Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentin iclasında Azərbaycanla sərhədlərə KTMT-nin deyil, Avropa İttifaqı müşahidəçilərinin gətirilməsinin “səbəbləri” barədə danışıb.
Erməni mediası xəbər verir ki, Paşinyan dolaysıyla bu addımı KTMT ilə Azərbaycanı qarşı-qarşıya qoymaq cəhdlərinin baş tutmadığı üçün atdığını etiraf edib.
Paşinyan iddia edib ki, guya, KTMT-dən onlar üçün prinsipial məsələyə aydınlıq gətirilməsini - Ermənistanda məsuliyyət zonasını dəqiqləşdirməyi xahiş ediblər: “Yəni, bizə desin ki, Ermənistan Respublikasını hansı sərhədlərdə təsəvvür edirlər. Bu sualın dəqiq cavabını ala bilmədik...”
Əslində isə Paşinyan hələ delimitasiya olunmayan sərhəddəki mübahisəli ətrazilərin Ermənistana aid olduğunu iddia edərək KTMT qüvvələrinin ora yerləşdirilməsinə və beləliklə, Azərbaycanla üz-üzə gəlməsinə cəhd edirdi. KTMT-yə üzv dövlətlər bundan imtina etdiyindən Paşinyan Ermənistanı Avropada “bazara çıxardı”...
Paşinyan isə bunu Avropa İttifaqının mübahisəli əraziləri Ermənistan ərazisi kimi “tanıması” kimi izah edir: “ Digər tərəfdən, Aİ missiyası göndərmək ona görə mümkün oldu ki, Praqada dördtərəfli görüşdə Aİ Ermənistan ərazisini dəqiq cızdı... Yəni dedilər ki, onlar Ermənistan Respublikasının xəritəsini belə təsəvvür edirlər. Yaxud da biz dedik, onlar bunu nəzərə alaraq təsdiqlədilər. Onlar bu ərazinin monitorinqi üçün gəlirlər”.
Paşinyan Aİ müşahidəçilərinin Ermənistana yerləşdirilməsi məsələsində “daha bir incəliyə” toxunub. Onun sözlərinə görə, guya, Aİ müşahidəçilərinin Ermənistana göndərilməsi qərarı verilənədək Bakı Ermənistanı Rusiya ilə birlikdə Azərbaycana qarşı təcavüzə hazırlaşmaqda ittiham edib.
“Qərb tərəfdaşlarımız da bizə çəpəki baxmağa başlamışdılar, deyirdilər ki, siz gerçəkdən də aqressiv hərəkətlərə hazırlaşırsız, çünki Rusiya və Ermənistan əsgərlərini sərhədə yığırsız. Azərbaycana hücuma hazırlaşırsız, azərbaycanlılar yüksəklikləri tutmağa çalışırlar ki, vəziyyəti balanslaşdırsınlar. Biz də dedik ki, lap yaxşı, gəlin yerində baxaq, görək bütün bunlar reallığa uyğun gəlir, yoxsa yox”, – Paşinyan qeyd edib.
Paşinyan növbəti dəfə saxtakarlıq edərək, kommunikasiyaların açılmasına hazır olduğunu iddia edib. Ancaq yenə də Zəngəzur dəhlizi ilə bağlı öhdəliklərini yerinə yetirmək istəmədiklərini bildirib. Buna haq qazandırmaq üçün isə 2020-ci ilin 9 noyabr atəşkəs bəyanatında dəhliz sözünün yazılmamasını bəhanə edib.
Xatırladaq ki, Avropa İttifaqı ötən ilin oktyabrdan dekabrınadək Azərbaycan-Ermənistan sərhədinə iki aylıq missiya yerləşdirilib. Qurum 2023-cü ilin yanvarında Ermənistan-Azərbaycan sərhədinə yeni missiya göndərəcəyini açıqlayıb. Rəsmi Bakı iki aylıq missiyadan fərqli olaraq bu missiyanı təsdiqləməyib, öncədən razılaşdırılmadığını bəyan edib.