Şəfəqə Doğru » Manşet » Söyüdlüdə qızıl çıxaran şirkət hesabatını 5 gündür gecikdirir – Fotofakt

Söyüdlüdə qızıl çıxaran şirkət hesabatını 5 gündür gecikdirir – Fotofakt

Söyüdlüdə qızıl çıxaran şirkət hesabatını 5 gündür gecikdirir – Fotofakt

Gədəbəy rayonunda qızıl hasilatı ilə məşğul olan Böyük Britaniyanın “Anglo Asian Mining Plc” şirkəti hesabatını vaxtında təqdim etməyib.
Yeniavaz.com Böyük Britaniyanın müvafiq qurumlarına istinadən xəbər verir ki, “Anglo Asian Mining Plc” şirkəti hesabatını 30 iyun 2023-cü il tarixinə kimi təqdim etməli olduğu halda, bunu vaxtında etməyib.
Qeyd edək ki, 9 sentyabr 2004-cü ildə “33 St. James’s Square, London, SW1Y 4JS” ünvanında qeydiyyatdan keçən “Anglo Asian Mining Plc” şirkətinin sonuncu hesabatı 30 sentyabr 2022-ci ilə aiddir. Həmin hesabatda isə qeyd olunub ki, son bir ildə şirkətin aktivləri 7,2% artaraq 150 milyon funt sterlinqə çatıb.
Azərbaycan hökuməti ilə Azərbaycan Beynəlxalq Mədən Əməliyyatı Şirkəti arasında 30 il müddətinə imzalanan hasilatın pay bölgüsü haqqında müqavilədə Azərbaycanın pay hissəsi 51%, Böyük Britaniyanın “Anglo-Asian Mining Plc” şirkətinin pay hissəsi isə 49%-dir.
Hazırda “Anglo-Asian Mining Plc” şirkətinə İran əsilli iş adamı Reza Vəziri rəhbərlik edir.
Xatırladaq ki, iyunun 20-də və 21-də “Anglo-Asian Mining Plc” şirkətinin qızıl hasil etdiyi Gədəbəy rayonunun Söyüdlü kəndində etiraz aksiyası keçirilib. Kənd sakinləri bildirib ki, ərazidə qızıl mədəninin fəaliyyəti nəticəsində zərərli su hövzəsi ekoloji problemlər yaradıb. Polis aksiyaya müdaxilə edib, bu zaman gözyaşardıcı qazdan istifadə olunub, saxlananlar olub. Saxlananlardan beş nəfərinə inzibati həbs cəzası verilib. İyunun 22-dən kəndin girişinə polis postu qoyulub. Monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə Baş nazir Əli Əsədovun sərəncamı ilə komissiya yaradılıb.

/azinforum.az/