Şəfəqə Doğru » Manşet » Xanlar Vəliyev kimləri “hədəf taxtası“na çıxardı? - “Tərtər işi“ndə yeni həbslər...

Xanlar Vəliyev kimləri “hədəf taxtası“na çıxardı? - “Tərtər işi“ndə yeni həbslər...

Xanlar Vəliyev kimləri “hədəf taxtası“na çıxardı? - “Tərtər işi“ndə yeni həbslər...

"Tərtər işi"nin yenidən istintaqa qaytarılması və bəraət alan şəxslərin sırasının genişlənməsi maraqlı nüanslarla müşayiət olunur. Hərbi prokuror Xanlar Vəliyevin bu mövzuda danışmağa növbəti dəfə ehtiyac duyması bu "xəmir"in hələ çox "su" aparacağını düşünməyə əsas verir.

Xatırladaq ki, general Vəliyev "Tərtər işi"ylə bağlı ötən gün yeni açıqlama ilə çıxış edib. Vəzifəsi ittiham etmək olsa da, o, bu dəfə müdafiə mövqeyində dayanıb. Hərbi prokuror "Tərtər işi"nə görə onu zərərçəkənlərdən üzr istəməyə səsləyən adamlara cavab verib. Ancaq bu dəfə daha təmkinli danışıb. General deyib ki, onun üzr istəməsi üçün heç bir əsas yoxdur: "Mən "Tərtər işi"ni nağıl adlandırmamışam. Nağıl onu demişəm ki, mənə suallar verirdilər ki, hərbi prokurorluq əməkdaşları hərbiçiləri döyürlər, incidirlər, işgəncə verirlər, mən bunu nağıl adlandırmışam. Heç kəs deyə bilməz ki, hərbi prokurorluq əməkdaşları mənə təzyiq edib, məni döyüb. Prokurorluq əməkdaşları kimisə təhqir də etməyib".

X.Vəliyevin ritorikasında baş verən dəyişiklik açıq-aşkar sezilir. Halbuki əvvəllər o və əməkdaşları bu mövzuda danışanda işgəncə faktlarını ciddi-cəhdlə ört-basdır edirdilər. Görünür, ortadakı faktlar o qədər ciddidir ki, baş vermiş cinayətləri inkar etməyə lüzum qalmır.

Xanlar Vəliyevin məlum açıqlamasından uzağagedən nəticələr çıxarmaq mümkündür. Məlum cinayətdə iştirakçı olmadığını bəyan edən hərbi prokuror həmin dövrdə orduda dəhşətli cinayət hallarının baş verdiyini danmır. Sadəcə, özünün və tabeliyində olan şəxslərin bu cinayətlərdə iştirakçı olmadığını bəyan edir.

Ortaya sual çıxır: "Tərtər işi"nin memarı kimdir? Bu cinayətlərin arxasında hansı "gözəgörünmzə qüvvə" dayanır?

Aydın məsələdir ki, bu suallara cavab vermək, həmin "gözəgörünməz qüvvə"ni tapıb hakim qarşısına çıxarmaq birbaşa hərbi prokurorluğun vəzifəsidir. Respublikanın hərbi prokuroru isə hələki yaxasını kənara çəkməklə məşğuldur...

X.Vəliyev məlum açıqlaması ilə özünü və tabeliyində olan şəxsləri məsuliyyətdən yayındırmağa çalışsa da, həmin dövrdə orduda dəhşətli cinayətlərin baş verdiyini inkar etməməklə başqalarını "hədəf taxtası"na çıxardı. Bəs həmin "başqaları" kimdir?

Mətbuatda bu mövzuda adı ən çox hallanan şəxslərin siyahısına Müdafiə nazirliyinin sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkov rəhbərlik edir. Hərbi ekspertlər "Tərtər işi"nə görə Nəcməddin Sadıkovla yanaşı, onun bacısı oğlu, Müdafiə nazirliyinin Daxili Təhlükəsizlik Baş İdarəsinin keçmiş rəisi, general-mayor Ramil Əsgərovu da ittiham edirlər. İttihamların artması isə bu şəxslərin azadlıqlarını deyil, vəzifələrini itirməsi ilə nəticələndi.

"Tərtər işi"ylə bağlı istintaqın davam etməsi yeni həbslərin olacağını istisna etmir. Respublikanın hərbi prokuroru Xanlar Vəliyevin dünənki açıqlaması bunun anonsu sayıla bilər...
 //Yenisabah.az//