“Bizdə olan məlumata görə, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel son vaxtlar Nikol Paşinyan və İlham Əliyevlə bir neçə dəfə (daha dəqiq desək, üç) telefon danışığı aparıb. Söhbətlərin əsas mövzusu Ermənistan-Azərbaycan münasibətləri və danışıqlar prosesi olub”.
Shafaqadogru.com xəbər verir ki, bunu Ermənistanın “Past” gündəlik qəzeti yazıb.
“Mişelin son hadisələr və sərhəd insidentləri ilə xüsusi maraqlanması diqqət çəkir”-yazan qəzetin diplomatik mənbəsinin verdiyi məlumata görə, indiki mərhələdə avropalılar Ermənistan-Azərbaycan danışıqlar prosesinin qarşıdan gələn görüşünü öz himayələri altında keçirmək və Paşinyanla Əliyevi yaxın həftələrdə Brüsseldə görmək istəyirlər.
“Lakin, əldə etdiyimiz məlumatda deyilir ki, Avropa tərəfinin bu qədər marağına baxmayaraq, Paşinyanla Əliyev arasında ilkin razılaşmaya görə, mayın ikinci yarısında baş tutmalı olan görüş böyük ehtimalla Vaşinqtonda keçiriləcək.
XİN-dəki mənbəmiz onu da bildirir ki, tərəflərin yanaşmaları üst-üstə düşür və bundan sonra da danışıqlar Vaşinqton platformasında aparılacaq. Qeyd edək ki, görüşün keçirilməsi təşəbbüsü son vaxtlar öz fəaliyyətində və problemə yanaşmasında nəzərəçarpacaq dərəcədə fəal olan ABŞ dövlət katibi Entoni Blinkendən gəlib”,- deyə erməni nəşri bildirir.