Ölkə ərazisində hava şəraiti kəskin dəyişəcək, 15 dərəcə şaxta olacaq.
Shafaqadogru.com bildirir ki, bunu Trend-ə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.
O bildirib ki, bu gecədən etibarən respublikanın şimal və şərq rayonlarında, 20-də isə demək olar ki, əksər rayonlarda hava yağıntılı keçəcək. Dağlıq və dağətəyi rayonlarda qar yağacaq.
"Proses şimal küləyinin güclənməsi ilə müşahidə ediləcək. Respublikanın rayonlarında, əsasən Kür vadisi rayonlarında, eyni zamanda Bakı və Abşerion yarımadasında bu axşamdan etibarən şimal-qərb küləyinin saniyədə 15-20, gecəyə doğru isə 25 metrə qədər güclənəcəyi gözlənilir. Sabah gün ərazində bəzi yerlərdə küləyin maksimal sürəti saniyədə 30-33 metrə çatacaq. Havanın temperaturunun anomal gedişi gözlənilir. Çünki bu gecə saatlarında temperatur 6-7 dərəcə isti olsa da, sabah günorta saatlarında 4 dərəcəyə enəcək. Bu da küləyin sürətinin artması və soyuq atmosfer kütləsinin ölkə ərazisinə daxil olması ilə əlaqədardır. Proses qısamüddətli olacaq", - U. Tağıyeva deyib.
Departament rəhbəri bildirib ki, respublikanın rayonlarında yağıntılar dekabrın 21-i tədricən kəsiləcək. Bakıda və Abşeron yarımadasında hava tutqun keçəcək, arabir yağıntı olacaq. Dağlıq və dağətəyi rayonlarda isə hava şaxtalı keçəcək. Gecə saatlarında 10-15 dərəcə, gündüz saatlarında isə 3-7 dərəcə şaxta olacaq. Qarın yağması nəticəsində yollar buz bağlayacaq" .