Şəfəqə Doğru » Manşet » İran Ermənistanla əməkdaşlıq memorandumu imzaladı

İran Ermənistanla əməkdaşlıq memorandumu imzaladı

İran Ermənistanla əməkdaşlıq memorandumu imzaladı

Tehranda işgüzar səfərdə olan Ermənistanın əmək və sosial məsələlər naziri Narek Mkrtçyan ilə İranın əməkdaşlıq, əmək və sosial təminat naziri Seyid Sulat Mortazavi arasında görüş keçirilib.

 

Shafaqadogru.com xəbər verir ki, bu barədə Ermənistanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

 

Görüş zamanı iki ölkə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

 

İki ölkə arasında əməkdaşlığın gücləndirilməsi və əmək mübadiləsinin gücləndirilməsi məqsədilə tərəflər Anlaşma Memorandumu imzalayıblar. Sənədə əsasən, tərəflər məşğulluğun təmin edilməsi, qeyri-qanuni miqrasiyanın qarşısının alınması və əmək mübadiləsi prosesinin sadələşdirilməsi üçün səyləri birləşdirməyi öhdəsinə götürüblər.

 

Həmçinin, sənayenin müxtəlif sahələrində mövcud vakansiyalarla bağlı mütəmadi məlumat mübadiləsi, eləcə də hər iki ölkədə lazımi peşəkar ixtisasların əldə edilməsi barədə razılıq əldə olunub.

 

Nazir Mkrtçyan Ermənistan və İran arasında ikitərəfli dostluq münasibətlərinin rolunu yüksək qiymətləndirib və əməkdaşlığın yaxın gələcəkdə hər iki ölkənin və xalqın maraqları əsasında inkişaf edəcəyinə əminliyini bildirib.

 

İranlı nazir Seyid Sulat Mortazavi qonşu ölkənin sosial müdafiə sisteminin inkişafı naminə ən yaxşı təcrübə, potensial və imkanları Ermənistan tərəfinə təqdim etməyə hazır olduqlarını bildirib.