Məktəblərdə summativ qiymətləndirmə üçün kağız pulu toplanır. Hadisə Naftalandakı orta məktəblərdən birində baş verib. Sosial şəbəkədə Naftalanda məktəb direktorunun "Summativ pulu" istəməsinin səs yazısı yayılıb. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Naftalan rayonu üzrə sektor müdiri də qeyd edib ki, məktəblərə kağız verilib, niyə pul yığılır, məsələ araşdırılacaq. Qruplarda da direktorları yıxıb sürüyürlər ki, kağız verilir, amma direktor vermir.
Dünya robotlarla, PUA-larla məşğul olduğu zamanda bizim məktəblərin hələ də kağız problemi yaşaması ən azından gülüncdür. Bəs nə oldu kompüterləşmə, internetləşmə, müasirləşmə, “steam”, filan?.. Hər məktəbə şagird sayına görə (çünki hər summatıv – yoxlama işi üçün hər şagird ən azı 1-2 A4 formatlı kağız- istifadə edir) nə qədər vərəq verilməlidir və bu vərəqlərin sonrakı aqibəti necə olur, görəsən? Heç nə! Vərəqlər yazılır, yığılır, br müddət hardasa toplanır, sonra bildiyimiz makulaturaya çevrilir, məktəb həyətlərinə atılır, sonra da göydə uçuşur. Amma hesab-kitabda “filan qədər vərəq istifadə olundu”, yazılır və bu vəsait dövlət büdcəsindən çıxır.
DİA.AZ-ın məlumatına görə, təhsil eksperti Elşən Ramizoğlu “Şərq”ə açıqlamasında qeyd etdi ki, heç bir halda şagirddən summativ və digər məsələlər üçün pul tələb edilməməlidir. Bu, yolverilməzdir. Ancaq problem bundadır ki, məktəblərə verilən kağız kifayət qədər deyil. Məktəblərə verilən kağız bütün məktəb üzrə ikinci summativ qiymətləndirməyə heç kifayət etməz. Sektor müdirinin o cür çıxış etməsi doğru yanaşma deyil, ən azından deyilərdi ki, məsələ araşdırılacaq. Kağız verilməyinə verilir, ancaq nə qədər verilir, deyən yoxdur. Direktor var kağızı satır, direktor var ki, məktəbə printer alıb, müəllimlərə, şagirdlərə pul ilə istifadə elətdirir, bazara çevirib öz qazancını qurur, direktor var, bufetdə satdırır. Yəni bu kimi hallar bütün məktəblərdə olmasa da, bütün regionlarda demək olar ki var. Səs yazısı yayılan direktor də uşaqdan pulu elə istəyir ki, sanki, belə də olmalıdır. Birinci növbədə kağız ilə məktəb tam təmin olunmalıdır. Tam təmin olunmursa, burada direktor istər istəməz cibindən xərc çəkməlidir və ya müəllimlərdən də kömək istənilə bilər. Yəni “müəllimlər, bu qədər kağız verilib, istifadə olunub, bitdi, mən də yenidən aldım, yenə çatmadı, zəhmət olmasa, imkanı olan şəxs 1 paçka alsın, imkanı az olanlar iki müəllim ilə birləşib kağız ala bilər və s. Tələb yox, xahiş edə bilər. Müəllim də istəsə edər, istəməsə etməz. Kağızın qiyməti minimum 8 manatdır. 5 paçka alanda 40 manat edir. Mən necə etmişəm demirəm, kimsə deməsin özünü tərifləyir. Nəticəyə gəldikdə istər müəllim olsun, istər şagird, pul istənilməsi yolverilməzdir.
E.Ramizoğlu qeyd etdi ki, məktəblərdə kağız probleminin yaranmasının əsas səbəbi summativ qiymətləndirmələrin keçirilməsində külli miqdarda ağ vərəqlərə ehtiyac yaranmasıdır:
- Summativ qiymətləndirmələrdə təbii ki, kağıza ehtiyac yaranır. Hər şagird sayına görə bir summativdə 1 ədəd A4 vərəqi istifadə olunur. Avadanlıqları olan məktəblərdə elektron üsuluna keçiddən istifadə edilir. Ancaq bu, ümumi faiz nisbəti ilə çox azdır. Hesab edirəm ki, elektron variant daha əlverişlidir, həmçinin bu kağız, əlavə yazılarla yüklənmək problemlərini də köklü həll edər.
