Şəfəqə Doğru » Manşet » Məscidlər İran təhsilli kadrlardan təmizlənməlidir - ÇAĞIRIŞ

Məscidlər İran təhsilli kadrlardan təmizlənməlidir - ÇAĞIRIŞ

Məscidlər İran təhsilli kadrlardan təmizlənməlidir - ÇAĞIRIŞ

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycanda vaxtilə dini təhsillə bağlı müəyyən tədris ocaqlarının olmamasına görə ölkə vətəndaşları İrana gedib. Komitə sədrinin sözlərinə görə, İranda dini təhsil alanlar arasında təsir altına düşənlər olub: "Hazırda ölkədə müxtəlif dini təhsil ocaqlarının yaradılması ilə bunun qarşısı alınır. İndi İranla yanaşı, başqa ölkələrdə də müəyyən dini təhsilin alınmasına ehtiyac duymuruq. Çünki Azərbaycanda İlahiyyat İnstitutu, həmçinin müxtəlif dini kolleclər var. Bu kolleclər vasitəsilə kifayər qədər kadr hazırlamaq imkanımız var. Xaricdə din sahəsində təhsil alanlar həmin ölkələrin din modelini mənimsəyir və vətənə qayıtdıqdan sonra təbliğ etməyə çalışır. Hətta onların bəziləri İranda Azərbaycan əleyhinə təbliğatlarda iştirak edirlər. Azərbaycanın hüquq-mühafizə orqanları bununla bağlı müvafiq tədbirlər görür”.
Shafaqadogru.com  məlumatına görə, ilahiyyatçı-alim Tural İrfan "Şərq"ə deyib ki, vaxtilə İranda dini təhsil alınmasına icazə verilməsi yanlış addım olub. Ekspertə görə, İran dini təhsil adı altında insanlara "siyasi təlim" keçiblər: "Məzhəb intriqası yaratmaq üçün hazırlıq keçib. Hazırda hələ də məscidlərdə İran təhsilli kifayət qədər kadr var. Onlar təmizlənməlidir. Bakı İslam Universitetinin 3 min 550 məzununun diplomu təhsil naziri tərəfindən rədd edilir və tanınmır. Bu da ölkədə ali dini xadimlərin yetişməsinin qarşısını alır. Ona görə də inanclı insanlar İrandakı müctəhidlərə təqlid edir. İlahiyyat Universiteti təzə yarandığı üçün oranın məzunları ölkədəki məscidlərə təyin oluna bilmir. Bakı İslam Universitetinin məzunlarının da hüquqları pozulur, sadəcə, məscidlərdə işləməyə məcbur edilirlər. Nə qədər ki ölkədə elmi dərəcə almış ali din xadimləri yetişməyəcək, İrana təqlid davam edəcək. Onun qarşısını almaq üçün Bakı İslam Universitetinin məzunlarının elmi dərəcə almasına qadağa aradan götürülməlidir. Çünki bu qadağa birbaşa İrana sərf edir. Bu universitetin məzunları dini ayinlərin icrasında daha təcrübəli, savadlıdır. Məscidlərə təyin olunan kadrlar arasında İranda təhsil alanlar da var. Bu adamlar təqiyyə edərək özlərini, əsl əqidələrini gizlədirlər. Səmimi deyillər. Milli təhsil alanlar isə qeyd etdiyim kimi kənarda qalır. Bu məsələ mütləq həll olunmalıdır. Xaricdə təhsil alanların qabağa verilməsi məsələsinə son qoyulmalıdır".