Prezident İlham Əliyevin yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsi çox vacib məqamlara aydınlıq gətirdi. Dövlət başçısı bu müsahibəsi vasitəsi ilə Azərbaycanın gələcək hədəflərini daxili və beynəlxalq ictimaiyyətə daha aydın və konkret şəkildə çatdırmış oldu.
Anlaşıldı ki, 44 günlük Vətən müharibəsində Qarabağ və Şərqi Zəngəzur torpaqlarını işğaldan azad edən Azərbaycan bu dəfə həmin müharibənin yaratdığı reallıqlar nəticəsində Qələbə statusunu möhkəmləndirməklə yanaşı, eyni zamanda tarixi torpaqlarımıza qayıdışı təmin etmək üçün qarşsına çox böyük bir məqsəd və hədəf qoyub.
Azərbaycan qonşuları ilə, xüsusilə də bədnam Ermənistanla gələcək perespektiv üçün siyasətini açıq elan etməkdən qəti çəkinmir, nə də bunu gizlətmək fikrindədir. Lakin eyni sözləri Ermənistan siyasi hakimiyyəti haqqında deyə bilmərik. Sirr deyil ki, rəsmi İrəvan bu gün üçüncü və digər kənar müdaxilələr nəticəsində regionda sülhə mane olmaq üçün hər gün yeni bir məkirli plan axtarışındadır.
O da Azərbaycana və artıq rəsmi İrəvana bələd olan digər ölkələrə çox yaxşı bəllidir ki, Ermənistan sərhəddə eskalasiya ilə razılaşmaları sıfırlamaqda, danışıqların yeni şərtlərini formalaşdırmaqda maraqlı tərəfdir. İrəvan keçən ilin sentyabrında baş verən lokal hərbi toqquşma zamanı sərhəddə “itirdiyini” hesab etdiyi hansısa mövqeyi ələ keçirmək, bu şəkildə bölgədə vəziyyəti gərgin saxlamaqla Bakının diqtə etdiyi sülh danışıqlarında əlini gücləndirmək üçün özünü cilddən cildə salaraq çıxmadığı oyun qalmayıb.
Bu gün biz görürük ki, Ermənistan baş naziri hətta Qərbin Ukraynaya göstərdiyi hərbi və siyasi dəstəyin eynisini Azərbaycan qarşısında əldə etmək üçün tamamilə Parisdən gələn əmrlərə, sifarişlərə fokslanmış vəziyyət alıb. Bu səbəbdəndir ki, Ermənistan hərbi-siyasi rəhbərliyi artıq tarix boyu onu himayəsində saxlayan, Cənubi Qafqazda işğalçılıq siyasətinə ən böyük dəstəyi verib, coğrafiyasının qonşu dövlətlərin əraziləri hesabına genişlənməsində həmn siyasi, həm də hərbi yardımçı olan Rusiyanı indi özünə yad ünsür kimi qələmə verməkdən belə çəkinmir.
Nikol Paşinyanın Rusiyanın ölkəsindəki hərbi mövcudluğunu təhdid adlandırması bunun növbəti bariz nümunəsidir. Rusiyanın Ermənistandakı hərbi mövcudluğunun Ermənistanın təhlükəsizliyini təmin etmədiyini, əksinə ona təhdid yaratdığını dilə gətirən Ermənistan baş naziri, bu tip açıqlama ilə Rusiyanın orbitindən çıxmaq üçün Moskva ilə İrəvan arasındakı bağları tamamilə kəsmək niyyətini gizlədə bilmir.
Paşinyan hakimiyyətdə olduğu 5 ilə yaxın dövrdə Ruisya əleyhinə ziddiyyətli çox açıqlama verib, xüsusilə də İkinci Qarabağ müharibəsindən sonrakı mərhələdə biz bunu KTMT-yə ittiham fonunda açıq şahid olduq. Ancaq nəzər salsaq görərik ki, Paşinyan Rusiyanın ünvanına hələ bu cür sərt ifadələr səsləndirməmişdi. Zərrə qədər də istisna edilmir ki, onu bu açıqlamalara son bir neçə il ərzində görüşdüyü Qərb liderləri, diplomatları və kəşfiyyat rəhbərləri həvəsləndirib.
