənistan tərəfinin bu oyunları, elə Ermənistan əleyhinə formalaşır.
“Azərbaycan üçün fərqi yoxdur. Prossesləri istənilən istiqamətdə apara bilər. Ya silahlı yolla, ya da diplomatik. Ermənistana şans verilib. Amma, əgər Ermənistan yenə də “Dağlıq Qarabağ” ordusu deyib duracaqsa, əlbəttə ki, Azərbaycan tərəfinin hərbi əməliyyatlar keçirməsi lazım olacaq. Azərbaycan 10 noyabr Bəyənnaməsinin 4-cü bəndini özü həll etməli olacaq. O zaman isə, Ermənistan yenə də beynəlxalq birliklərə, dövlətlərə müraciət edəcək”-deyə o əlavə edib.
Politoloq hesab edir ki, Ermənistan sülhə maraqlı olarsa, ilk addımı atıb silahlı erməni birləşmələrini çıxarmalıdır. Amma, Rusiya da silahlı erməni birləşmələrinin çıxarılmasında maraqlı deyil. Rusiya da çalışır ki, münaqişə davam etsin, hətta idarə olunan münaqişə yaratsın. Burada Rusiyanın da mövqeyi xüsusi rol oynayır. M. Əsədullazadənin fikrincə, diplomatik danışıqlar alınmayacaq. Azərbaycan tərəfi yalnız və yalnız güc vasitəsilə bu məsələyə nail ola bilər.