Qarabağdakı “humanitar aksiya” oyununun davam etdiyi müddətdə separatçıların rəhbəri Araik Arutyunyana qarşı ittihamlar artır. Həm Ermənistanda, həm də Xankəndidə bir sıra erməni siyasətçilər, blogerlər və əhalini onu Bakıya işləməkdə günahlandırırlar.
İddia olunur ki, hazırkı vəziyyət tamamilə separatçı rəhbərin oyunudur. O bununla ermənilərə çarəsiz olduqlarını və Bakının təkliflərini qəbul etməkdən başqa yollarının qalmadığını qəbul etdirmək istəyir. Həmçinin Nikol Paşinyanla bir-birilərini ittiham etdikləri, “satqın” adlandırdıqları deyilir.
Bunu nə dərəcədə reallığa uyğun hesab etmək olar? Ümumiyyətlə Araikin son çıxışları, verdiyi mesajlar hazırkı vəziyyətdə necə dəyərləndirilməlidir?
Mövzunu Globalinfo.az-a dəyərləndirlən politoloq Samir Hümbətov bildirib ki, mövcud gərginlik sadəcə Xankəndi ilə məhdudlaşmır:
“Hazırda Qarabağ bölgəsində olan separatçı qurumun daxilində gərginlik, qarşılıqlı ittihamların səsləndirilməsi hallarına rast gəlinir. Bu proses paralel olaraq Ermənistanda da müşahidə olunur. Həmçinin Paşinyan hakimiyyəti ilə separatçılar arasında da ayrıca gərginlik hökm sürür. Ona görə də hazırda kimin hansı məqsədə xidmət etdiyini tam şəkildə söyləmək doğru olmaz. Amma Qarabağ erməniləri nəhayət anlayırlar ki, Azərbaycana reinteqrasiya prosesi qaçılmazdır. Vaqif Xaçaturyanın həbsindən sonra ola bilsin ki, separatçılar daxilində də başqa çarənin qalmadığını anlayanlar var. Nəticə olaraq bütün çıxış yolları bağlıdır, beynəlxalq aləm də onlara istədikləri dəstəyi verə bilməz. Çünki Qarabağ Azərbaycanın suveren ərazisidir. Bu səbəblə ömürlük həbsi deyil, reinteqrasiya prosesinə qoşulub gələcəkdə Bakının əfvindən yararlanmağı düşünə bilərlər”.
Politoloq Araikin Qarabağdan çıxa bilmədiyini, separatçılar arasında gərginliyin artacağını söyləyib:
“Bütün hallarda Qarabağdakı separatçılar Azərbaycana reinteqrasiya prosesinə mane olmamağa məcburdurlar. Əks halda onlar üçün ağır nəticələri olacaq. Hesab edirəm ki, reinteqrasiya prosesi mütləq baş tutacaq. Qondarma rejimin başında duran şəxslər də gec-tez Azərbaycan qarşısında cavab verəcəklər. Hazırda həmin şəxslərin bir-birilərini Bakıya çalışmaqda ittiham etməsi başadüşüləndir. Araikin Azərbaycanla gizli danışıq apardığını isə düşünmürəm. Lakin o, çox az ehtimal olsa da, müəyyən qədər vəziyyəti, çıxış yolunun olmadığını anlamış ola bilər. Amma Araikin rahat şəkildə Bakı ilə danışa biləcəyini düşünmürəm.
Arutyunyan Xankəndidən getmək istəsə də, rus sülhməramlıları onun keçidinə icazə verməyəcəklər. Separatçı liderin özünün o qədər cinayətləri olub ki, Vaqif Xaçaturyan məsələsindən sonra ərazini tərk etməyə qorxur. Qarabağda separatçılar arasında hələ daha çox gərginlik olacaq. Çünki başqa variantları yoxdur, ona görə də bir-birilərini ittiham etməyə başlayıblar. Hətta separatçılar daxilində silahlı qarşıdurmanın da şahidi ola bilərik”.