Amma Ermənistanın destruktiv və naşı siyasətinin fiaskosu təkcə İrəvvan daxilində deyil, eyni zamanda Qarabağ separatçıları arasında da çox aydın sezilməkdədir. Belə ki, Qarabağ separatçıları müxtəlif ölkələrə Laçın yolundakı aksiyanıı bəhanə gətirərərk Azərbaycan əleyhinə, heç bir əsası olmayan "Qarabağ ermənilərinin vəziyyəti ağırdır, bizə kömək edin” kimi qarayaxma kompaniyasına start verdiyi bir vaxtda separatçıların “parlamentinin sədri” Artur Tovmasyanın Qarabağda növbədənkənar “prezident və parlament seçkilərinin” keçirilməsini təklif etməsi rus sülhməramlıların müvəqqəti nəzarət zonasında əli ətəyindən uzun olan qondarma rejim qalıqları arasında ciddi parçalanmanın olduğundan xəbər verir.
Çünki quldurbaşı Ararik Arutunyan və Rusiyada çirkli pulların yuyulmasına görə ad çıxaran Ruben Vardanyan beynəlxalq aləmin Azərbaycana təzyiq etməsini istəyərkən Tovmasyanın “seçki keçirək” təklifi ilə çıxış etməsi əslində, qondarma rejim arasında çox ciddi bir problemin olduğuna işarədir. Biz bu parçalanmanı Rusiyanın faktiki nəzarətindəki ərazidə yerli ermənilər arasında nüfuza malik olan Vitali Balasanyanın "vəzifəsindən" uzaqlaşdırılması ilə Ruben Vardanyan ətrafında aparılan təmərküzləşmə prosesinin sürətləndirilməsi hadisəsi də bu qəbildən olan hadisələrin tərkib hissəsidir.
Separatçıların “Təhlükəsizlik Şurasının katibi” Vitaliy Balasanyanın istefaya göndərilməsindən narazı olan Artur Tovmasyanın Araik Arutyunyandan və Ruben Vardanyandan narazılığı var ki, onların yerinə öz iddiasını ortaya qoymaq niyyətini ortaya qoydu. Bu vəziyyət Xankəndində maksimum 40 min erməninin başı üstündə ağalıq etmək üçün "kreslo davasının" hər ötən gün dərinləşdiyindən xəbər verir. Amma haylar anlamırlar ki, o ərazilərdəki etnik ermənilər yaxın gələcəkdə məhz Azərbaycan bayrağı altında, Azərbaycan qanunlarının diqtə etdiyi şəkildə yaşamaq hüququ qazanacaqlar və bu cür naşı idarəçilikdən xilas olacaqları tarix heç də uzaqda deyil.
Sosial medianın erməni seqmentində və düşmənin media orqanlarında Rusiya sülhməramlılarının məsuliyyət bölgəsində qeyri-qanuni fəaliyyət göstərən qondarma rejimin "Milli Təhlükəsizlik Xidməti" bir erməni hərbi qulluqçunun "dövlətə xəyanət" ittihamı ilə yaxalandığı haqda məlumat yayması faktını elan etməsi ilə bağlı məlumatlar artıq Qarabağın dağlıq hissəsindəki vəziyyətin acınaqcaqlı hal aldığından xəbər verir. Xəbərdə yerli vətəndaş olan hərbi qulluqçunun 2021-ci ilin iyul ayında xarici dövlətin (yəqin ki, Azərbaycan nəzərdə tutulur) xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb olunduğu məlum olub. Adı açıqlanmayan şəxsə ittiham elan edilib, həbs edilib.
Belə nəticə çıxır ki, separatçı qurum birazdan sülhməramlıların müvəqqəti nəzarətindəki bütün etnik erməniləri də "dövlətə xəyanət"də ittiham edəcək. Çünki bu rejimdən qurtulmaq, bu qondarma qurumun boyunduruğu altında yaşamaq istəməyənlərin sayı hər gün artır. O ermənilər zor, müxtəlif maneələr hesabına bu gün qondarma rejimin nəzarətində yaşamağa məcbur edilir...
Azərbaycanın artıq bir aydan çoxdur Laçın-Xankəndi yolunda davam etdirdiyi dinc aksiya öz səmərəsini göstərməyə başlayıb. Bakının bu gözlənilməz həmləsi qarşılığında bşını itirən İrəvan qondarma rejim qalıqlarına açıq etiraf etməyə başlayıb ki, bizim sizə kömək etmək, düşdüyünüz bu vəziyyətdən çıxış yolu tapmaq üçün əlimizdən nəsə gəlmir. Bunu Nikol Paşinyanın son açıqlamasından açıq sezmək mümkündür.
