Şikayətimiz ondan ibarətdir ki, bizim Nərimanov Tibb Mərkəzinin direktoru Fazil Alməmmədov məcburi şəkildə biz həkimləri növbə ilə 10 günlük Xankəndi xəstəxanasına göndərir. Getmək istəməyən həkimləri işdən azad etməklə və ya könüllü olaraq ərizə yazıb işdən çıxmaqla hədələyirlər. Artıq bizim Tibb Mərkəzindən 1 dəfə bizi 10 günlük Xankəndi xəstəxanasına göndəriblər. İndi növbəti heyəti göndərirlər. Bu proses nə qədər davam edəcək bilmirik.
Teref.az yazır ki, bunu Nərimanov Tibb Mərkəzinin bir qrup qadın həkimləri və tibb işçiləri saytımıza ünvanladıqları şikayət məktubunda yazıblar. Dha sonra xanım tibb işçilərimiz yazırlar:
Xankəndiyə göndərilən həkimlərimizin hamısı ailəli qadınlardır. Artıq hamımızın ailəsində bu məsələ ilə bağlı ciddi problemlər yaşanır.
Biz bir şeyi anlaya bilmirik ki, nəyə görə məhz biz Bakının Nərimanov rayonunda çalışan həkimlər Xankəndi xəstəxanasına ezam olunuruq?
Axı nə üçün biz 180 000 əhalisi olan Bakının mərkəzi rayonlarından biri Nərimanov rayonunun dövlət xəstəxanasının həkimləri evimizdən 400 km uzağda yerləşən Xankəndi xəstəxanasına məcburi şəkildə 10 günlük göndərilirik?
Nə üçün Xankəndinə yaxın rayonlardan olan xəstəxanaların həkimləri yox, Bakı şəhərindən məhz bizim xəstəxananın həkimləri ezam olunur?
Biz hamımız Azərbaycan qadınlarıyıq, bizim ailəmiz var, həyat yoldaşımız var, övladlarımız var. Ailəmizi Bakıda qoyub necə gedə bilərik axı. Belə haqqsızlıq olmaz!
Sizdən çox xahiş edirik, bu məsələni işıqlandırasınız və
TƏBİB, İcbari Sığorta, Nərimanov Tibb Mərkəzi rəhbərlərinə sual ünvanlayasınız ki, onlar öz həyat yoldaşlarına, bacılarına, qız övladlarına, evlərindən 400 km uzaqda yerləşən xəstəxanaya 10 günlük göndərilməsini rəva bilərdilərmi, icazə verərdilərmi?
Teref.az olaraq bizdə təəcüblənirik, axı niyə qadınları Bakıdan Xankəndi xəstəxanasına göndərirlər? Yaxın rayonların xəstəxanalarında bəyəm tibb işçiləri yoxdur? Həqiqətəndə ən azından bu xanım həkim və tibb işçilərinin ailə vəziyyətləri heç kimi maraqlandlrmlır?
Teref.az olaraq TƏBİB, İcbari Sığorta, Nərimanov Tibb Mərkəzi rəhbərlərindən bu məsələyə münasibət bildirəcəklərinə ümid edirik!