Şəfəqə Doğru » Manşet » Apteklərdə bəzi dərmanlar tapılmır, nazirlik rəsmisi isə qıtlıq olmadığını deyir - ARAŞDIRMA

Apteklərdə bəzi dərmanlar tapılmır, nazirlik rəsmisi isə qıtlıq olmadığını deyir - ARAŞDIRMA

Apteklərdə bəzi dərmanlar tapılmır, nazirlik rəsmisi isə qıtlıq olmadığını deyir - ARAŞDIRMA

Son zamanlar Azərbaycanda bəzi dərman vasitələri, eləcə də onların əvəzediciləri tapılmır.

“Report”un apardığı araşdırma zamanı “Paraferin”, “Panadol”, “Nurofen”, “Lazolvan” şərbətlərinin, “Diazolin” və “Pankreatin” tabletkalarının, “Taufon” göz damcısının, “Natrium xlorid” infuziya üçün məhlulun, “Depakin xrono” 300 mg, “Depakin xrono” 500 mg tabletkalarının, “Depakin” siropunun, “Mezaton” ampulasının və s. dərmanların apteklərdə satışda olmadığı aşkarlanıb.

Araşdırma adları çəkilən və başqa dərmanların ümumiyyətlə depolarda da tükəndiyini üzə çıxarıb.

Əczaçı Tofiq Abdullayev “Report”a bildirib ki, Azərbaycanda bəzi dərmanların tapılmamasının bir neçə səbəbi var. Onun fikrincə, bunlar arasında dünyanın əczaçılıq bazarında baş verən qiymət artımını, Tarif Şurasının əvvəllər müəyyənləşdirdiyi qiymətlərin hazırda firmalar üçün sərfəli olmamasını, Rusiya-Ukrayna mübaribəsinin bu sahəyə mənfi təsirini qeyd etmək olar.

“Çünki bunlar ölkəyə dərman gətirən şirkətlərə təsir edir. Onlar qiymət artımını əsas gətirərək ziyanla işlədiklərini bəyan edirlər. Bu səbəbdən ya az dərman gətirilir, ya da ümumiyyətlə gətirilmir. Misal olaraq, xeyli vaxtdır qrip əleyhinə olan tozlardan bir neçəsi Azərbaycana gətirilmir. Hesab edirəm ki, bu, həmin dərman preparatlarını istehsal edən firmanın qiymətləri artırması ilə əlaqəlidir.

Müharibəyə görə Rusiya və Ukraynadan Azərbaycana dərman gətirilməməsi başadüşüləndir. İndi həmin ölkələrdən dərman gətirilsə də, sayı və miqdarı əvvəlki dövrlərlə müqayisədə azdır. Depolar da dərmanları limitlə satır. Adi yodu və ya brilliant, yaşıl alkoqol həlli (zelyonka) belə məhdud sayda verirlər”.

Əczaçı əlavə edib ki, hazırda depolarda “Korqlikon” ampulası, “Vikasol” tabletkası və iynəsi, “Eufillin” tabletkası, “Indometacin” mazı tapılmır.

“Report” məsələ ilə bağlı Səhiyyə Nazirliyinə sorğu verib. Qurumun Analitik Ekspertiza Mərkəzinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Mətin Məcidli deyib ki, ölkədə kütləvi dərman qıtlığı yoxdur və məsələnin belə qiymətləndirilməsi doğru deyil.

O bildirib ki, apteklərdə tapılmayan “Paraferin” şərbətindən bu ilin sentyabr ayının 28-də Azərbaycana 29 941 flakon, dekabrın 6-da isə 49 920 flakon gətirilib: “Panadol” şərbəti dekabrın 15-də 1 512, dekabrın 26-da isə 3 120 flakon, “Nurofen” şərbəti oktyabrın 24-də 7 380, dekabrın 21-də isə 26 976 flakon ölkəyə idxal olunub. “Lazolvan” şərbəti isə sonuncu dəfə avqust ayında Azərbaycana idxal olunub. Belə ki, adıçəkilən şərbət bu ilin iyul ayında 15 120, avqust ayında isə 8 400 flakon gətirilib. Həmin adda şərbətlər gətirilməsə də, onunla eyni tərkibdə olan “Sekrazol” şərbəti sentyabrın 23-də 15 960, dekabrın 26-da isə 29 800 flakon idxal olunub”.

