Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş rus sülhməramlılarının komandanı Aleksandr Lentsov vaxtından əvvəl geri çağırılıb. Artıq sülhməramlıların 6-cı komandan dəyişikliyi baş verir. O, 26 aprel 2023-cü ildə bu posta göndərilmişdi. Azərbaycan tərəfindən Laçında Həkəri körpüsü üzərində sərhəd-buraxılış məntəqəsi isə aprelin 23-də qurulub. Ona görə də, Lentsovun bura gəlməsi heç nəyi dəyişmədi.
Bunu Teleqraf.com-a hərbi ekspert, polkovin Üzeyir Cəfərov deyib.
O qeyd edib ki, Lentsovun Kazan əsilli general-mayor Kirill Kulakovla əvəzlənəcəyi gözlənilir:
“Kulakovun xidməti bu gün bilinəcək. Əgər o xidmətinə Bakı ilə münasibətlərdən başlasa, bu onun üçün yaxşı olacaq. Bunun əksinə onun da fəaliyyəti ritorik olacaq”.
Polkovnik hesab edir ki, general Lentsovun geri çağırılması ondan artan narazılıqlarla bağlıdır:
“O bir neçə dəfə Qarabağdakı separatçılara söz vermişdi. İddia edir ki, o, Laçın postu ilə bağlı yaxşı vəziyyət yaradacaq. Bu baş vermədi. Ümumiyyətlə burda sülhməramlıların komandanlığının xidmət müddəti 6 ay göstərilib. Hətta onları bir-iki il artıra bilərlər. Fakt isə odur ki, sülhməramlıların komandalığının vəzifələrini uğurla icra etməyib”.
Hərbi ekspertə görə, sülhməramlıların komandanı Lentsovun başı separatçılarla iş birliyinə, eyş-işrətə qarışmışdı: “Xidmətə də çox vaxt ayıq çıxa bilmirdi. Ona görə də, xidmət müddəti cəmi 4 ay çəkdi. Bu onun üçün rüsvayçılıqdır. Yeni komdandan Kulakov da süddən çıxmış ağ qaşıq deyil. Rüşvətə, eyş-işrətə, içkiyə düşkün biridir. O da bura general-mayor rütbəsi vaxtını keçirməyə gəlir”.
Üzeyir Cəfərov iddia edir ki, general Lentsov özündən əvvəlki komandan Volkovdan çox şey öyrənmişdi:
“Çünki Fərrux hadisələri zamanı Volkovun əli-qolu burulmuşdu. Orada çox böyük biabırçılıq yaşanmışdı. Sadəcə səslərini çıxarmadılar. Çünki haqlı deyildilər. Sonradan Qarabağdakı separatçı-terrorçular general Lentsova hədə-qorxu gəlmişdilər ki, həyat yoldaşını oğurlayıb, başına oyun açıb, videoya çəkəcəyik. Ona görə də, Lentsov təcili Moskvaya müraciət etdi ki, artıq bacarmıram, məni xilas edin. Bu baxımdan 4 ay onun üçün çox uğursuz keçdi”.