Dünən üç ən çox istifadə olunan taksi şirkətlərinin gediş haqqını artırması fərqli aspektlərdən müzakirələrə səbəb oldu.
Onsuz da sözügedən şirkətlərlə bağlı saysız şikayətlərin gəldiyini nəzərə alsaq, mövcud qərardan sonra şirkətlərə müraciətin bir qədər azalacağını düşünmək olar. Belə olduğu halda isə şəhərdə sıxlığın nisbətən azalması ehtimalı da ön plana çıxır.
Bəs taksilərdə qiymət artımı şəhərdə sıxlığa təsir göstərəcəkmi?
Nəqliyyat üzrə ekspert Rövşən Həsənov Bizim.Media-ya açıqlamasında bildirib ki, nə bu şirkətlərin qiyməti qaldırması ilə, nə də tarif artırmaqla da tıxacın qarşısını almaq mümkün deyil:
“Müvəqqəti olaraq yay aylarında, dəqiq desək sentyabrın 15-i yeni dərs ilinin başlanmasına qədər qismən azalma müşahidə oluna bilər. Amma bundan sonra sıxlığın qarşısını almaq mümkün deyil.
Sadəcə Tarif Şurası tərəfindən qiymətlər tənzimlənəndən sonra vahid qiymət haqqında məlumat ala biləcəyik. Həmin 3 şirkət isə özəldir və onlar sərfiyyatı, gəlirlərini artırmaq naminə bu metoda əl atıblar”.
Sosioloq Üzeyir Şəfiyev isə məsələyə bir qədər fərqli münasibət bildirib.
Onun sözlərinə görə taksilərin sıxlığa səbəb olması birbaşa regionlardan əhalinin işsizliklə bağlı şəhərə axışması ilə bağlıdır. Bun problemin də həll yolu tamam fərqlidir:
“3 taksi şirkətinin qiymətləri qaldırması məncə şəhərdəki sıxlığa ciddi təsir göstərməyəcək. Çünki şəhərdəki sıxlığın daha geniş səbəbləri var. Belə ki, sıxlıq təkcə taksilərin çoxluğu yaxud da şəhər mərkəzində yerləşməsiylə əlaqədər deyil.
Ümumiyyətlə, regionlardan şəhərə axın urbanizasiya prosesi, rayonlarda məşğulluq sahəsinin az olması ilə əlaqədardır. Taksi fəaliyyəti ilə məşğul olmaq üçün də rayonlardan şəhərə üz tutanlar az deyil. Bu problemin həll yolu isə regionlarda işsizliyin azalması ola bilər”.
Ekspert vurğulayıb ki, sıxlığın qarşısını almaq üçün bir çox problemlər həll edilməlidir:
“Bakıda 3 min insan qeydiyyatda olsa da 5 min və daha çox insan yaşayır. 70-ci illərdə Bakıda qeydiyyatsız yaşamağa icazə yox idi. Hətta bu barədə qanun da qəbul edilsə də, hazırda elə bir qanunun olmaması mövcud sıxlığa səbəb olan amillərdən biridir. Çünki regionlardan təhsil üçün gələnlər də geri dönüş etmir ki, bu da oxşar halların artmasına səbəb olur”.