“İraq Şam İslam Dövləti” (İŞİD) Türkiyə, Gürcüstan, Azərbaycan, Rusiya, Ukrayna və Çeçenistanda terror təşkilatının adını “Məktab-i Furqan” kimi dəyişərək fəaliyyətini genişləndirmək niyyətindədir.Shafaqadogru.com Dia.az-a isdinadən xəbər verir ki, Türkiyənin Diyarbəkir Vilayət Prokurorluğunun məlumatında belə deyilir.
Bildirilir ki, “Məktab-i Furqan”a cəlb olunanlar Gürcüstandakı düşərgələrdə xüsusi hərbi təlim keçirlər və onların arasında Azərbaycan Respublikasının vətəndaşları da var.
Diyarbəkir prokurorluğunun məlumatına görə, faktiki olaraq Suriyada küncə sıxışdırılmış və 2019-cu ildə nəzarəti altında olan son əraziləri itirmiş İŞİD-in terror strukturu hazırda adıçəkilən ölkələrdə təşkilata yeni üzvləri cəlb etmək üçün fəal təbliğat kampaniyası aparır. Gürcüstandakı gizli bazalarda isə hərbi təlimlər keçirilir.
Bu məlumatların necə ələ keçirilməsinə gəlincə, bildirilir ki, Türkiyənin təhlükəsizlik və kəşfiyyat xidmətləri Suriya vətəndaşı Şahap Varişin həbsindən sonra üzə çıxıb. Şahap Variş yeni təşkilatlanmada əsas fiqurantdır. O, bu il mayında Milli Kəşfiyyat Təşkilatının əməkdaşları tərəfindən Suriyanın İdlib şəhərində saxlanılaraq Türkiyəyə aparılıb.
İstintaq zamanı bəlli olub ki, özəyi Gürcüstanda olan “Əxlaq və Sunnət Dərgisi” adı verilmiş terror qrupu da əslində İŞİD-in adının dəyişdirilmiş strukturudur.
İttihamnamənin materiallarına əsasən, Türkiyə, Azərbaycan və Gürcüstanın güc strukturları beynəlxalq terror təşkilatları ilə mübarizədə öz fəaliyyətlərini əlaqələndirirlər.
İŞİD rəhbərliyi döyüşçülərinin məscidlərdə toplaşması və bir yerdə səyahət etməsi qadağandır. Cihad təbliğatı və adını dəyişmiş qruplaşmalara cəlbedilmə əsasən sosial şəbəkələrdə həyata keçirilir. Terror qruplarına daxil olmaq istəyənlər üçün ikimərhələli yoxlama tətbiq olunur. Və yalnız qrupların sıralarında etimadı qazananlar sonda İŞİD-in “piknik” adlanan qapalı toplantılarında iştirak etmək hüququ qazanır.
Ötən ay Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti terror fəaliyyətində şübhəli bilinən iki ölkə vətəndaşını saxlayıb. Bu barədə ölkənin Terrorla Mübarizə Mərkəzi məlumat yayıb. “Saxlanılanlar İŞİD terror qruplaşması ilə əlaqədə şübhəli bilinir. Xüsusi əməliyyat Gürcüstanın iki rayonunda eyni vaxtda həyata keçirilib. Araşdırma zamanı üzərində terror təşkilatının rəmzləri olan bayraqlar və müxtəlif növ elektron daşıyıcılar ələ keçirilib. Onların yaşayış yerlərindən döyüş sursatı, partlayıcı qurğular və partlayıcı maddələr götürülüb”, - məlumatda deyilir.
2014-cü ildə yaradılan “İraq İslam Şam Dövləti” (İŞİD) təşkilatı qısa zaman ərzində dünyanın bir çox yerlərində terror hadisələri törətməyə başladı. Bununla yanaşı, terror təşkilatı sıralarına müxtəlif ölkələrdən, o cümlədən Azərbaycandan muzdlu döyüşçülər cəlb etdi. Azərbaycandan da İŞİD-in tərkibində vuruşanlar oldu. İŞİD illərlə Yaxın Şərqdə terror küləyi əsdirdi və dövlətlərin birgə səyləri nəticəsində bu gün darmadağın edilib. Bu səbəbdən də qruplaşmaya daxil olan, müxtəlif ölkələrdən olan muzdlu terrorçular İŞİD sıralarını tərk edib dünyanın dörd bir tərəfinə səpələniblər. Nəzərə almaq lazımdır ki, İŞİD sıralarını tərk edənlər arasında azərbaycanlılar da var. Ölkəyə qayıdanlar həbs olunurlar. Bu səbəbdən İŞİD-ə qoşulan azərbaycanlılar bura gəlmir, digər qonşu ölkələrə keçməyə daha çox maraq göstərirlər. Bilirlər ki, Suriyaya gedib terror təşkilatına qoşulublarsa, ölkəyə qayıtdıqda potensial terrorçu kimi qəbul olunurlar. Cinayət Məcəlləsinə görə, respublikadan kənarda qanunsuz silahlı birləşmələr, terror təşkilatlarında iştirak edən hər kəs cinayət məsuliyyəti daşıyır. Ölkəyə qayıtdıqda onlara qarşı cinayət işi qaldırılır və həbs edilirlər. Onlar nə zamansa Azərbaycanda da bu və ya digər formada tapşırıq yerinə yetirə bilərlər.
