Şəfəqə Doğru » Manşet » Qərb bölgələrində təbii fəlakət: Nazirlik fermerlərə çağırış etdi — YENİLƏNİB

Qərb bölgələrində təbii fəlakət: Nazirlik fermerlərə çağırış etdi — YENİLƏNİB

Qərb bölgələrində təbii fəlakət: Nazirlik fermerlərə çağırış etdi — YENİLƏNİB

“Təbii fəlakət yaşanan ərazilərdə sahələrini sığortalamış fermerlərə dəymiş zərər ödəniləcək”.

Bunu Oxu.Az-ın sorğusuna cavab olaraq Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov deyib.   

O bildirib ki, həftəsonu hava şəraitinin kəskin dəyişməsi, atmosfer yağıntılarının mövsümi normadan artıq düşməsi nəticəsində respublikanın bəzi bölgələrində dolu, sel, subasma halları qeydə alınıb:

“Baş verən təbiət hadisələri nəticəsində bəzi fermerlərin təsərrüfatlarına zərər dəyib. Aqrar Sığorta Fondunun əməkdaşları rayonlarda sığortalanmış meyvə bağlarına, əkin sahələrinə zərər dəyməsi ilə bağlı fermerlərin müraciətlərini araşdırmağa başlayıblar”.

O bildirib ki, baş verən sığorta hadisələri ilə bağlı əkin sahələrini və təsərrüfatlarını sığorta etmiş fermer və sahibkarların müraciətləri qeydə alınır və müstəqil aqrar sığorta ekspertlərinin iştirakı ilə araşdırılır:

“Bu gündən etibarən ekspertlər sığorta hadisəsi baş vermiş ərazilərə baxış keçirməyə başlayıblar. Ekspertlər hadisəni və onun nəticələrini qeydə alır, ilkin olaraq dəyən zərəri hesablayırlar. Araşdırmalar başa çatdıqdan sonra qanunvericiliyə uyğun olaraq sığorta hadisələri üzrə ödənişlər həyata keçiriləcək”.

Vüqar Hüseynov təsərrüfatlarını sığorta etdirmiş fermerləri öz əkin sahələrinə baxış keçirməyə və baş verən hadisələrlə bağlı fonda müraciət etməyə çağırıb. Fermerlər Aqrar Sığorta Fondunun “1651” Çağrı Mərkəzinə zəng edərək müraciətlərini edə bilərlər.

08:36

“Sel sularının qarşısını kəsmək, daha böyük selin gəlmə ehtimalına qarşı qabaqlayıcı tədbir görmək məqsədilə suyun qarşısını alan bəndlər çəkilir”.


Bunu Oxu.Az-a açıqlamasında Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sözçüsü Dilqəm Şərifov deyib.

O bildirib ki, qeyri-sabit hava şəraiti ölkənin bir çox rayonunda fəsadlar törədib:

“Dolu və leysan daha çox Goranboy və Tərtərdə ciddi fəsadlara yol açıb. Leysanın yağması, dolunun düşməsi nəticəsində əhaliyə ciddi ziyan dəyib. Goranboy və Tərtərdən fərqli olaraq Şəkiyə sadəcə dolu yağıb. Goranboy və Tərtər rayonlarına isə sel gəlib. Hər iki rayonda sel suları yollara, təsərrüfat sahələrinə və avtomobillərə ciddi ziyan vurub.

Tərtərin Dəmirçilər kəndində isə daha böyük fəsadlar qeydə alınıb. Dəmirçilər kəndində fərdi evlər su altında qalıb. Hazırda gecədən başlayaraq Azərbaycan Su Təsərrüfatı ASC-nin Yerli İstismar idarələrinin texnikaları kəndin sel sularından azad olması üçün ciddi iş rejimində çalışırlar. Sel sularının qarşısı alınır, bəzi yerlərdə məcrası dəyişdirilərək sel arxlarına yönləndirilir”.

Əhaliyə dəymiş ziyanın təxmini miqdarı ilə bağlı suallara isə qurum rəsmisi belə cavab verib:

“Hazırda əhaliyə dəyən ziyanın miqdarı bərədə dəqiq məlumat demək çətindir. Mövcud vəziyyətdə prioritetimiz kəndlərə gedən sel sularının qarşısını almaq üçün təxirəsalınmaz tədbirlərin görülməsidir. Daha böyük sel sularının gəlmə ehtimalını düşünərək, işçi qrupu  bəndlər qurur” .