Cari ilin 11 ayı ərzində respublikada doğuşayardım xidmətinin vəziyyəti ilə bağlı dekabrın 21-də Səhiyyə Nazirliyində TƏBİB-in nümayəndələrinin iştirakı ilə müştərək kollegiya iclası keçirilib.
APA xəbər verir ki, tədbirdə dövlət və özəl doğuşayardım tibb müəssisələrinin səlahiyyətli nümayəndələri iştirak ediblər.
Səhiyyə nazirinin müavini İlqar Qasımovun moderatorluğu ilə keçirilən iclasda Səhiyyə Nazirliyinin hamiləlik, doğuş və zahılıq dövrlərində ölüm, həmçinin mamalıq ağırlaşmaları hallarının təhlili üzrə komissiyasının sədri Nigar Axundova, TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov və nazirliyin Anesteziologiya və reanimasiya üzrə mütəxəssis-eksperti İsrayıl Məhərrəmbəyli məruzələrlə çıxış ediblər. Bildirilib ki, səhiyyənin prioritet sahələrindən olan ana və uşaqların sağlamlığı sahəsində qəbul olunmuş dövlət proqramları çərçivəsində ölüm səviyyəsinin azaldılmasına, perinatal yardım islahatlarının davam etdirilməsinə, gənclərə göstərilən reproduktiv sağlamlıq və ailə planlaşdırılması xidmətlərinin yaxşılaşdırılmasına nail olunub. Eyni zamanda, səhiyyə sistemində islahatların mühüm istiqamətlərindən biri olan ölkəmizdə icbari tibbi siğorta tətbiq edilməsinə baxmayaraq, Səhiyyə Nazirliyinın mütəxəssisləri tərəfindən baş vermiş ana ölümlərinin təhlilləri nəticəsində doğuşayardım xidməti sahəsində bir sıra nöqsan və çatışmazlıqların olduğu müəyyən edilib.
İclasın yekununda mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün zəruri olan texniki tədbirlərin mərhələli şəkildə həyata keçirilməsinin vacibliyi vurğulanıb.