Yaşanan problem barədə rəy bildirənlər ölkədə təhsilin acınacaqlı durumda olduğunu yazıblar. Sosial şəbəkə istifadəçiləri bildirir ki, summativ ideyasını tərtib edənlər əvvəlcə tələb olunacaq ləvazimat haqqında da düşünməliydilər. Ümumiyyətlə, kağızdan istifadəni minimuma endirmək haqda düşünülsə, daha yaxşı olar. Kompüterləşmə inkişaf etməlidir. Elektron sistemə nə vaxt keçid etməyi düşünürlər? Dünyanın sonu olanda?! Rəy bildirənlər kağızın problemin yalnız biri olduğunu, printer, katric, katricin doldurulmasının da problemə çevrildiyini yazıblar:
Rübabə Abdullayeva: Ay müəllim, bu kağız alındı, tapıldı və s. Əsas printer və katric məsələsidir. Qarşıdan BSQ gəlir. Hər məktəb müxtəlif üsullarla həll etməyə çalışır. Amma əsas odur ki, bu məktəbin problemi evlərə, valideynlərin ciblərinə girməsin.
İsa İbadov: Rübabə Abdullayeva, xahiş edirəm yazın, katrici neçə doldurur və tozunu hardan əldə edirsiz? Bu işi özüm etdiyim üçün əziyyətli olduğunu bilirəm. Tozu da qaldırıb 5-6 manat ediblər, katriçi 10-12 manata doldururlar.
Zamin Babayev: Bu summativ problemi illərdir həll edilmir. Ya kağız olmur, ya da printer. Regional idarəyə printerlə bağlı 2 ay olar müraciət etmişəm, hələ heç bir nəticə yoxdur.
Nailə Səidə Cəfərova: Uşaqlar keçmişdə yoxlama dəftərini evdən gətirdikləri kimi summativ üçün vərəqlərini də evdən gətirsinlər, problem həll edilsin.
Azər Həsrət: İş ondadır ki, uzun illər ərzində məktəblərin təminatı mənimsənilib. Bu işi təhsil idarələrindəki bəzi şərəfsiz məsul şəxslərlə məktəblərin təsərrüfat müdirləri birlikdə ediblər və təəssüf ki, hələ də edənlər qalır. Odur ki, hazırda Bakı məktəblərindən birində cəmi 3 sinif bitirmiş təsərrüfat müdirini (onun necə bu vəzifəyə təyin edilməsi də araşdırılmır nə sirdirsə) işdən çıxara bilmirlər. Açıq şəkildə hamını şantaj edir ki, sizinlə birlikdə söküb-dağıtdığımı deyəcəyəm. Əslində isə Azərbaycan dövləti o gündə deyil ki, məktəblərin təchizat və təminatını gerçəkləşdirə bilməsin. Yəni demək istəyirəm ki, məktəblərə verilməli olan təminat malları, vəsaitlər mənimsənilir. Direktorların çoxu da rüşvətə qurşandığı üçün bunun qarşısında səsini çıxara bilmir, müəllimləri və şagirdləri məcbur edir ki, kağız, süpürgə, nə bilim, lampa alsınlar. Yəni əsas dilənçilər daha yuxarıda oturublar və dövlətin onlara göstərdiyi etimaddan sui-istifadə edərək belə iyrənc hallara səbəb olurlar...
Cəmilə İbrahimli: Mən printer üçün cibimdən xərc çəkib Gəncəyə aparıb düzəltdirmişəm.
Nur Ay: Ümumiyyətlə, mən təklif edirəm ki, məktəbə göndərilən bütün məhsulun üzərində “Satışı qadağandır” yazılsın, hərbidəki kimi, bəlkə bu neqativ hal aradan qalxar.
Gültəkin Həzisoy: Kağız 10-11 manat olub. 7 ildir özüm etmişəm test işini. Valideynlər də sağ olsun, elə bilirlər ki, borcumdur artıq.
Vüsalə Rüstəmova: Xərci azaltmaq üçün KSQ və BSQ-lər kompüterdə olmalıdır. Hər il ona görə fond pulu yığırıq, valideynlər də narazılıq edir.
Nərminə müəllimə: Bizim məktəbdə "dədə-baba" yoxlama dəftəri qaydasında yazdırırıq summativi... Nə şiş yanır, nə kabab...