Göründüyü kimi, qruplaşma Yaxın Şərqdə darmadağın edilsə də, Qafqazda digər bir adla xortlamağa çalışır. İndi ad dəyişsə də “verbovka” üsülları əvvəlki kimi qalır, yəni sosial şəbəkələr üzərindən üzvlər cəlb etməkdə davam edirlər. Bütün bunlarla yanaşı, belə ekstremist radikal qruplara qarşı əməliyyatlar daim gedir və bu proses bir gün də olsun dayanmır. Çünki çox təəssüf ki, dünyada terror birləşmələrinə cəlbetmə prosesi, “verbovka”lar, həmçinin dini ekstremizmin çətiri altında ölkələrin həyatına müdaxilələr davam edir. Bu proses yerində durmayıb. Müasir kommunikasiya vasitələri terror birləşmələrinin də əllərində olan üsulları, resursları daha da təkmilləşdirməyə şərait yaradır. Ona görə də təhlükəsizlik orqanları bir an belə dayanmadan fəaliyyətdədirlər. Dövlət Təhlükəsizlik Xidməti zamanında Azərbaycanda İŞİD təhlükəsinin aradan qaldırılması, minimuma endirilməsi üçün çoxsaylı uğurlu antiterror əməliyyatları keçirdi. İŞİD-ə və digər ekstremist radikal qruplara qoşulmuş çoxlu sayda təhlükəli ünsürlər zərərsizləşdirildi. DTX-də bu sahə ilə bağlı daimi nəzarət mexanizmləri peşəkarlıqla qurulub. Elektron casusluq sistemi şübhə doğuran insanları nəzarətə götürmək üçün ən yaxşı vasitədir.
Shafaqadogru.com -un məlumatına görə, deputat, Milli Məclisin Təhlükəsizlik, müdafiə və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Arzu Nağıyev “Yeni Müsavat”a deyib ki, bu işdə hər bir Azərbaycan vətəndaşı təhlükəsizlik orqanlarına yardım etməlidir: “Vətəndaşların yardım etmədiyi təhlükəsizlik sistemi tam güclü sayıla bilməz. Hər bir insanımız, hər bir bölgənin sakini bilməlidir ki, onun çevrəsində, yaxud qonşuluğunda şübhə doğuran adam barədə təhlükəsizlik orqanlarını bilgiləndirmək vacibdir. Söhbət hamını bir-birinə nəzarətçi etməkdən getmir, amma biz yaxşı bilirik ki, Suriyada İŞİD sıralarından gələn adam qonşuluğumuzda özünə yer taparsa və mən bir vətəndaş kimi susaraq bunun üzərindən keçirəmsə, mütləq haradasa həmin adam bir hadisə törədəcək. Bu baxımdan, hər bir vətəndaşın aktiv hərəkəti gərəkdir. Çünki təhlükəsizlik hamının xeyrinədir. Bu gün Azərbaycanın yaşadığı müxtəlif regional və beynəlxalq proseslərlə də çox sinxron bağlıdır. Ötən dövr ərzində görülmüş tədbirlər, əlbəttə ki, çox önəmli olub. Biz terrora qarşı aparılmış tədbirlərin misilsiz olduğunu qeyd eləməliyik. Bir vətəndaşımızın belə, təhlükədən qorunması ciddi hadisədir. Dövlət təhlükəsizlik orqanları əslində mənim nəzərimdə yenidən qurulmaqdadır. Yenidən qurulması prosesi gedə-gedə misilsiz təhlükəsizlik tədbirləri həyata keçirilib və keçirilir, çox mühüm işlər görülməkdədir. Terror birləşmələrinin Azərbaycanı bir koridor kimi görməsinin qarşısı uğurla alınır. Hər birimiz hiss edirik ki, təhlükəsizlik orqanlarının müsbət nəfəsi çevrədə hiss olunur”.
Deputat bildirib ki, vətəndaşlar sosial şəbəkələrdən istifadə edərkən sayıqlıqlarını itirməməli, şübhəli ünsiyyət qurmaq istəyənlər barədə müvafiq orqanları məlumatlandırmalıdırlar.