Sabahdan yeni tədris ili başlayır və on minlərlə tələbə ali məktəblərə yola düşür. Bu il Azərbaycan müstəqil təhsil tarixində rekord sayda, 56 minə yaxın şəxs tələbə adını qazandı. Dövlət sifarişli plan yerlərinin sayı artırılsa da, təbii ki, hər il olduğu kimi bu il də ödənişli əsaslarla təhsil alacaq tələbələr çoxluq təşkil edir. Lakin bir neçə il öncə yaradılan Təhsil Tələbə Kredit Fondu bu məsələdə çətinlik yaşayan və onlara müraciət edən tələbələrə xiddi şəkildə yardımçı olur.
Tələbə və onların valideynləri üçün çox vacib məsələlərdən biri də artıq I tədris ilindən etibarən bu kreditin ayrılmasıdır. Lakin I kursun I semestrində tələbə kreditdən faydalanmaq üçün qəbul imtahanlarında minimum 250 bal toplamalıdır.
Amma bugünlərdə hər kəsi düşündürən vacib bir sual var: tələbə krediti necə ödənilməli, hansı şərtlər əsasında həyata keçirilməlidir?
Shafaqadogru.com TTKF-yə istinadən tələbə kreditinin ödənilməsi, eləcə də digər hüquqi proseduralarla bağlı qaydaları təqdim edir:
Tələbənin illik təhsil haqqı misal üçün 2000 manatdırsa, o zaman bu məqamlara diqət edilməlidir. Bu arada, onu da nəzərə alaq ki, tələbə krediti iki əsas üzrə verilir: Sosial TTK və standart TTK.
Sosial TTK aşağıdakı tələbələrə şamil olunur:
-Ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri;
-orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə (3-cü qrup) əlilliyi olanlar;
-Ailə başçısını itirməyə görə əmək pensiyası alanlar;
-Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında
iştirak edərək “Müharibə veteranı” adı almış şəxslər;
-Hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs):
- orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə (1 və ya 2-ci qrup)
əlilliyi olanlar;
- işsiz kimi rəsmi qeydiyyatlıdırsa;
- yaşa görə əmək pensiyası alırsa;
- yaşa görə sosial müavinət alırsa.
Məhz bu qrupa aid olan tələbələrə aşağıdakı qayda əsasında kredit ayrılacaq:
Birinci semestr 1000 (2000/2) manat kredit ayrılacaq;
İkinci semestr 1000 (2000/2) manat kredit ayrılacaq.
Bu qrupa aid olmayanlara isə standart TTK üzrə kredit aşağıdakı qaydada ayrılır:
Birinci semestr 600 ((2000/2) - (2000*20%)) manat kredit ayrılacaq;
İkinci semestr 1000 (2000/2) manat kredit ayrılacaq.
İkinci kursun birinci semestrində tələbə kreditindən faydalanmaq istəyənlər isə heç bir akademik borca sahib olmamalıdır. Həmçinin, onların ümumi ortaq qiymət göstəricisi də 71 balı keçməlidir. Belə olan halda tələbə yeni tədris ilinin növbəti semestrindən yuxarıdakı qayda əsasında faydalana bilər.
ZƏRURİ QEYD: Semestr üzrə sosial TTK alan tələbənin özünün ödədiyi təhsil haqqı tam məbləğdə, standart TTK alan tələbənin isə illik təhsil haqqının 20 faizindən artıq olan hissəsi təhsil müəssisəsi tərəfindən tələbəyə geri qaytarıla və ya növbəti semestr üçün transfer edilə bilər.
Onu da əlavə edək ki, tələbə kreditinin verilməsi müddəti tələbənin cari təhsil səviyyəsindən, Nazirlər Kabinetinin müvafiq qərarı ilə nizamlanır.
Məsələn, bakalavriat səviyyəsində 14-22 il, magistratura səviyyəsində 12-18 il, orta ixtisas
və peşə təhsili pillələrində isə 12-19 il ola bilər.