Şəfəqə Doğru » Manşet » Azərbaycanda hələ də toyuqlara xərçəng yaradan antibiotiki vururlar - BU FAKTDIR!!!

Azərbaycanda hələ də toyuqlara xərçəng yaradan antibiotiki vururlar - BU FAKTDIR!!!

Azərbaycanda hələ də toyuqlara xərçəng yaradan antibiotiki vururlar - BU FAKTDIR!!!

"Ölkəmizə idxal edilən istər damazlıq, istər də süfrə yumurtası xəstəlik gətirir. Ona görə də, əksər ölkələr yumurta istehsalına kvota tətbiq edib". Bu sözləri Sputnik Azərbaycan-a Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli Türkiyənin Tayvana idxal etdiyi yumurtalarda kanserogen maddələrin aşkarlanmasına münasibət bildirərkən söyləyib.
Türkiyədən Azərbaycana süfrə yumurtası idxal edilirmi?
M.Həsənli bildirib ki, Azərbaycana Türkiyədən süfrə yumurtası idxal edilməsə də, bir günlük ətlik cücələr gətirilir.

Qeyd edək ki, Tayvanın Türkiyədən aldığı yumurtaların tərkibində kanserogen maddələr aşkarlanıb. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, Tayvanın kənd təsərrüfatı naziri Çen Çi-çunq Türkiyədən alınan yumurtalarda qadağan edilmiş maddə olan nitrofuranın aşkarlandığını bildirib. O, iyulun əvvəlində yoxlanılan 127 ton yumurtanın bu səbəbdən məhv edildiyini, yerli bazara çıxarılmadığını söyləyib.
Tayvanın Kənd təsərrüfatı naziri hökumətin türk tədarükçüsündən müqaviləyə əsasən kompensasiya tələb edəcəyini də açıqlayıb.
Tayvan Milli Heyvandarlıq Sənayesi Korporasiyasının baş direktoru Peter Çen ölkənin təxminən 160 min dollar zərər çəkdiyini bildirib. O, artıq Türkiyədən yumurta idxalının dayandırıldığını, hökumətin ABŞ-dan yumurta idxalına başladığını söyləyib.
Türkiyənin Kənd Təsərrüfatı və Meşə Nazirliyi Tayvana ixrac edilən yumurtalarda insan sağlamlığına zərərli maddələrin olması ilə bağlı araşdırma başlayıb. Nazirlik bildirib ki, Türkiyədə "nitrofuran" olduğu iddia edilən maddənin qida istehsalı üçün yetişdirilən heyvanlarda, o cümlədən toyuqlarda istifadəsi qadağandır.
"Mətbuatda bununla bağlı xəbərlər olsa da, Türkiyədən Tayvana ixrac edilən yumurtalarla bağlı Tayvan səlahiyyətli orqanı tərəfindən Nazirliyimizə heç bir bildiriş verilməyib. Amma bununla belə, biz bu məsələ ilə bağlı araşdırmalara başlamışıq. Sözügedən maddənin yumurta istehsalında istifadə edildiyi müəyyən olunarsa, aidiyyəti şəxslər barəsində lazımi tədbirlər görüləcək" - Nazirlik bildirib.

Qeyd edək ki, Türkiyənin Yumurta İstehsalçıları Mərkəzi Birliyinin (YUM-BİR) sədri İbrahim Afyon 4 ay ərzində Tayvana 217 konteyner yumurta göndərildiyini və bunlardan 212-nin qəbul edildiyini bildirib.
Afyon əlavə edib ki, cəmi 5 konteynerdən ibarət 1 partiya məhsulda problem olduğu iddia edilir.
Afyon Türkiyənin ildə 20 milyard yumurta istehsal etdiyini, 63 ölkəyə ixrac gücünə malik olduğunu söyləyib. O, bildirib ki, hazırda Türkiyə 39 ölkəyə yumurta ixrac edir.
Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənlinin fikrincə, ölkəmizə idxal olunan quş əti və yumurta məhsullarına kvota qoyulmalıdır ki, yalnız ehtiyac olan dövrdə gətirilsin.
"Türkiyə və Avropa ölkələri yalnız tələbat olan zaman idxala icazə verilir. Azərbaycan süfrə yumurtasına olan tələbatın 130-140 faizini daxili istehsal hesabına təmin edir. Damazlıq yumurtalar ölkəmizə Gürcüstandan gətirilir. Ölkəmizə xaricdən bir günlük ətlik cücələr də gətirilir" - deyə M.Həsənli bildirib.

