Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən bayramla əlaqədar qeyri-iş günləri ərzində ümumilikdə 373 yanğına çıxış və 30 köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Bu barədə “Qafqazinfo”ya FHN-in Mətbuat xidmətindən məlumat verilib.
“Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi və insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən bayram günləri ərzində 17-si azyaşlı olmaqla 40 nəfər xilas edilib, 3 nəfər xəsarət alıb, yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Həmçinin, qəza-xilasetmə əməliyyatları zamanı 2 nəfərin meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib”, - rəsmi məlumatda bildirilib.