Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) 2018-2022-ci illəri əhatə edən silah satışları hesabatını açıqlayıb. Hesabatda dünyanın ən böyük silah idxalçıları və ixracatçıları, silah satışlarında qlobal trendlər yer alıb.
Shafaqadogru.com Modern az-a isdinadən xəbər verir ki, hesabata əsasən, 2018-22-ci illər arasında Avropa dövlətləri tərəfindən silah idxalı 47 faiz artıb, beynəlxalq silah transferlərinin qlobal səviyyəsi isə 5,1 faiz azalıb.
Davam edən müharibə fonunda Ukrayna 2022-ci ildə dünyanın üçüncü ən böyük silah idxalçısı (Hindistan və Qətərdən sonra), Ukraynaya ən çox hərbi dəstək verən ABŞ isə ən böyük silah ixracatçısıdır. Ancaq ABŞ-dan ən çox silah alan ölkələr Səudiyyə Ərəbistanı (ABŞ-ın bütün silah satışlarının 19%-i bu ölkənin payına düşür), Yaponiya (8.6%) və Avstraliyadır (8.4%).
Ukraynaya qarşı müharibə başladan Rusiya qeyd olunan dövrdə ikinci ən böyük silah satıcısı olub. Dünyada ümumi silah satışlarının 16%-i Rusiyanın payına düşür. Rusiyadan ən çox silah alan ölkələr Hindistan, Çin və Misirdir.
Qlobal silah satışlarının yarısından çoxu ABŞ və Rusiyaya payına düşsə də, SIPRI-nın 2013-2017-ci illəri əhatə edən hesabatı ilə müqayisədə birinci ölkənin silah satışları 7% artıb, ikincinin satışları isə 6% azalıb. Ekspertlər buna Rusiyaya tətbiq edilən sanksiyaların səbəb olduğunu bildirir. Dünyanın üçüncü ən böyük silah ixracatçısı olan Fransa da silah satışlarını artıran əsas ölkələrdən biridir. Hindistan hələ də dünyanın ən böyük silah idxalçısıdır.
Son illərdə pilotsuz uçuş aparatları (PUA), zirehli texnika və raket sistemləri ilə müdafiə sənayesində ciddi irəliləyiş əldə edən qardaş Türkiyə dünyanın 12-ci ən böyük silah ixracatçısıdır. Əvvəlki hesabatla müqayisədə silah satışlarını 2 dəfə artıran Türkiyə qlobal silah satışlarının 1.1%-ni əhatə edir. Türk silahlarının ən böyük alıcıları Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Omandır.
Qeyd edək ki, qardaş ölkə ötən il 4 milyard dollarlıq silah satıb, bu il silah satışlarını daha da artırmağı planlaşdırır. Diqqətəlayiq digər məsələ, ABŞ-ın Türkiyəyə silah ixracının azalmasıdır. Türkiyə ABŞ-dan ən çox silah alan 7-ci ölkədən 27-ci ölkəyə çevrilib. Buna səbəb dövlətlər arasında gərginlik və Türkiyənin yerli sənayesini inkişaf etdirməsidir.
Azərbaycanın əsas silah təchizatçılarından olan İsrail dünyanın 10-cü ən böyük silah ixracatçısıdır. İsrail silahlarının ən böyük alıcıları Hindistan, Azərbaycan və Filippindir. İsrail silahlarının müvafiq olaraq 37, 9.1, 8.5%-ni bu ölkələrə ixrac edir. Qlobal silah ixracatının 3.2 faizi Britaniyanın payına düşür. Ancaq Britaniyanın silah ixracatında son illərdə azalma müşahidə edilir.
Hesabatda Azərbaycanın silah alışında Rusiyadan asılılığının azaldığı görünür. Rəsmi Bakı, həmçinin silah aldığı ölkələrin sayını artırıb. İsrail və Türkiyə Azərbaycanın əsas silah tədarükçüləridir. Region ölkələrindən Ermənistan hələ də silah alışlarında Rusiyadan asılıdır. Ermənistanın silahlarının 90%-dən çoxunu Rusiya tədarük edir. Gürcüstan isə əsas silahlarını ABŞ və Fransadan alır.