Paşinyan separatçılara deyib ki, İrəvan Laçın yolu məsələsində onlara “hüquqi və maliyyə” yardımından başqa heç nə edə bilməz. Bu mənzərə separatçıların düşdüyü vəziyyəti təsəvvür etmək üçün ən ideal seçimdir. Görürük ki, aksiyanın ilk günləri çox atılıb-düşmələrinə baxmayaraq Rusiya sülhməramlıları bu gün proseslərə müdaxilə edə bilmir, Ermənistan isə yaxasını kənara çəkməkdən başqa çıxış yolunun qalmadığını anlayır.
Paşinyan dərs çıxarmalıdır
44 günlük müharibə zamanı Bakı hərbi əməliyyatların dayandırılmasının əsas şərti kimi rəsmi İrəvandan ərazilərdən çıxma qrafikini verməsini tələb edirdi. Hazırda isə vəziyyət və şərtlər tamamilə fərqlidir. Bakının hazırda əsas tələbi təbii sərvətlərin talan edilməməsi və Laçın yolundan sırf humanitar məqsədlərlə istifadə etmək üçün nəzarət yoxlama məntəqəsinin qurulmasından ibarətdir. Belə aydın olur ki, müharibə İrəvanın Bakıya qrafik verdiyi vaxta bitdiyi kimi Laçın yolundakı aksiya da azərbaycanlı ekoloqların, məmurların Qarabağın dağlıq hissəsində rahat şəkildə təftiş aparmaq üçün uyğun şəraitin yaradılacağı, nəzarət yoxlama məntəqəsinin qurulacağı zaman dayanacaqdır. İndi Bakı bunu qarşı tərəfdən olduqca mülayim şəkildə istəyir. Amma bu mülayimliyin Ermənistanın destruktiv mövqe sərgiləməkdə davam edəcəyi təqdirdə "Komando fırtınası" ilə əvəzlənəcəyi də istisna edilmir.
Ermənsitan 44 günlük müharibənin sonuncu gününə qədər destruktivlik nümayiş etdirib, Azərbaycanın tələbləri ilə razılaşmaq istəmirdi. Lakin, müharibə uzandıqca Azərbaycanın tələblər siyahısı da uzanırdı. Hazırda da İrəvan Bakının haqlı tələblərini icra etməkdən boyun qaçırmaqla ona qarşı irəli sürülən tələb-təzyiqləri artırmış olur. Necə ki, 44 günlük müharibənin bitdiyi 3 il ərzində üçtərəfli bəyanatın müddəalarını icra etməkdən boyun qaçırmaqla Ermənistan tərəfi Azərbaycanı vadar etdi ki, onun sülhü sabotaj edən addımlarına, qərarlarına qarşılıq Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını önə çıxararaq qarşıdakı növbəti hədəfi kimi məhz bu məsələnin həlli istiqamətində olduqca önəmli, qəti addımlar atsın.
Bəli, Ermənistandan fərqli olaraq Azərbaycan üçün işlər istənilən səviyyədə var sürəti ilə davam edir. Belə ki, Ermənistan daxili və Qarabağdakı separatçılar arasındakı parçalanma fonunda rəsmi Bakı xarici siyasətdə üstünlüyünü artırmaqda, əlini daha da gücləndirməkdə, özünə yeni müttəfiqlər axtarmaq, tərəfdaşlar toplamaqda davam edir. Azərbaycan bu istiqamətdə düşünülmüş, proqmatik və uzunmüddətli perespektivə hesablanmış addımlar ilə dünyanın diqqətini öz üzərinə çəkməkdədir.
Son belə addımlardan biri İlham Əliyevin Birləşmiş Ərəb Əmirliyinə işgüzar səfərini göstərmək olar. Belə görünür ki, dövlət başçısının biu səfəri Bakı-Əbu-Dabi xəttində isti münasibətlərlə yanaşı, BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı baş tutmayan qətnamə cəhdi fonunda da əhəmiyyətlidir.
Nəzərə alsaq ki, Fransa-Ermənistan cütlüyünün BMT TŞ-də Laçın yolundakı aksiyaya görə Bakıya qarşı qəbul etdirmək istədiyi qətnaməyə qarşı çıxan ölkələrdən biri BƏƏ idi, demək ki, Azərbaycan xarici diplomatik əlaqələrini Əbu-Dabi ilə daha da inkişaf etdirmək və gələcək perespektivdə bunun növbəti xeyirli nıticəlırindın yararlanmaq niyyıtindədir.
