Şəfəqə Doğru » Manşet » "Qaçqınkom" 150 ailəyə "ölmə-ölmə" deyir... - ŞİKAYƏT

"Qaçqınkom" 150 ailəyə "ölmə-ölmə" deyir... - ŞİKAYƏT

"Qaçqınkom" 150 ailəyə "ölmə-ölmə" deyir... - ŞİKAYƏT
"Gəlib binada qapı-qapı düşüb bildiriş paylayırlar ki, "referendum olacaq, gələrsən, səs verərsən”. Deyirəm, "srağagün gələydiniz, buralar od tutub yanırdı”. O balonun partlamasında da, yanğının baş verməsinin ən böyük günahkarı da elə bu hökumətdir. Dünyaya qaz paylayır, 23 ildir məskunlaşdığımız bu binaya qaz çəkmir, qaz balonlarının ümidinə qalmışıq, həyatımız göz görə-görə məhv olur”.

Buzovna qəsəbəsindəki "Xəzər” sanatoriyasının ərazisində məskunlaşan Səlimə Əvəzovadı danışan. Bu sanatoriyada köçkünlər dövlətin qarşısında normal şəraitli evlə təmin olunmaq tələbi qoyublar. Bir neçə gün əvvəl binada baş vermiş partlayış onları daha da qəzəbləndirib.

Səlimə Əvəzova:

"Qaz balonu partladı. Partlayışdan binanın bir hissəsi tamam yararsız hala düşdü. Başqa cür də ola bilərdi. Bütün bina göyə uçardı. Özünüz düşünün, 150 ailənin hamısı qaz balonundan istifadə edir. Bu da bir binada 150 qaz balonunun eyni vaxtda istifadəsi deməkdir”.

Fövqəladə Hallar Nazirliyi məlumat yayıb ki, sentyabrın 17-də Buzovnadakı Xəzər sanatoriyası ərazisində - beşmərtəbəli binanın 2-ci mərtəbəsinin dəhlizində yanğın baş verib. Köçkünlərə məxsus ev əşyaları yanıb. Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində yanğının başqa mənzillərə keçməsinin qarşısı alınıb.

Azı 20 ildir ki, sanatoriyanın ərazisində 150 köçkün ailəsi məskunlaşıb və demələrinə görə, yaşayışları ürəkaçan deyil. Köçkün Səlimə Əvəzova binada su, kanalizasiya xətlərinin dağıldığını, qaz xəttinin isə yerli-dibli olmadığını deyir:

"Yay-qış – bütün ili İran istehsalı olan qaz balonlarının ümidinə qalırıq. Bir dəfə qaz balonu alışdı, götürüb beşinci mərtəbənin pəncərəsindən tulladıq çölə, çöldə partladı. Yaxşı ki, qış vaxtı idi, axşam idi və çöldə heç kəs yox idi. Səhərdən axşamacan bu beşmərtəbəli binanın bütün mənzillərində qaz balonları işlək vəziyyətdə olur. Elə ailələr var ki, qışda gecələri də söndürmürlər, üstünə bir dəmir parçası atırlar ki, ev soyumasın”.

Binanın başqa sakini Cəmilə Həsənova da burada ən böyük təhlükənin otaqlardakı qaz balonları olduğunu təsdiqləyir:

"23 ildir ki, valideynlərimlə burada məskunlaşmışam, elə buradaca ailə qurmuşam, üç övlad dünyaya gətirmişəm, 18 yaşlı qızımı köçürmüşəm, indi bir nəvəm də var... Və bütün bu illər ərzində "Qaçqınkom”un yalançı vədlərindən başqa heç nə eşitməmişəm. Darısqal otaqda, ortalıqda da qaz balonu, səhərə qədər gözümü yummuram ki, bir hadisə çıxar, məhv olarıq”.

Köçkünlər sanatoriya ərazisindəki qəzalı, şəraitsiz binadan tezliklə köçürülmələrini tələb edirlər.

Qaçqın və Köçkünlərlə İş üzrə Dövlət Komitəsi isə köçkünlərə səbir etməyi məsləhət görür. Komitədən bildirilib ki, köçkünlər üçün inşa olunan şəhərciklərə öncə inzibati binalarda məskunlaşanlar köçürülür. Gələcəkdə Xəzər sanatoriyası ərazisində məskunlaşmış köçkünlərin köçürülməsi də nəzərdə tutulub.