Müəllimə Xanım: Şagird kömək edəndə nə olar ki?! Təbii ki, könüllü. Biz şagird olan zaman yoxlama yazı, ifadə, inşa dəftərlərini özümüz verirdik müəllimə. Riyaziyyatdan il ərzində 2-3 dəftər olurdu hətta. Hər şeyi yükləyək yazıq müəllimin üstünə!
Şaiq Məmmədov: İndiyədək (sentyabrdan bugünədək) mənə məktəb tərəfindən 600 ədəd A4 verilib, 1-11-ci siniflər üçün... 1 paçka da özüm almışam, hamısı bitib.. Hələ BSQ qabaqdadır.
Aytən Əsgərova: Kağız “paçkası” 10 manat olub. Katricin mürəkkəbini 7-8 manata doldururlar. Mən özüm edirəm. Məktəblərə bəlkə də ayrılır. Kimlər yeyir, məlum deyil. Sanki şagirdin borcu imiş kimi summativ pulu tələb etmək doğru deyil. Tələbi nazirlikdən istəmək lazımdır. Əvvəl dəftərə yazılırdı. Üstəlik, müəllimlərə yazı işi pulu verilirdi. İndi yoxdur. Müəllim var az maaş alır. Aldığını da kağız-kuğuza verir.
Samir Həsənov: Summativi adi dəftər kağızında yazdırmaq olmaz?
Sahin Məmmədov: Məktəblərə kağız ayrılır. Məktəb direktoru maliyyəçidən asılı deyilsə, o, kağızı və digər vəsaiti olduğu kimi rahatlıqla ala bilir. Əks təqdirdə, günah direktordadır.
Mayil Ağaxanov: Regional təhsil idarələri Elm və Təhsil Nazirliyinin pul yığım idarələridir. Mənim 3 uşağım məktəbdə oxuyur. Hər uşaga gorə tədris ilinin əvvəlindən məndən 11 manat summativ pulu alıblar! Bu pulun yığılmasından başda nazir olmaqla hər kəsin məlumatı var! Amma əncam çəkilmir və inanmıram da bundan sonra nə vaxtsa buna son qoyulsun! Çünki barmaqla sayılası qədər tanıdığım məktəb direktoru (biri də Sizsiniz) var ki, regional təhsil idarələri imkan vermirlər ki, onlar işləsinlər!
Əlihuseyn Yaqubov: Təhsil Qanunundan "Valideynlərin hüquq və vəzifələri" hissəsindən bir bəndə baxsaq, (34.1.4. təhsil müəssisəsi ilə əməkdaşlıq etmək, tədris prosesinin təkmilləşdirilməsi və maddi-texniki bazasının yaxşılaşdırılması üçün təkliflər irəli sürmək və könüllü yardımlar etmək) sizin dediyiniz kimi, heç kim bu işə məcbur edilə bilməz, amma valideyn də bu işdə könüllü olaraq dəstək ola bilər. Ümumi olaraq bu işdə bizim bəxtimiz gətirib, çünki insanlara qanunları izah etdikdə anlayışla qəbul edirlər. O ki qaldı səs yazısına, orada insanlara konkret olaraq hökm oxunur.
Aytən Ağalarova: Kağız nə qədər verilir? 500+ şagirdi olan məktəbi 15 paçka görərmi sizcə? Bunun məktəb sənədləşməsi var, monitorinqi var. Hər sinfə 1 ədəd versək belə say çatmır 22 sinif üzrə.
Aynur Qurbanova: Tək kağızla iş bitmir. Printer də lazımdır. Printer məktəblərə verilir. Amma məktəbin bütün şagirdləri üçün testləri bir printerlə yəqin ki, çatdırmaq olmaz.
Zamin Təhməzov: Məktəblərin 99 faizində summativ problemi var, bunu 1-ci sinif şagirdi də bilir.
Aysel Vəliyeva: Bilmirəm, hansı məktəbə nə qədər kağız verilir, amma... İşlədiyim məktəbdə 4200 şagird təhsil alır. Hər sinifdə 40-a yaxın uşaq var. 5 sinfim var - 200 şagird. Azərbaycan dili və ədəbiyyat müəllimiyəm. Yarım il ərzində minimum 3-4 Ksq, Bsq olur. Hələ bunun ədəbiyyatı da var. Özümü alçaldıb şagirddən pul yığmıram. Yığanları da qətiyyən qınamıram. Qanun nə deyir, bilmirəm, amma insaf da dinin yarısıdır...