Məlumdur ki, Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan BƏƏ-nin bu səlahiyyəti 2023-cü ilin sonunda başa çatır. O zamana kimi kimi Əbu-Dabi Təhlükəsizlik Şurasında həlledici söz haqqına sahib dövlətlərdən biridir. Görünür ki, Bakı qarşıdakı 1 il ərzində BƏƏ-nin növbəti həlledici səsinə ehtiyac duyacağını dəqiq bilir.
Qaydalara görə daimi və qeyri-daimi üzvlərin hər biri il ərzində bir ay müddətində TŞ-yə sədrlik edir. Bu mənada BƏƏ-nin növbəsi bu ilin iyun ayına təsadüf etdiyi nəzərə alsaq, ehtimal etmək olar ki, Bakı Qarabağda və sərhəddə müəyyən praktiki addımlarını məhz həmin dövrə planlaşdıra bilər, separatçı rejimin təxribatlarını və Ermənistanın heç bir öhdəliyinə əməl etmədiyini nəzərə alsaq, bu prosesin icrası artıq zərurətə çevrilməkdədir. Bundan öncəki hadisələrə nəzər salsaq, belə bir vəziyyətdə BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı beynəlxalq təzyiq dalğası yaratmaq cəhdlərinin olacağı şübhə doğurmur. Çox güman ki, İlham Əliyev də BƏƏ-yə səfəri ilə bu ölkənin Azərbaycana dəstəyini möhkəmləndirmək, mümkün addımlar zamanı beynəlxalq müstəvidə proseslərin inkişafını Azərbaycanın lehinə dəyişdirmək üçün öncədən işini ehtiyyatlı tutmaq niyyətindədir.
Əliyev mümkün eskalasiya riskinə, erməni təxribatlarına qarşı hazırlığa başlayıb. Laçın yolundakı aksiyanın davam etməsi fonunda erməni əhalisinin Azərbaycan cəmiyyətinə inteqrasiyası məsələsi daha da aktuallaşır və separatçılar da, ruslar da, erməni diasporu-lobbisi və onların müdafiəçisi olan ölkələr də hadisələrin bu cür axarından məmnun deyil. O səbəbdən də erməni əhalisinin Bakıya düşmənçiliyinin, nifrətinin pik həddə çatdırılması və mümkün təmasların sıradan çıxarılması məqsədilə Qarabağda təxribatlar törədiləcəyi riskinin yüksək olduğunu yaxşı anlayan, dövlət başçısı lokal hərbi əməliyyatların, antiterror əməliyyatlarının qaçılmaz olacağını hər çıxışında qarşı tərəfə, onun havadarlarına açıq şəkildə bəyan edərək, Ermənistanı bu addımlardan çəkindirməyə çalışır. Amma Bakı 44 günlük müharibə ilə bunu bütün dünyanın gözü önündə Ermənistana praktiki olacaq necə edildiyini də nümayiş etdirib.
Yanvarın 14-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirədə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə hərbi birlik və birləşmə komandirləri iştirak etməsi, Azərbaycan-Ermənistan şərti sərhədində və bölmələrin döyüş hazırlığının yüksək səviyyədə saxlanılması, eləcə də baş verə biləcək istənilən təxribatın qarşısının alınmasına hər an hazır olunması barədə konkret tapşırıqlar istənilən an bölgədə vəziyyətin gərginləşmək ehtimalının yüksək olduğundan xəbər verir. Konkret desək, Zakir Həsənov Orduya “Hazır ol” əmri verdi.
Yeni ilin ilk günlərində yerli telekanallar müsahibəsi zamanı Prezident İlham Əliyevin "2023-cü il Ermənistan üçün sonun şansdır" deməsi. o mənanı verir ki, İrəvan bu il sülhdən danışıqları və onun imzalanması üçün istifadə etməyəcəyi təqdirdə biz bunu növbəti ilə buraxmaq fikrində deyilik. Amma sülh müqaviləsini imzalamamaq üçün vaxtı uzadan Nikol Paşinyan anlamır ki, vaxtın uzadılması çıxış yolu yox, Ermənistanın sonu ola bilər. Ermənistan nə qədər destruktivlik nümayiş etdirsə də bu və ya başqa şəkildə Azərbaycanın istəklərini yerinə yetirmək məcburiyyətində qalacaq./Atabəy Türkel, Manşet.az