Son vaxtlar ölkədə həyata keçirilən islahatlar inzibati ərazi bölgüsündə də yeni mərhələnin başlaması barədə müzakirələri gündəmə gətirib.
Bu islahatlardan biri kimi bugünlərdə Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəsi təyin edilib. Bir neçə müddət bundan öncə isə Qarabağ iqtisadi rayonunda Prezidentin xüsusi nümayəndəliyi fəaliyyətə başlayıb.
Ölkəmizdəki yerli icra hakimiyyətlərinin fəaliyyətinin qənaətbəxş olmadığı məlumdur. Hətta ölkə başçısı da bununla bağlı yerli icra başçılarına öz tənqidi fikirlərini bildirib:
“Mən bütün icra başçılarını vəzifəyə təyin edərkən göstərişlərimdən biri o idi ki, korrupsiyaya, rüşvətxorluğa qarşı biz amansız mübarizə aparmalıyıq və icra başçıları burada nümunə olmalıdırlar. Əfsuslar olsun ki, bəziləri əyri yolla gediblər və bu gün bunun acısını çəkirlər. Bu, hər bir dövlət məmuru üçün dərs olmalıdır. Rayonların inkişafı ilə bağlı siz özünüz təşəbbüs göstərməlisiniz. Bəzi hallarda yerli icra orqanları bir qədər tənbəllik edirlər, ya gözləyirlər ki, dövlət tərəfindən hansısa layihələr icra ediləcək, ya da ki, sahibkar gəlib onların qapısını döyəcək. Əminəm ki, hər bir rayonda, hər bir yerdə müasir idarəetmə qaydaları tətbiq olunarsa, bir çox problemlər aradan qaldırılacaq. Bax, dövlətin siyasəti bundan ibarətdir”.
Son dəyişikliklər icra hakimiyyətlərinin ləğvindən xəbər verir və belə olduğu təqdirdə hansı yeniliklər gözlənilir?
DİA.AZ-ın məlumatına görə, iqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya bildirib ki, icra hakimiyyətlərinin ləğvi ilə bağlı hökumət tərəfindən “ipucu”, yaxud dəyişikliyin modeli barədə açıqlama verilmir:
“Ancaq ən azından gedişat onu göstərir. Mənim fikrimcə, Bakıda bu sayda rayonun olmasına ehtiyac yoxdur. Belə ki, Bakı ilə birgə 80 rayon, hər birnin icra başçısı, hərəsinin polis rəisi, prokuroru var. Bu, həm büdcəyə əlavə yükdür, həm də idarəetmədə əlavə problemlər yaradan amillərdir. Prezidentin fərmanı ilə iki il bundan öncə 14 iqtisadi rayon yaradılıb. O cümlədən, Şərqi Zəngəzur, Naxçıvan, Qarabağ da buraya daxildir. Bu iqtisadi rayonların inzibati ərazi vahidinə çevrilməsi lazımdır. Çünki iqtisadi rayon anlayışının bizim qanunvericilikdə statusu yoxdur. Ona görə də konstitusion islahatlara ehtiyac var. İcra hakimiyyəti institutu ləğv edilməlidir. Onsuz da gözdən düşmüş, insanların çox narazı olduğu, hətta Prezident tərəfindən də dəfələrlə tənqid olunan bir institutdur. Həmin 14 iqtisadi rayon inzibati ərazi vahidinə çevrilməlidir. Bu 14 inzibati ərazi vahidinə Prezidentin səlahiyyətli nümayəndəsinin təyin olunması mümkündür və labüddür”.
Ekspert bildirib ki, digərləri ilə bağlı bələdiyyə institutunun gücləndirilməsi mümkündür:
“Bütün sivil dünyanın getdiyi yol da budur. Yəni Böyük Şəhər Bələdiyyələri, rayon bələdiyyələri, eləcə də Böyük Şəhər Bələdiyyə və rayon bələdiyyələrinin sədrlərinin seçkisinin keçirilməsi, mərkəzi hökumətlə yerli özünüidarəetmə orqanları arasında səlahiyyət və məsuliyyət bölgüsünün dəqiq aparılması Konstitusiyada öz əksini tapmalıdır. Bu da idarəetmənin təkmilləşdirilməsinə, vətəndaşlarla yerli özünüidarəetmə institutu arasında bir bağın, asılılığın yaranmasına səbəb olacaq. Çünki seçkili orqanlar həmişə vətəndaşdan daha çox asılıdırlar və onlara xidmət etməkdə daha çox maraqlı olacaqlar”.