Yasamal Rayon Məhkəməsində Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı soyqırım törətməkdə ittiham olunanlardan biri - Xaçatryan Vaqif Çerkezoviç yenidən məhkəmə qarşısına çıxarılıb.
Shafaqadogru.com xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən məhkəmə prosesində Xaçatryan Vaqif Çerkezoviçin cinayət işi üzrə zərərçəkmiş şəxslər məhkəmədə ifadə verib.
Meşəli kənd sakini, zərərçəkən Behbudova Bəsti Behbud qızı azərbaycanlılara qarşı törətdiyi vəhşiliklərə görə Xaçatryan və dəstəsinə edam cəzası istəyib:
"Mən şəxsən Vaqifi tanımıram. Amma kənd camaatından, ata-anamdan onun və dəstəsinin hansı vəhşiliklər törətdiyini eşitmişəm.
Atam Meşəli hadisələrində yaralandı, sonra vəfat etdi. Çox istərdim ki, bu şəxslər həm də beynəlxalq məhkəmədə cavab versinlər. Onlara edam cəzasının verilməsini istəyirəm".
Meşəli kənd sakini Hacıyev Bayram qeyd edib ki, Vaqif Xaçatryanı tanıyır, onun və dəstəsinin törətdiyi vəhşiliklərin şahidi olub:
"Qadınlara, uşaqlara divan tuturdular. Həmişə də Vaqifin adını çəkirdilər. Yəni "Vaqifin dəstəsi"dir deyirdilər. Mən çox istəyərdim bu cinayətkarlar edam cəzasına məhkum olunsunlar".
Vaqif Xaçatryan Hacıyev Bayramın atasını tanıdığını deyib:
"Sənin dədəni, Həsəni tanıyırdım. Atanla çörək kəsmişəm. Amma mən həmin hadisələrdə olmamışam".
Hacıyev Bayram isə qeyd edib: "Siz ki, bizi tanıyırdınız, bəs niyə bu cür vəhşiliklər törətdiniz? Uşaqlarımızın külünü yığırdıq".
Məhkəmə prosesi davam edir. (Musavat.com)