Hazırda Azərbaycanda ümumilikdə 51 ali təhsil müəssisəsi fəaliyyət göstərir ki, bu müəssisələrdə təxminən 187 min tələbə təhsil alır. Bu tələbələrin mütəxəssis kimi yetişməsi üçün isə 28 minə yaxın ixtisaslaşmış müəllim fəaliyyət göstərir. 28 minə yaxın müəllimin bir hissəsi də olduqca yaşlı müəllimlərdir ki, əksər tələbələr belə müəllimlərin fəaliyyətindən narazıdır. Tələbələr iddia edirlər ki, 80-90 yaşı olmasına baxmayaraq onlara müəyyən dərsləri tədris etmək məqsədi ilə auditoriyalara daxil olan müəllimlər dərsləri normal şəkildə izah edə bilmir, fikrini çatdırmaqda çətinlik çəkir. Belə yaşlı müəllimlərin ali təhsil müəssisələrində tutduqları vəzifələrdən azad edilməməsinin səbəbi nədir? Bu müəllimlərin ali təhsil səviyyəsində tədris etdikləri dərslər nə qədər effektiv ola bilər?
Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov Referans.Az-a danışıb.
“Azərbaycanda elmi dərəcəsi olan mütəxəssislərin yaşı kifayət qədər yuxarıdır və ölkədə 30 yaşdan aşağı demək olar ki, elmlər doktoru yoxdur. Bildiyimiz kimi, Əmək Məcəlləsinin tələblərinə əsasən, dövlət orta ümumitəhsil məktəblərində çalışan müəllimlərin fəaliyyətləri üçün nəzərdə tutulmuş son yaş həddi 65-dir. Amma ali təhsil müəssisələrində bu məsələ fərqlidir. Bunun bir neçə səbəbi var. Ona görə ki, orta ümumitəhsil məktəblərində şagirdlərə minimum biliklər verilir və onlarda minimum bacarıqlar formalaşdırılır. Lakin ali təhsil müəssisələrində isə birmənalı şəkildə ixtisaslı mütəxəssis hazırlanır. Etiraf edək ki, bu gün Azərbaycanda bir sıra ixtisaslar üzrə ciddi mütəxəssis çatışmazlığı var. Xüsusilə, bu çatışmazlıq texniki və təbiət fənlərində, kimya və fizikanın, eyni zamanda geologiyanın müxtəlif sahələrində hiss olunur. Yaşlı müəllimlərin əvəz olunması prosesi buna görə də gec baş verir”.
Ekspert qeyd edir ki, orta məktəbdən fərqli olaraq ali məktəblərdə yaşlı müəllimlərin daha çox təcrübələri olur, onlar tədqiqatçı olurlar. Onlar iş fəaliyyətlərinin böyük hissəsini məhz bu sahənin tədqiqinə həsr edirlər. Bu səbəbdən də ali məktəblərdə orta məktəblərdən fərqli olaraq gənc müəllimlər o qədər də effektiv nəticə vermir.
“Çünki onların arxivlərlə işi, istehsalat təcrübələri o qədər də yüksək səviyyədə olmur. Biz müşahidə edirik ki, yaşı 65-70 olan müəllimlər daha çox elmi tədqiqat apara bilərlər. Biz Azərbaycanda elmin qocalmasını müşahidə edirik. Bu ona görədir ki, elmlə məşğul olanların yaşı çoxdur və onları əvəz edə biləcək gənclər yoxdur. Gənclər hazırda daha çox Scops-da, Devopsients-da məqalələr daxil edə bilirlər. Elemetrik bazadan xəbərləri var, bu sahədə yaxşıdırlar amma biz görə bilirik ki, yaşlı nəsil tədqiqat və kəşflərdə daha aktivdirlər, bir çox ixtiraların müəllifidirlər. Həmçinin elmi işlərdə patent də alıblar. Bu səbəblərdən biz deyə bilmərik ki, bütün yaşlı müəllimlər işdən çıxarılsın. Bu gün Azərbaycanda elm sahəsinə böyük töhvə verən şəxslərin əksəriyyəti yaşlı şəxslərdir”.
Ekspert son olaraq vurğulayıb ki, Amerika Birləşmiş Ştatları və digər inkişaf etmiş ölkələrdə də vəziyyət buna oxşardır. Bir çox ölkələrdə mütəxəssislərin yetişdirilməsində təcrübəsi yüksək olan yaşlı nəslə üstünlük verilir.
Fidan Vəlisoy