DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan DİA.AZ-a verilən məlumata
görə, Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-
axtarış tədbirləri nəticəsində rayonun Veyisli kəndi ərazisində silsilə oğurluq
hadisələri törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb. Araşdırmalar zamanı
məlum olub ki, Kəlbəcər rayonunda qeydiyyatda olmaqla Goranboy rayon Veysli
kəndində yaşayan Baloğlan Zeynallı tanışları Səxavət İbrahimov, Elvin Şirinov və
Cavid Hüseynov ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında müxtəlif
vaxtlarda vətəndaşlara məxsus ümumi dəyəri 4000 manatdan çox olan 24 baş xırda
buynuzlu mal-qaranı oğurlayıb. Bundan başqa B. Zeynallı və S. İbarhimovun
həmkəndlilərinə məxsus dəyəri 1000 manat olan iri buynuzlu mal-qaranı da
oğurlaması məlum olub. Saxlanılan şəxslərin ətrafında aparılan istintaq-əməliyyat
tədbirləri nəticəsində onların Tərtər rayon sakinləri Samid Vəliyev və Vəhruz
Alıyev ilə razılaşıb oğurladıqları mal-qaranı sonunculara satması da məlum olub.
Bundan başqa şöbə əməkdaşlarının ayrı-ayrılıqda keçirdikləri digər
əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 300 manat dəyərində 30
ədəd dəmir dirəkləri oğurlamaqda şübhəli bilinən Rövşən Qasımov, 680 manat
dəyərində plastic su borusunu oğurlamaqda şübhəli bilinən İsmət Məmmədov və
vətəndaşın evindən 170 manat nağd pulu oğurlamaqda şübhəli bilinən Mehdi
Sərdarov da saxlanılıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.