Şöbə müdiri vurğulayıb ki, “Diazolin” tabletkası bu ilin noyabın 18-də 21 375 qutu, noyabrın 23-də isə 10 000 qutu, “Pankreatin” tabletkası dekabrın 15-də 20 384 qutu, dekabrın 16-da isə 10 080 qutu, “Taufon” göz damcısı fevralda 5000, dekabrın 27-də 20 000 flakon, “Natrium xlorid” (infuziya üçün məhlul) noyabrın 22-də 714, dekabrın 13-də 10 032 şüşə gətirilib: “İdxal rəqəmləri onu göstərir ki, Azərbaycana dərman gətirilməsi ilə bağlı problem yoxdur”.

Qeyd edək ki, Baş nazir Əli Əsədov Milli Məclisin dekabrın 9-da keçirilən plenar iclasında çıxışı zamanı Azərbaycanda bir neçə adda dərmanın çatışmazlığının, təchizatı məsələsində yaranan problemlərin aradan qaldırıldığını bildirmişdi. O qeyd etmişdi ki, hökumət məsələni ciddi nəzarətə götürüb: “Azərbaycanda həyati vacib dərman təminatında hər hansı ciddi çətinlik müşahidə olunmur. Azərbaycanda əhalinin istifadə edə biləcəyi dərman vasitələrinin 95 faizindən çoxu idxal edilir. Dərmanların yarısı Türkiyə, Almaniya, Birləşmiş Krallıq, Ukrayna və Belarusun payına düşür. Sadalanan ölkələrdən beynəlxalq səviyyəli səbəblərdən dərman qiyməti və təminatında mənfi təsirlər müşahidə olunur”.

Tarif (qiymət) Şurasının ötən gün keçirilən iclasında yeni dövlət qeydiyyatına alınan daha 149 dərman vasitəsinin qiyməti təsdiq edilib. Bununla da qiymətləri tənzimlənən dərman vasitələrinin sayı 13 642-yə çatıb: “Dövlət tənzimləməsinin məqsədi iqtisadi əsaslar olmadan qiymətlərin bahalaşmasının qarşısını almaq və optimal qiymətlərin, yəni, əhalinin dərman vasitələri ilə etibarlı təchizatına və sahibkarlıq subyektinin ağlabatan rentabelliyinə imkan verən minimal qiymətlərin tətbiqinə nail olmaqdır. Bununla yanaşı, son zamanlar baş verən qlobal geosiyasi hadisələr, enerji daşıyıcılarının bahalaşması, xammalın və qablaşdırma materiallarının qiymətinin və ölkəyə dərman vasitələrinin idxalında logistika xərclərinin kəskin artması bəzi dərman vasitələrinin qiymətinə yenidən baxılması zərurəti yaradıb. Qeyd edilən məsələlər, həmçinin dərman təchizatında fasilələrin yaranmasına səbəb olur”.

Şuradan vurğulanıb ki, dərman qıtlığının qarşısının alınması və əhalinin etibarlı təchizatının təmin olunması məqsədilə idxalçı şirkətlər mövcud qiymətlərə yenidən baxılması üçün Tarif (qiymət) Şurasına müraciət ediblər: “Əhalinin sağlamlığı baxımından mühüm əhəmiyyət kəsb edən, idxalı iqtisadi cəhətdən səmərəli olmayan dərman vasitələri üzrə etibarlı təminat məqsədilə Səhiyyə Nazirliyinin rəyi də nəzərə alınmaqla 202 dərman vasitəsinin qiymətinə yenidən baxılıb”.
 //“Report”//