Birləşmiş Millətlər Təşkilatı (BMT) və Türkiyənin vasitəçiliyi ilə yük gəmilərinin döyüş bölgəsindən təhlükəsiz keçidini təmin etmək üçün nəzərdə tutulan "Taxıl sazişi" bu həftənin əvvəli başa çatıb və Rusiya müqavilədə iştirakını dayandırıb. Modern.az xəbər verir ki, saziş çərçivəsində taxıl daşıyan sonuncu gəmi bazar günü Ukraynanı tərk edib. Ukrayna və Rusiya dünyanın əsas taxıl ixracatçıları sırasındadır. Sazişin başa çatmasından bir gün sonra ABŞ-da buğdanın fyuçersləri 8,5% artıb ki, bu da Ukraynada müharibənin başlamasından sonra qeydə alınan ən yüksək gündəlik artımdır. Rusiya bazar ertəsi və çərşənbə axşamı taxıl daşıyan gəmilərin yola düşdüyü Odessa vilayətinə hücum edib. Ukrayna rəsmiləri bildiriblər ki, taxıl terminalları və sənaye obyekti, anbarlar, ticarət mərkəzləri, yaşayış və inzibati binalar və avtomobillərə ziyan dəyib. Ukraynanın cənub hərbi komandanlığının məlumatlarına görə, Rusiya Odessanın liman infrastrukturunu vurmaq üçün olduqca güclü X-22 daxil olmaqla səsdən sürətli raketlərdən istifadə edib. Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, hücuma məruz qalan limanlarda bir milyon ton ərzaq qalıb. "Məhz bu məhsul Afrika və Asiyanın istehlakçı ölkələrinə çatdırılmalı idi... Rusiya terrorundan ən çox zərər görən terminalda Çinə göndərilmək üçün nəzərdə tutulan 60 min ton kənd təsərrüfatı məhsulu saxlanılıb", - o deyib. Rusiya xəbərdarlıq edib ki, cümə axşamından etibarən Ukraynanın Qara dəniz limanlarına üzən gəmilər, qlobal ərzaq tədarükünü pisləşdirməklə təhdid edən təhlükəsiz keçid sazişindən çıxdıqdan bir neçə gün sonra potensial hərbi hədəflər kimi görünəcək. Ukrayna sazişin başa çatmasından sonra taxılın daşınması üçün alternativ marşrut yaradılmasına başlayıb. Ukraynanın icmalar, ərazilər və infrastrukturun inkişafı üzrə naziri vəzifəsini icra edən Vasil Şkurakov BMT-nin Beynəlxalq Gəmiçilik Təşkilatına ünvanladığı məktubda qeyd edib ki, rəsmi Kiyev qonşu Rumıniya vasitəsilə müvəqqəti gəmiçilik marşrutu yaradır. Rusiya Müdafiə Nazirliyi ardınca Qara dənizdə görünən mülki gəmilərlə bağlı xəbərdarlıq edib. Bildirilib ki, cümə axşamından etibarən Ukraynanın Qara dəniz limanlarına üzən gəmilər potensial hərbi hədəflər kimi görünəcək və bu gəmilərin məxsus olduğu dövlət Ukraynada münaqişə tərəfi hesab ediləcək. Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Adam Hodk isə vurğulayıb ki, Rusiya Ukrayna limanlarına yaxın ərazilərdə əlavə dəniz minaları yerləşdirib. “Biz hesab edirik ki, bu, Qara dənizdə mülki gəmilərə qarşı istənilən hücuma haqq qazandırmaq və bu hücumlara görə Ukraynanı günahlandırmaq üçün koordinasiya edilmiş səydir”, - o söyləyib. Beynəlxalq Valyuta Fondu Rusiyanın sazişdən çıxmasının qlobal ərzaq təhlükəsizliyini təhdid etdiyini və xüsusilə yoxsul ölkələrdə ərzaq qiymətlərini artıra biləcəyini diqqətə çatdırıb