Bu il fevralın 1-dən etibarən Azərbaycanda fiziki şəxslərin əmanətləri üzrə ödənilən illik faiz gəlirləri yenidən vergiyə cəlb edilib.
Belə ki, depozitlərdən əldə edilən gəlirlər üçün 10 faiz vergi tətbiq olunur. Bu qərar vətəndaşların banka yüksək məbləğdə pul qoymasına necə təsir edəcək?
Mövzu ilə bağlı banklar üzrə ekspert Əkrım Həsənov açıqlama verib.
O, sözügedən qərarın gözlənilən olduğunu deyib:
"Vətəndaşın banka qoyduğu pulun üzərinə gəlir gəlirsə, bu artıq bank əmanəti olur. Bank əmanəti üzrə də 10 faiz vergi tutulur. Son 7 il ərzində vətəndaşlar həmin vergidən azad edilmişdi. Amma bu il fevral ayının 1-dən etibarən həmin qayda yenidən qayıtdı. 2016-cı ildə vergidən azad olma haqqında maddə daxil ediləndə göstərilmişdi ki, 2023-cü ilin fevralın 1-də o vergi yenidən tutulacaq. Yəni burada qeyri-adi, gözlənilməz hal baş verməyib".
Ekspert bunun bəzən insanlar arasında çaşqınlığa səbəb olduğunu bildirib:
"Bəziləri elə bilir ki, bankda olan puldan 10 faiz vergi tutulur. Bu, belə deyil. Qoyulan vəsaitin üzərinə gələn gəlirdən faiz tutulur. Bu normal bir haldır. Hər kəsin gəlirindən vergi tutulmalıdır. Vətəndaş işləyir, əziyyət çəkir, maaş alır. Aldığı maaşdan da vergi verir. Amma burada elə deyil. Vətəndaşın artıq pulu varsa, onu bankda saxlayır. Bank ona əlavə gəlir ödəyir. Burada vətəndaş heç bir əziyyət çəkmir.
Biz vergini dövlətə ona görə ödəyirik ki, dövlət aparatı saxlanılsın, dövlət qulluqçularına, polisə maaş verilsin. Həmin polis insanları, vətəndaşların pul qoyduğu bankları ərazisini qoruyur. Bu məslənin sosial ədalətlə bağlı olan tərəfidir".
Ə.Həsənov vətəndaşların bankda pul saxlamalarına davam edəcəyini qeyd edib:
"İnsanların başqa seçimi, yəni pulunu saxlamaq üçün başqa yeri yoxdur. Tutaq ki, bank bizə 10 faiz gəlir ödəyir. Həmin 10 faizin 1 faizi vergiyə gedəcək. Vətəndaş yenə də 9 faizlik gəlirini əldə edə biləcək. Ona görə də bankda saxlanılan vəsaitlərin azalacağını düşünmürəm".