Türkiyədə 14 may tarixində keçiriləcək parlament seçkilərində AKP hökumətində təmsil olunan nazirlərin deputatlığa namizəd göstərilməsi geniş müzakirə mövzusuna çevrilib. Bunun səbəbləri barədə müxtəlif mülahizələr irəli sürülür. İddia olunur ki, indiki iqtidar seçkidə qalib gələcəyi təqdirdə, sürpriz isimlərlə yoluna davam edəcək.
Məlumat üçün bildirək ki, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) 17 nazirdən 15-nin deputatlığa namizədliyini irəli sürüb. Rəsmi məlumata görə, mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy və səhiyyə naziri Fahrettin Kocadan başqa bütün nazirlər parlament seçkilərində iştirak edəcək.
Nazirlərin deputat seçkilərinə qatılmasının səbəbləri barədə Modern.az-a danışan Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədr müavini Nazim Cəfərsoy bildirib ki, müxalifətin mövcud situasiya ilə bağlı yanaşması ağlabatan deyil.
Onun sözlərinə görə, Türkiyədəki seçkilərdə nazirlərin deputatlığa namizəd olması ilə bağlı 3 fərqli yanaşma mövcuddur:
"Birincisi, müxalifətin iddia etdiyi yanaşma budur ki, Ərdoğan seçkiləri uduzacağı üçün öz komandasını toxunulmaz edib, Məclisə göndərəcək. Bu, ağlabatan yanaşma deyil. Çünki Rəcəb Tayyib Ərdoğan bəlkə də 20 il ərzində 100-dən çox nazirlə işləyib. İddia edirlər ki, Ərdoğan seçkiləri uduzandan sonra öz komandasına toxunulmazlıq qazandırmaq üçün parlamentə göndərir. Bu da sağlam fikir deyil".
N.Cəfərsoy müxalifətin irəli sürdüyü ikinci versiyaya da diqqət çəkib:
"İkinci versiyada qeyd olunur ki, Rəcəb Tayyib Ərdoğanın komandasında zəiflik var və tanınan simaların sayı az olduğu üçün nazirləri millət vəkili siyahılarının ən başında yerləşdirib, xalqın dəstəyini artırmaq fikrindədir. Bu, qismən doğru yanaşmadır. Çünki Ərdoğanın yanında cəmiyyətin tanıdığı insanların sayı kəskin şəkildə azalıb. Sistem də mahiyyət etibarı ilə parlamentin rolunu azaltdığı üçün prezidentin ətrafında mövcud bürokratlar, yəni nazirlər qalıb. Ərdoğan daha çox tanınmış fiqurlarla ortaya çıxmaq üçün seçkilərdə öz nazirlərini millət vəkili kimi önə sürüb. Bu nazirlərdən bəziləri seçkidən sonra fəaliyyətinə davam edə biləcək".
"Üçüncü versiya bundan ibarətdir ki, Ərdoğan parlamentdəki gücünü yeniləyir. Yəni cəmiyyətdə dəyişim istəyini anlayır və buna görə də parlamentdə çox ciddi dəyişikliklər edəcək. Hətta o qədər ciddi dəyişiklik olacaq ki, Ərdoğanın yaxın kadrlarından biri olan və TBMM-nin spikeri Mustafa Şentop və Binəli Yıldırım da seçkidən kənarda qalıblar. Görünən odur ki, Ərdoğan xalqın dəyişiklik istəyinə adaptasiya olmaq üçün parlamentə yeni simalar gətirir və komandasını dəyişdirir. Ərdoğan yeni hükumət komandası yaradacaq. Buna görə də indi vəzifəsini icra edən nazirləri çox mədəni şəkildə millət vəkili kimi parlamentə göndərib, özünə yeni komanda yığır. Çünki bəzi nazirlərdən çox ciddi narazılıqlar var. Ərdoğan bunları nəzərə alaraq, yeni heyət formalaşdırır", - siyasi şərhçi əlavə edib.
Qeyd edək ki, AKP hazırda parlamentdə partiyanı təmsil edən deputatların təxminən 70 faizini qarşıdakı seçkilərdə namizəd kimi irəli sürməyib. AKP-nin proporsional siyahısında həmçinin HÜDAPAR-ın deputatlığa namizədləri də yer alıb. "Cümhur İttifaqı"na daxil olan Böyük Birlik Partiyası (BBP), Milliyyətçi Hərəkat Partiyası (MHP) və Yenidən Rifah Partiyası (YRP) müstəqil proporsional siyahılarla seçkilərə qatılacaq.