Ev quşlarına "prozaldin"qrupuna aid çox güclü antibiotiklər verilir
O, əlavə edib ki, Türkiyədən Tayvana idxal edilən yumurtalarda "nitrofuran" adlı təhlükəli xəstəliyin aşkarlanması yumurta istehsal edən fabrikdə quşların "salmonella" xəstəliyi keçirdiyindən xəbər verir:
"Buna görə quşlara "prozaldin"qrupuna aid çox güclü antibiotiklər verilir. "Nitrofuran" da həmin antibiotikin qalığıdır. Bu maddə ətdə, yumurtada qaldıqda insan orqanizmi üçün zərərlidir. Ümumiyyətlə bu qrupa aid antibiotiklər Avropa və Asiyada qadağandır. Rusiyada və Azərbaycanda isə qadağan deyil. Bununla belə Azərbaycanda bu qrup antibiotikdən istifadə edilmir. Çünki, bizdə quşçuluq fermalarında belə bir xəstəlik yoxdur. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi buna çox ciddi nəzarət edir".

Bununla belə M.Həsənli bildirib ki, bu xəstəliyin damazlıq yumurtada ola bilmə ehtimalı var.
"Ona görə də xaricdən bir günlük cücə idxalı dayandırılmalıdır" - M.Həsənli deyib.
Həmsöhbətimiz bildirib ki, Azərbaycanda günlük 4,5 milyon süfrə yumurtası istehsal olunur. Bu isə yerli tələbatın 130-140 faizini ödəməyə imkan yaradır. Azərbaycan həmçinin Qətər, Səudiyyə Ərəbistranı, Birləşmiş Ərəb Əmirliklərinə, İraq və Əfqanıstana da süfrə yumurtası ixrac edir.
M.Həsənlinin sözlərinə görə, ən çox ətlik toyuqlarda antibiotik istifadə olunur. Amma antibiotik qısa zamanda ətin tərkibindən çıxır. Damazlıq yumurta istehsalında isə qəti şəkildə antibiotikdən istifadə olunmur. Əks halda toyuqlar yumurtadan kəsilə bilər.
Ev quşlarını dərmansız böyütmək mümkün deyil!
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə Sputnik Azərbaycan-a bildirib ki, quşlar daha tez xəstəliklərə yoluxduğundan, onları dərmansız bəsləmək mümkün deyil.
"Ev quşlarını fərdi təsərrüfatlarda belə dərmansız böyütmək mümkün deyil. Ən təhlükəlisi isə odur ki, fermer baytarın hansı iynəni vurmasından xəbərsizdir. Belə şəraitdə biz toyuqların hansı təhlükəli maddələri daşıdığından xəbərsizik", - Birlik sədri deyib.

O, bildirib ki, ölkəmizdə müstəqil laboratoriyalar olmadığından, idxal olunan, eləcə də Azərbaycanda istehsal edilən quş əti və yumurtada hansı təhlükəli xəstəliklərin olduğunu söyləmək çətindir.
Fermerlər isə ev quşlarına dərmanların baytar məsləhəti ilə deyil, baytarlıq apteklərinin tövsiyəsi əsasında alıb verdiklərini deyirlər. Şəkinin Daşbulaq kənd sakini Cəmilə Şabanova Sputnik Azərbaycan-a bildirib ki, üç ayında cücələrə taun xəstəliyinə qarşı vaksin (Newcastle Taun H) vurdururlar. Daha sonra baytarlıq apteklərinin tövsiyəsi əsasında qurd dərmanı, eləcə də ishalın qarşısını almaq üçün "Oksitetrasiklin 200 P.D" preparatı verilir. Fermer bildirib ki, əgər ev quşlarında kütləvi ölüm olarsa, bu zaman baytara müraciət edirlər. Baytarın hansı preparatdan istifadə etdiklərini isə bilmirlər.
Yumurta istehsalçıları susur
Yumurta istehsal edən quşçuluq fabrikləri də quşlara vurulan antibiotiklərdən xəbərsiz olduqlarını bildirdilər. "Astel LTD" MMC-dən bildirdilər ki, bununla bağlı ancaq baytar məlumat verə bilərdi, o da məzuniyyətdədir. MMC-dən istehsal etdikləri yumurtaların tərkibinə AQTA tərəfindən nəzarət edildiyini, heç bir təhlükəli maddə olmadığını söylədilər.
AQTA-dan isə Azərbaycanda quşçuluq fabriklərində quşlara "prozaldin"qrupuna aid antibiotiklərdən istifadə edilib-edilməməsi ilə bağlı sualımıza şərh verilməyib.